Gələcəkdə Azərbaycan kəskin su qıtlığı yaşayan ölkəyə çevriləcək?
Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir. Bəs bununla bağlı hansı işlər görülür?
Bu barədə "informator.az"a açıqlamasında ekoloq Rövşən Abbasov bildirib ki, ölkəmizi su ehtiyatları ilə təminat baxımından xarici ölkələrdən asılı ölkəyə çevrilir:
"Azərbaycan aşağı axın ölkəsi kimi su ehtiyatlarının 70%-dən çoxunu xarici ölkələrdən alır. Yalnız 30% su Azərbaycan ərazisində formalaşır. Sanki biz öz ərazimizdə yox, xarici ölkələrin ərazisində formalaşan sulardan asılı vəziyyətə düşürük. Əlbəttə ki, bir tərəfdən iqlim dəyişimləri, digər tərəfdən həm Azərbaycanda, həmdə qonşu ölkələrdə suya olan tələbatın artması Azərbaycana bu ölkələrdən gələn suyun getdikcə azalmasına səbəb olur. Bu isə həm kənd təsərrüfatında, həmdə içməli su sektorunda su çatışmazlığına səbəb olur. Üçüncü iqlim məlumatlarına görə, yaxın 15-20 ildə Azərbaycanın su ehtiyatının daha 15-20%-i bəzi hallarda isə 25-30%-ə qədər azalacağı gözlənilir. Bu isə bizi heçdə yaxşı günlərin gözləmədiyindən xəbər verir. Məhz bu səbəbdən Azərbaycanın su infrastrukturu təcili şəkildə bu məsələlərə adaptasiya olunmalıdır".
Ekoloqun sözlərinə görə, müəyyən tədbirlər görülməsə, gələcəkdə Azərbaycan kəskin su qıtlığı yaşayan ölkəyə çevriləcək, çünki hazırda bizim su infrastrukturu müasir tələblərə cavab vermək gücündə deyil:
"İçməli su sektorunda xüsusilədə kənd təsərrüfatında su itkilərinin qarşısı alınmalıdır. Torpaq kanallar beton kanallarla əvəz olunmalıdır. Köhnə suvarma üsullarından imtina olunmalıdır. Onun əvəzinə suya qənaət etməyə imkan verən texnologiyalara keçid olunmalıdır. Əlbəttə ki, bu istiqamətdə işlər görülür, lakin bu görülən işlər Azərbaycanın su ilə təminatı üçün kifayət deyil. Fermerlərimiz suyu israf edirlər, su çatışmır, götürülən suyun 50%-dən çoxu itkiyə gedir, torpaq kanallarında su itkisinə məruz qalırıq. Bu və ya digər amillər bizi daha da zəiflədir. Ona görədə əsaslı şəkildə iqlim dəyişikliklərinə və gələcəkdə artan su tələbatlarına adaptasiya strategiyaları işlənilməlidir".
Elnarə İslamova
