Geni dəyişdirilmiş qidalar: sağlamlıq üçün təhlükə varmı?
Genetiği dəyişdirilmiş orqanizmlər (GMO - genetik modifikasiya olunmuş) genetik mühəndisliyi vasitəsilə laboratoriyada süni şəkildə manipulyasiya edilmiş canlı orqanizmlərdir.
Mövzu ilə bağlı Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova “İnformator.az”a açıqlamasında bildirib ki, insanlarda birbaşa zərərləri tam sübut olunmasa da, allergik reaksiyalar, fərdi həssaslıq və bəzi xəstəliklərin artması ilə əlaqələndirilə bilər:
“Son illərdə geni dəyişdirilmiş və modifikasiya olunmuş orqanizmlər bir çox ölkələrdə yayılıb. Azərbaycan qanunvericiliyinə görə GMO məhsulların satışı, idxalı və istehsalı bir müddət qadağan edilsə də, 2015-ci ildən etibarən müəyyən dəyişikliklər edilib. Bu dəyişikliklərə əsasən, tərkibində qismən GMO olan məhsullara bəzi hallarda icazə verilsə də, onların birbaşa əkilməsi və geniş satışı qadağan olaraq qalır. Kommersiya məqsədli istifadəyə isə hələ də məhdudiyyətlər tətbiq olunur. 2023-cü ildə “Qida təhlükəsizliyi haqqında” qanuna edilən dəyişikliklərə görə, yem məhsullarında GMO tərkibli komponentlərin istifadəsinə icazə verilib. GMO-ların zərərləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hazırda elmi baxımdan ciddi mənfi təsirləri tam sübut olunmadığı üçün bəzi alimlər onların istifadəsini müdafiə edir. Dünyada ən çox geni dəyişdirilmiş məhsullar əsasən soya və qarğıdalıdır. Bu məhsullar xüsusilə qarğıdalı nişastası və soya tərkibli komponentlər şəklində, uzun müddət saxlanıla bilən qablaşdırılmış qidaların tərkibində geniş istifadə olunur. Premium məhsullarda və xüsusilə uşaq qidalarında isə “GMO yoxdur” ifadəsinin qablaşdırma üzərində xüsusi vurğulanması bu məhsulların daha üstün kimi təqdim edildiyini göstərir".
Həmçinin ekspert vurğulayıb ki, gen mühəndisliyi sahəsində sürətli inkişaf davam edir:
“Mövsümdən asılı olmayaraq meyvə-tərəvəzlərin ilboyu mövcud olması, məhsulların davamlılığının artırılması üçün genetik müdaxilələrin tətbiqi ilə əlaqələndirilir. Lakin bu sahədə aparılan bəzi tədqiqatlara baxmayaraq, GMO-ların uzunmüddətli təsirlərini tam sübut edən yekdil elmi nəticələr hələ də mövcud deyil və mövzu mübahisəli olaraq qalır. Tədqiqatlarda göstərilir ki, hər hansı canlıda olmayan xüsusiyyətlər digər canlıya “vektor” adlanan daşıyıcı vasitəsilə ötürülərək yeni növlər yaradıla bilər. Bu isə həmin məhsulların təbii quruluşunun dəyişdirildiyini göstərir. GMO məhsulların yaranması ilkin mərhələdə qlobal aclıq probleminin həlli kimi təqdim olunsa da, əslində qida resurslarının düzgün bölüşdürülməsi, ənənəvi toxumların qorunması və qida israfının qarşısının alınması ilə mövcud ehtiyacların qarşılanmasının mümkün olduğu bildirilir. Nəticə olaraq, GMO məhsulların insan sağlamlığına birbaşa zərəri tam sübut edilməsə də, allergik reaksiyalar, fərdi həssaslıq və bəzi xəstəliklərin artması ehtimalı qalır. Bu səbəbdən, mövzunun tam qiymətləndirilməsi üçün uzunmüddətli elmi araşdırmaların aparılması zəruridir”.

Samirə Allahverdizadə