Günümüzdə MMA-ya maraq
Son illərdə idman dünyasında sürətlə yayılan döyüş növlərindən biri MMA-qarışıq döyüş sənətidir. Bu idman növü həm gərginliyi, həm tamaşaçıya verdiyi həyəcanla fərqlənir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında idman eksperti Ağa Dadaşzadə bildirib ki, bir döyüşdə karyera sonlana bilər:
"Ümumiyyətlə, bu döyüş növü məşhurdur və ən çox gəlir gətirən, azarkeş sayına görə öndə gedən idaman növlərindən biridir. Düşünürəm ki, bu idman növü daha da inkişaf edəcək. Görünür ki, bütün dünyada da həm piar baxımından, həm maraq baxımından, həm idmançıların kütləviliyi baxımından günü-gündən inkişaf edir.
Azərbaycanda da zaman-zaman inkişaf edir, yaxşı idmançılarımız üzə çıxır. Ümumiyyətlə, bir idman növünün Azərbaycanda tanınması üçün nəinki, Azərbaycanda, hətta bütün dünyada tanınması üçün idmançıların xaricdə və beynəlxalq arenada uğurlu çıxışları olması vacibdir. Bu minvalda bütün idman növləri inkişaf edir. Yəni fərdi idmançıların çıxışları önəmlidir.
Əslində biz yeniyik və bizə yeni böyük akademiyalar lazımdır, bazalar lazımdır, kütləvi idman nümayəndələri lazımdır ki, kütləviliyə diqqət ayrılsın.
Bütün dünyada olduğu kimi, MMA idman növünün də inkişafında özəl qurumlar, idman təşkilat şirkətləri, idman tədbir təşkilatçılığı ilə məşğul olan şirkətlər daha çox bu işi tanıdırlar, peşəkar səviyyədə aparırlar. Ölkəmizdə də zaman-zaman bu sahədə pay sahibi olan şirkətlər diqqət ayırsa, daha da yaxşı olacaq və Azərbaycanda bundan sonra bu istiqamətdə daha böyük inkişaf olacaq.
MMA döyüşçüsü normal idmançıdır. İlk növbədə, ona lazım olan xarakter, peşəkarlıq, nümunə, tərbiyəvi addımlar. Çünki peşəkar idmançılar tərbiyə cəhətdən, nümunə cəhətdən, disiplin cəhətdən öz adlarından müsbət mənada söz etdirə bilirlər.
Bu idman növündə zədə riski çoxdur. Burada aldığın zədə digər idman növlərindəki zədəyə nisbətən daha ağırdır. Bir döyüşdə karyera sonlana bilər. Amma idmandır, döyüş sənətidir, yəni bunun da müdafiə metodları var. Rəqibin idmançı jestlərinə uyğun addımları var
Bəzən qaydasız döyüş deyirlər, əslində onun öz qaydaları var. Əsil qaydasız döyüş küçə döyüşləridir, çünki onu heç bir federasiya rəsmi qeydiyyata almır. Bu döyüş növünün biraz daha zədə riski çoxdur, digər idman növlərinə nisbətən daha ağır keçir. Məhz bu döyüş növünü fərqləndirən əsas cəhətlərdən bir neçəsi bunlardır. Amma bu döyüşün öz azarkeşiləri var.
Böyük bir kommersiya xarakteri daşıyır. Qısa müddətə böyük pullar əldə etmək olur. Yəni bu istiqamətlərdə digər idman növlərindən fərqlənir".
Samirə Allahverdizadə
