"Göz yaşlarını buludların ağlayışı sanardıq" - Aydan Qasımova yazır
Kiçikkən böyüklərin daim şüarına çevrilən bir cümlə vardı, "Böyüyəndə anlayacaqsan" deyə. O zamanlar qəzəblənir, bununla nə demək istədiklərini soruşanda cavablandırmadıqları, cavablandırsalar belə, yetərli dərd olaraq görmədiyimiz üçün göz süzərdik. Çox sadə, çünki qarmaşıq gələrdi ətrafımızda baş verənlər. Bəyaz səhifələrə sığdıra bilməzdik hər şeyi. Daha özümüzü normal tanımazdıq, qaldı ki, ətrafı tam və doğru bir şəkildə anlayaq.
Onsuz da doğru haqqında tam və dəqiq bir şey demək nadirən mümkündür. Hər kəsin bir doğrusu və bu doğrunu yanlış olaraq qəbul edənləri vardır əlbət. Kiçik idik axı, bilmirdik. Göz yaşlarını buludların ağlayışı sanardıq. Qırmızı gözlərlə birlikdə üzüntü göstəricisi olduğunu bilsək belə səbəbi anlamazdıq, axılar dolu idi beynimizdə.
Çox sual verərdik, çox qəzəblənərdik, çox əsəbləşib çox gülərdik.
Böyüdükcə bir şeylər dəyişdi. Xoşbəxtlik dolu yazıların məzmunu, ətrafımızdakı insanlar-qısacası hazırda insanların dilində əzbərə çevrilən o kəlmə-"zəmanə".
Zəmanəmi dəyişdi, yoxsa bizlərmi kobudluğu güc, incəliyi zəiflik, sevgini münasibət olaraq anladıq?
Psixoloq Samirə Bağırova ilə müsahibəmdə "İndiki gənclər demək doğru deyil, çünki hər əsrin fərqli xüsusiyyətləri var" deməkdir.
Necə, hansı əsrdə, niyə belə var oldum demirəm mən. Nə əsrdə günah var, nə də ki təbiətdə. O əsri fərqli edən də elə insanların özləri deyilmi? Bütün bu stereotipləri onlar yaratmayıblarmı? Mentalitet anlayışına nifrətimizə səbəb də elə insanlar olmayıbmı? Nədir bu insanların heç kimin dərdini-kədərini, qəm-qüssəsini bilmədən bütün problemi zamanda görmələri?
Zaman günahkar deyil, zaman anlayışını yaradan da elə bizlərik. Qələmə bulud deyə bilərdik, buluda çeşmək. Hər şey bizlərdən asılıdır və də bu "zəmanəni" dəyişmək. Bir düşünün, necə dəyişəcək bu "zəmanə"ni? Bunu mənim kimi sizlər də bilirsiniz, ilk dəfə eşitmirik. Qlobal problemlərdən betərdir problemimiz çünki.
Aydan Qasımova
