“Göyçə aşıq sənəti ənənələri” layihəsinə start verildi
Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Göyçə aşıq sənəti ənənələri” adlı layihənin icrasına başlayıb. Layihənin müddəti 3 ayı əhatə edir. Layihənin əsas məqsədi Göyçə mahalına məxsus aşıq sənətinin zəngin tarixi və mədəni irsinin qorunması, təbliği və inkişafına dəstək verməkdir. Bu təşəbbüs çərçivəsində unikal aşıq ənənələrinin unudulmasının qarşısının alınması, onların gələcək nəsillərə ötürülməsi və gənclər arasında milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi nəzərdə tutulur. Layihə həmçinin gənclərin aşıq sənətinə marağını artırmaq, milli musiqi ənənələrimizin dünya mədəni irsində özünəməxsus yerini tanıtmaq və təbliğ etmək məqsədini daşıyır. Layihənin sonunda gənclərin iştirakı ilə beş tədbirin keçirilməsi planlaşdırılır. Bu tədbirlər vasitəsilə gənclərin milli musiqiyə marağının artırılması, Göyçə aşıq sənətinin nümunələrinin təqdim olunması və aşıq irsinin yaşadılması hədəflənir. Layihə rəhbəri Etibar Məmmədov xüsusi olaraq vurğulayıb ki, “Göyçə aşıq sənəti Azərbaycan mədəniyyətinin ruhunu yaşadan ən dəyərli irs nümunələrindən biridir. Biz bu layihə vasitəsilə həm aşıq sənətinin qorunmasına, həm də gənc nəslin milli köklərə bağlılığının möhkəmlənməsinə töhfə verməyi məqsəd qoymuşuq.” Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyi hesab edir ki, bu layihə vasitəsilə həm gənclərimizin milli dəyərlərə marağı artacaq, həm də Göyçə aşıq sənətinin zəngin ənənələri qorunaraq gələcək nəsillərə ötürüləcək.