"Gələcəyimiz olan uşaqların texnologiya əsrində yaşaması ürəkaçan bir haldır"
Texnologiyanın hakim olduğu dövrdə insanlar bir çox üstünlüklərə sahibdir. Texnologiyanın faydaları olduğu kimi çatışmazlıqları da var. Xüsusilə, inkişaf mərhələsində olan uşaqlar üçün həm faydalı, həm də təhlükəli də ola bilər. Texnologiyanın uşaqların həyatında rolu nədən ibarətdir? Bu mövzuda bir neçə valideyn və psixoloq Aynur İsmayılova ilə həmsöhbət olduq.
Günay Quliyeva bildirib ki, texnologiyanın həm mənfi, həm müsbət tərəfləri mövcuddur. "Mənfi cəhəti odur ki, uşaqlar telefondan çox zaman oyun oynamaq üçün istifadə edirlər və nəticədə uşaqların beynində ani donmalar baş verir. Mənim övladlarım oyun oynayan zaman sanki dünyadan uzaqlaşırlar. Bu onlarda aqressiyanın yaranmasına və dərslərdən uzaqlaşmasına səbəb olur. Ancaq biz bunun öhtəsindən gəlməyi bacarmışıq. Uşaqlara həftə sonu yalnız 1 dəfə telefon haqqını veririk. Düşünürəm ki, telefon yerinə asudə vaxtlarını basqa məşğuliyyətlərə sərf edə bilərlər. Əslində, texnologiyanın yaxşı tərəfləri çoxdur. Faydalı cəhətindən bilik və maariflənmə baxımından yeni bacarıqlar əldə edə bilərlər. Sadəcə uşaqlar çox vaxt pis tərəfini seçməyə meyilli olurlar. Əkinə uşaqlar telefona aludə olmadıqları zaman hər şey öz axarında gedir. Dərslərində belə dəyişiklikləri sezmək olur və hər hansı bir kitabı oxuyanda asanlıqla informasiyanı tez qəbul edə bilirlər".
Esmira Məmmədovanın sözlərinə görə, bugünkü texnologiya uşaqların inkişafında, yeni biliklər əldə etməsində böyük dəstəyi olur. "Ancaq mənfi cəhəti odur ki, uşaqlar telefon qarşısında çox vaxt keçirirlər. Bu onların həm əqli, həm də psixoloji cəhətdən inkişafına mənfi təsir edir" .
İradə Musayeva qeyd edib ki, günümüzdə texnoloji vasitələrin rolu həm böyüklərin, həm kiçilərin həyatında böyük rol oynayır. "Uşaqların həyatında olan roluna nəzər salmalı olsaq, təhsilin kurrikulum sisteminə keçməsi ilə texnoloji vasitələrdən istifadənin artması və böyüklərində aktiv şəkildə istifadə etdiyi üçün uşaqları bundan məhrum etmək mümkün deyil. Texnoloji vasitələr uşaqlara həm mənfi, həm də müsbət təsirləri ola bilər. Düzgün şəkildə istifadə edilən zaman uşaqların dünyagörüşünün artmasına, yeni bilik və bacarıqlar əldə edir, hətta rəqslər və oyunlar vasitəsilə əyləncəli vaxt keçirə bilərlər. Təəssüf ki, bəzən düzgün istifadə edilmədiyi və valideyn nəzarəti olmadığı zaman uşaqların həyatında və zehnində mənfi yöndə dəyişikliklər ola bilər. Məlumdur ki, uşaqların beyni böyüklərə nisbətən daha tez informasiyanı qəbul edərək kodlaşdırır və əldə etdiyi informasiya istiqamətində yaşamağa başlayır. Günümüzdə uşaqlarımızın baxdığı hər hansı mənfi videolar, oyunlar və ya dinlədiyi monoloqlar gələcəkdə şəxsiyyət kimi formalaşmasına belə təsir edə bilər. Bu baxımdan texnoloji vasitələrin düzgün istifadə edildiyi təqdirdə lehinəyəm. Bunun üçün valideyn nəzarəti olmalıdır və valideyn uşaqların izləyə biləcəyi proqramları özü tənzimləməlidir".
Nərminə Babayeva vurğulayıb ki, günümüzdə texnoloji vasitələrdən istifadə artıq həyatımızın bir parçasına çevrilibdir. "Texnoloji vasitələrdən istifadə edən uşaqların yaşı kiçik olsa da, lakin gün keçdikcə istifadə edənlərin sayı artır. Azyaşlı uşaqların mobil telefonlardan istifadə etməsi günümüzün ən problemli məsələlərindən biridir. Uşaqlar diqqətlərini telefona yönəldən zaman vaxt aşırı yeməkdən imtina edirlər, diqqət pozğunluğu, iştahsızlıq yaranır. Nəticədə, aqressiyanın yaranmasına və sevgidən uzaq qalmalarına səbəb olur. Texnologiyanın bir çox üstünlükləri kitablar ilə müqayisədə yeni bilik və bacarıqlar əldə etməsində daha effektiv rol oynayır. Lakin texnoloji vasitələr böyüklər tərəfindən düzgün istifadə edilərsə, gələcək nəslin inkişafında müsbət təsir verə bilər".
Psixoloq deyir ki, gələcəyimiz olan uşaqların texnologiya əsrində yaşaması ürəkaçan bir haldır. “Texnologiyalar uşaqların dünyagörüşünün artmasına səbəb olur. Bu müsbət haldır. Amma həddindən artıq çox texnologiyalarda: televizorda, telefonda olan oyunlardan, cizgi filmlərdən çox istifadə etmək uşaqların dünyagörüşünü artırmaqla bərabər, uşağın diqqətini pozur. Yəni diqqət əskikliyi yaranır və artır. Xüsusilə, diqqət əskikliyi yeniyetmələrdə müşahidə olunur. Bu da daha çox texnologiyalardan, sosial şəbəkələrdən istifadə etməkdən asılıdır”.
Aynur İsmayılova qeyd edir ki, texnologiyanın sürətli olub, həyatda heç bir şeyin sürətli getmədiyindən uşaqlarda çaşqınlıq yaranmağa başlayır. Texnologiyada düymə, sensor nəticəsində sürətlilik olduğu halda, həyatda bir hadisənin olması, bir situasiyasının başlanması o qədər də sürətli deyil. Ona görə də bu uşaqlara mənfi təsir edir.
Fatimə Mustafayeva
Sayad Qoşnalıyeva
