Gənclər arasında xərçəngin sürətlə yayılması narahatlıq doğurur
Son illər gənclər arasında xərçəng xəstəliyinə yoluxma hallarının artması ciddi narahatlıq doğurur. Əvvəllər əsasən yaşlı əhali qrupunda rast gəlinən bu xəstəlik indi 20–40 yaş aralığında daha tez-tez qeydə alınır. Mütəxəssislər bildirir ki, həyat tərzindəki dəyişikliklər, stress, qidalanma vərdişləri və ekoloji faktorlar bu tendensiyanı daha da sürətləndirir.
Mövzu ilə bağlı professor Adil Qeybulla “İnformator.az”a açıqlamasında bildirib ki, xərçəng xəstəliklərinin artım dinamikası yalnız gənclərlə məhdudlaşmır və bu proses bütün yaş kateqoriyalarını əhatə edir:
“Xərçəngin artma dinamikası təkcə gənclər arasında deyil, bütün yaş qrupları üzrə müşahidə olunur. Hətta uşaqlar arasında da bu artım nəzərə çarpır. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunan qlobal tendensiyadır. Xüsusilə də koronavirus pandemiyasından sonra xərçəng xəstəliklərinin statistikasında artım qeydə alınıb və bu faktor da ümumi göstəricilərə təsir göstərib. Xərçəngin yaranma səbəbləri çoxşaxəlidir və tək bir amillə izah olunmur. Xərçəngin səbəbləri çoxdur. Burada ekoloji amillər, endogen və ekzogen faktorlar, orqanizmin daxili pozuntuları rol oynayır. Xərçəng mahiyyət etibarilə orqanizmdə nəzarətdən çıxmış hüceyrə inkişafıdır. Bu prosesə viruslar, xroniki xəstəliklər, xarici mühit təsirləri, radiasiya, kanserogen maddələr və digər faktorlar təsir göstərə bilər. Müasir həyat tərzi xərçəng riskinin artmasında xüsusi rol oynayır. İnsanların həyat tərzi bu xəstəliyin yaranmasında əsas faktorlardan biridir. Həddindən artıq qidalanma, fiziki aktivliyin az olması, maddələr mübadiləsi pozuntuları, şəkərli diabet, siqaret və qəlyan istifadəsi, spirtli içkilərin həddindən artıq qəbulu immun sistemini zəiflədir. Zəif immun sistem isə xərçəng xəstəliklərinə yol açan əsas mexanizmlərdən biridir”.
Professor vurğulayıb ki, genetika xərçəngin yaranmasında rol oynasa da, bu faktor həlledici deyil:
“Bəli, xərçəng genetik faktorlarla və gen mutasiyaları ilə əlaqəlidir. Amma bütün xərçəng xəstəlikləri genetik mənşəli deyil. Burada qazanılmış faktorların, yəni həyat boyu formalaşan risklərin də böyük rolu var. İnsan nə qədər sağlam həyat tərzi sürsə, xərçəngə tutulma ehtimalı da bir o qədər azalır. Xərçənglə bağlı cəmiyyətdə yanlış təsəvvürlərin olduğunu da qeyd edib. Xərçəng infeksion xəstəlik deyil, yəni yoluxucu xarakter daşımır. Bundan əlavə, xərçəng tək bir xəstəlik deyil. Onun çoxsaylı növləri var. Müxtəlif orqan və toxumalarda, qanda yaranan formaları mövcuddur. Hər növün dərəcəsi, gedişatı və proqnozu da fərqlidir. Xərçəngin erkən mərhələdə aşkar olunmasını çətinləşdirən əsas məqamlardan biri ilkin əlamətlərin spesifik olmamasıdır. Xərçəngin prediktorları, yəni əvvəlcədən bədəndə bu xəstəliyin mövcudluğunu göstərə bilən əlamətlər var. Amma təəssüf ki, bu əlamətlər patoqnomonik deyil, yəni konkret olaraq xərçəngi göstərmir. Məhz buna görə də erkən mərhələdə diaqnoz çox vaxt gecikir. Mütəmadi tibbi müayinələr, sağlam həyat tərzi və risk faktorlarından uzaq durmaq xərçənglə mübarizədə ən effektiv yollardan biridir”.
Ayşə Müzəfərli
