“Əgər Rusiya tərəfi razılığa gələrsə, Ukrayna üçün də mühüm addımlar atıla bilər”- ŞƏRH
Rusiya döyüş meydanında təşəbbüsü itirməyə davam edir və buna görə də müharibənin diplomatik həlli üçün fürsət yaranıb.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə artıq qlobal problemə çevrilir və bu savaşın başlama səbəbi də əslində böyük güclərin marağına uyğun olaraq reallaşıb:
“Odur ki, yenə də həmin güclərin təşəbbüsü olmalıdır. Əslində Rusiya da, Ukrayna da müəyyən zamanlarda sülhə, danışığa, atəşkəsə gəlmək istəyib. Lakin bu müharibənin taleyi əlində olan qüvvələr buna imkan verməyib. Rusiya savaş meydanında təşəbbüsü itirə bilər, lakin bu onun məğlubiyyəti demək deyil. Rusiya əraziləri üçün nüvə silahından da çəkinmədən istifadə edə bilər. Əslində, müharibəyə təhrik edənlər bu təxmini də nəzərə almalıdırlar. Odur ki, Zelenskinin dediyi kimi yaranan fürsətdən maksimum istifadə etmək gərəkdir. Təbii ki, Rusiya tərəfi də üstünlüyün özündə olduğu anda atəşkəsə getmək istəyir. Ancaq bu müharibədir. Bir müddət bir tərəf, müəyyən müddət də digər tərəf üstünlük əldə edir. Diplomatik həll önəmlidir, çünki müharibədən nə Ukrayna nə də Rusiya qazanır. Qazanan Avropa və ABŞ-dir, digər qlobal güclərdir. Hazırkı vəziyyətdə əgər Rusiya tərəfi razılığa gələrsə, Ukrayna üçün də mühüm addımlar atıla bilər. Ümumiyyətlə, diplomatik həll yolu mümkündür və müharibəni davam etdirmək tərəflərdən daha çox başqalarına sərfəlidir. Bu gerçəkliyi əgər Rusiya da dərk etsə şübhəsiz ki, diplomatik yolla savaşı dayandırmağa nail oluna bilər”.
Nurgün Qənizadə