"Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin hesabat görüşü
"Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyi 2025-ci il ərzində həyata keçirdiyi layihə və təşəbbüslərin yekunlarını ictimaiyyətə təqdim edib.
"Bu mövsüm klubumuzda ən yaddaqalan nailiyyət Beynəlxalq yarışda iştirakı idi. Yarış Türkiyənin Ankara şəhərində idi və yarışın tam adı Başkənd Qramfonu idi".
Bu sözləri "Gənc Peşəkar Velosipedçilər Klubu" İctimai Birliyinin təsisçici, təşkilatın sədri Vüqar Salahov "İnformator.az"a açıqlamasında deyib. O qeyd edib ki, biz bu yarışda 4 nəfərlə təmsil olunduq:
"Komandamızın 1 üzvü həm öz kateqoriyasında, həm də ümumi kateqoriyada Çempion olub. Burada 2 medal qazanılıb. Həm öz yaş qrupuna görə, həm də ümumi nəticəyə görə çempion olub. Bu bizim ən gözəl nəticəmiz olub. Digər böyük nailiyyət kimi Qarabağdakı yürüşü deyə bilərəm. Yürüş Ağdamdan Xankəndinə kimi idi. Bu, həm tarixi, həm də mənəvi baxımdan klubumuz üçün çox dəyərli, əziz idi. Çünki Qarabağ torpaqlarında ilk dəfə idi ki, belə yürüş olurdu. Düzdür, başqa yarış olub. Ancaq işğaldan azad olunandan sonra ilk dəfə idi ki, belə bir yürüş olunub. 100-ə yaxın idmançı iştirakı ilə orada həqiqətən həm qürurverici, həm də çox maraqlı yürüşümüz baş tutub".
Müsahibimizin sözlərinə görə, klubumuz və komandamız üçün ən şərəfli yürüşlərdən biri məhz Qarabağdakı yürüş idi:
"Biz yayda, hər həftə, demək olar, həftədə 3-4 dəfə yürüşlər keçiririk. Mütəmadi olaraq gənclər müraciət edib qoşulurlar və müraciət edənlər həqiqətən çoxdur. Sadəcə bəzilərinin öz velosipedi olmur. Biz təşkilat olaraq velosipedləri özümüz vermirik deyə, hər kəsin özündə olur. Ona görə velosipedsiz müraciət edənlər çox olur. Amma velosipedi olanlar da kifayət qədər olur. Yay vaxtı, yəni artıq rahat şəkildə velosiped sürüləcək vaxtda bəzən 50, 60 nəfər oluruq. Ümumiyyətlə, klubumuzun qeydiyyatından keçən artıq 300-ə yaxın üzvü var. Amma yürüşlərə bir dəfəyə 50 nəfər qoşulur. Hansısa bir tədbir olanda isə bəzən 100 nəfər də oluruq. Belə yürüşlərimiz də olub. Məsələn, Xankəndi kimi yürüşə daha çox qoşulmaq istəyənlər var idi. Təəssüf ki, yer məhdud olduğundan yalnız 50 nəfər qoşula bilib".
Müsahibimiz son olaraq, təşkilatın gələcək illərdə də mütəmadi maraqlı yürüşləri təşkil edəcəyini, bir sıra planlarının olduğunu qeyd edib:
"Bizim müəyyən hədəflərimiz var. Fevral ayında baş tutacaq açıqlamada hər birini detallı qeyd edəcəyik. Əsas istiqamətimiz həm sağlam həyat tərzini təbliğ etmək, həm də gənclərə vətənpərvərliyi aşılamaqdır. Şəhid ailələri, az imkanlı insanlara dəstək olmaq kimi bir proyektimiz də var. İnşallah, bu il saydığım üç istiqamətdə çalışacağıq ki, fəaliyyətimizi möhkəmləndirək, işləyək".
Zəhra Möhübbətova
