Gənclər arasında hörmət anlayışının dəyişməsi
Cəmiyyətdə hörmət anlayışı hər dövrdə fərqli formada qəbul edilib. Müasir dövrdə isə sosial şəbəkələr, azad ünsiyyət mühiti və yeni dəyərlər gənclərin hörmət anlayışına yeni çalarlar qatıb. Əvvəllər yaşa və mövqeyə əsaslanan hörmət indi daha çox qarşılıqlı münasibət və fərdi yanaşma üzərində qurulur. Bu dəyişiklik bəzi hallarda anlaşılmazlıqlara və nəsillərarası ziddiyyətlərə səbəb olur.
Mövzu ilə bağlı psixoloq Zeynəb Məmmədova "İnformator.az" saytına açıqlamasında bildirib ki, hörmət anlayışı hər dövrə görə dəyişir:
"Hörmət anlayışı əvvəlki dövrlərlə müqayisədə formaca və ifadə tərzinə görə dəyişib. Keçmişdə hörmət daha çox səssizlik, itaət və yaşca böyük olana sözsüz tabeçilik kimi başa düşülürdüsə, bu gün fikir bildirmək, fərqli mövqeyi açıq demək hörmətsizlik sayılmır. Müasir dövrdə hörmət qarşılıqlı anlaşma, şəxsi sərhədlərə riayət və fərdin seçiminə sayğı kimi qəbul olunur. Bu dəyişiklik bəzən nəsillər arasında yanlış anlaşmalara səbəb olur.
Sosial şəbəkələr gənclərin davranışına güclü təsir göstərir. Virtual mühitdə sərbəst ünsiyyət, anonimlik və sürətli reaksiya imkanı real həyatda da davranışlara sirayət edir. Gənclər fikirlərini daha rahat və bəzən sərt formada ifadə edir, bu isə yaşlı nəsil tərəfindən hörmətsizlik kimi dəyərləndirilə bilir. Eyni zamanda sosial şəbəkələr gənclərə özünüifadə, məlumatlanma və sosial mövqe qazanmaq üçün geniş imkanlar yaradır.
Yaşa görə hörmət prinsipi bu gün əvvəlki kimi mütləq xarakter daşımır. Bir çox gənc hörməti yalnız yaşla deyil, davranış, dünyagörüşü və münasibətlə əlaqələndirir. Bununla belə, cəmiyyətimizdə yaşlılara ehtiram hələ də mənəvi dəyər kimi qorunur. Problem ondadır ki, yaşa görə avtomatik hörmət gözləntisi bəzən qarşılıqlı anlayış olmadan tələb edilir.
Azadlıq və hörmətsizlik arasındakı sərhəd başqasının hüquq və ləyaqətinin pozulduğu nöqtədə keçir. Fikrini açıq demək azadlıqdır, lakin təhqir etmək, alçaltmaq və ya qarşı tərəfi dinləməmək hörmətsizlikdir. Azadlıq məsuliyyətlə müşayiət olunmadıqda, cəmiyyət daxilində gərginlik və qarşıdurma yaradır.
Nəsillərarası anlaşmanı bərpa etmək üçün dialoq əsas şərtdir. Yaşlılar gənclərin dəyişən dünyasını anlamağa çalışmalı, gənclər isə keçmiş dəyərlərə hörmətlə yanaşmalıdır. Ailədə açıq ünsiyyət, məktəbdə dəyər və etik davranış mövzularının gücləndirilməsi, mediada nəsilləri yaxınlaşdıran müsbət nümunələrin təqdim olunması bu anlaşmanı möhkəmləndirə bilər. Qarşılıqlı empati və dinləmə mədəniyyəti olmadan nəsillər arasında körpü qurmaq mümkün deyil".
Ayisə Şərifova
