Gələn il 25 minə yaxın müəllim sertifikasiyaya cəlb olunacaq
2026-cı ildə təxminən 25 min müəllim sertifikasiya prosesinə cəlb olunacaq. Bu barədə elm və təhsil naziri Emin Əmrullayev bildirib. Nazirin sözlərinə görə, indiyə qədər 84 min müəllim sertifikasiyadan keçib, 73 min müəllimin əməkhaqqısına əlavə tətbiq olunub. Növbəti ildə əlavə üçün təxminən 213 milyon manat vəsait nəzərdə tutulur. Sertifikasiya müəllimlərin peşəkarlığını artırmaq və təhsil keyfiyyətini yüksəltmək məqsədi daşıyır.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Vüsət Əzizov bildirib ki, Azərbaycanın təhsil sistemində sertifikasiya prosesi 2022-ci ildə tətbiq edilməyə başlanıb:
"Bu prosesin də mahiyyəti ondan ibarətdir ki, orta məktəblərdə çalışan müəllimlərin bilik və bacarıqlarının yoxlanılması və onların peşə fəaliyyətinə yararlığını müəyyən edilsin və imtahan nəticəsinə əsasən 51 və yuxarı bal toplayan müəllimlərin maaşına 35 faiz artım, 30-50 bal aralığında bal toplayanlar üçün 10 faiz artım nəzərdə tutulub. 2022–2025-ci illərdə 84 minə yaxın müəllim bu mərhələyə cəlb olunub. Bu prosesdən uğurla keçən 49 mindən çox müəllimin əməkhaqqına 10%, 24 mindən çox müəllimin isə əməkhaqqına 35% əlavə tətbiq edilib. Təbii ki, əmək haqlarında artımların olması müəllimlərin sosial rifahının nisbətən yüksəlməsinə müsbət təsir göstərir.
2026-cı ildə tarix, texnologiya, musiqi, təsviri incəsənət və fiziki tərbiyə fənləri üzrə dərs keçən fənn müəllimləri sertifikasiya imtahanına cəlb olunacaq. Eyni zamanda 2027-ci ildə sertifikatlaşdırmanın ikinci mərhələsi başlayacaq. 2022-ci ildə ilk dəfə sertifikatlaşdırmadan keçmiş müəllimlər 2027-ci ildən etibarən növbəti mərhələyə - ikinci dövrə sertifikatlaşdırmaya cəlb olunacaqlar. Aydın məsələdir ki, sertifikasiya imtahanına cəlb olunacaq müəllimlərin sayının çox olması dövlət büdcəsinə əlavə yük sayıla bilər. Qeyd edim ki, 2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur.
Əgər təhsilin keyfiyyətinin yüksəldilməsini istəyiriksə orta məktəblərdə dərs keçən müəllimlərimizdən daha yüksək standartlar tələb etməliyik. Müəllimlərin işə qəbulu imtahanında kifayət qədər yüksək nəticə göstərən müəllimlərimiz var və bu şəxslərin sayının çox olması öz növbəsində də təhsil alanların da keyfiyyətətli təhsil ilə təmin olması deməkdir. Hər bir halda keyfiyyətli təhsil müəllimlərin peşəkarlıq səviyyəsindən birbaşa asılıdır.
Eyni zamanda ibtidai təhsildə keyfiyyət göstəricilərinin artırılması əsas hədəflərdəndir və aydındır ki, ibtidai təhsildə olan problemləri həll edərək digər təhsil pillələrində də yüksək nəticələr əldə etmək olar. Bir mühüm faktoru qeyd etmək lazımdır ki, təhsildə keyfiyyəti formalaşdıran əsas amillərdən biri müəllimin peşəkarlığıdırsa, digər vacib amil isə ailə mühitinin roludur. Çünki uşağın təhsilə münasibətinin formalaşmasında ailə və ev mühiti də mühüm rol oynayır. Bu iki amil üzərində əhəmiyyətli işlər görülməlidir".
Aişə Mustafayeva
