Gənclərin qeyri-rəsmi sektora yönəlməsi narahatlıq doğurur
Son illər gənclər arasında kölgə iqtisadiyyatına cəlb olunma halları artmaqdadır. Bu vəziyyət təkcə fərdi deyil, həm də cəmiyyət üçün ciddi iqtisadi və sosial risklər yarada bilir.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin mətbuat katibi Fazil Talıblı "İnformator.az"a açıqlamasında bildirib ki, işçi ilə əmək müqaviləsi bağlamadan, onunla qeyri-formal əmək münasibətləri quran işəgötürən bununla vergi və məcburi dövlət sosial sığorta ödəmələrindən yayınmaq məqsədi güdür:
"Bu gün qeyri-formal məşğulluq inkişaf səviyyəsindən asılı olmayaraq bütün dünya ölkələrində mövcuddur. Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. İşçi ilə əmək müqaviləsi bağlamadan, onunla qeyri-formal əmək münasibətləri quran işəgötürən bununla vergi və məcburi dövlət sosial sığorta ödəmələrindən yayınmaq məqsədi güdür. Lakin belə hallar, yəni qeyri-formal məşğulluq işçini onların sosial sığorta sistemindən kənarda qoyur, nəticədə əmək və sosial müdafiə, o cümlədən gələcək pensiya təminatı, həyat və sağlamlığının mühafizəsini təmin edən əmək şəraitində çalışmaq hüquqlarından məhrum edir. Qeyri-formal məşğulluğa cəlb edilən işçi üçün sağlam və təhlükəsiz əmək şəraiti də yaradılmır".
Müsahib qeyd edib ki, əmək münasibətlərinə cəlb etdiyi hər bir işçi ilə əmək müqaviləsini bağlamaq qanunvericiliyə əsasən, işəgötürənin əsas vəzifələrindən biridir:
" İşəgötürən işçi ilə əmək müqaviləsini bağlamaqdan imtina edə bilməz. İşçi ilə əmək müqaviləsinin bağlanmaması işəgötürən üçün məsuliyyət yaradır. Ölkədə formal məşğulluğun təşviq edilməsi, qeyri-formal məşğulluğun qarşısının alınması üçün məqsədyönlü tədbirlər görülüb. İşçilərlə əmək müqaviləsi əvəzinə mülki-hüquqi müqavilələrin bağlanmasının qarşısının alınması, formal məşğulluğa keçidi stimullaşdıran bir sıra tədbirlərin görülməsi, əmək və məşğulluq sahəsində elektron qaydada aşkar edilmiş qanun pozuntularına dair məhz elektron qaydada protokol və qərarların tərtib edilməsi və s. bu sahədə aparılan işlərin əsas istiqamətlərindəndir".
Eyni zamanda, Fazil Talıblı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi son illər bu sahədə ardıcıl təbliğat-maarifləndirmə işləri aparır:
"Əmək müqaviləsinin üstünlükləri və qeyri-formal məşğulluğun mənfi nəticələri barədə, habelə əmək müqavilələrinin sayının mütəmadi artımı ilə bağlı məlumatlar, qrafik və kreativ reklamlar, qısametrajlı sənədli filmlər, posterlər, bukletlər, müsahibələr və s. hazırlanaraq mediada geniş yayımı təmin olunub. Görülən kompleks tədbirlər, habelə məşğulluq imkanlarının artırılması nəticəsində 2018–2025-ci illərdə əmək müqavilələrinin sayı 45% (595 min) artaraq 1 mln. 905 minə çatıb".
Sosioloq Yusif Nəbiyev gənclərin qeyri-rəsmi sektora yönəlməsinin əsas sosial səbəbləri barədə "İnformator.az"a aydınlıq gətirib. O bildirib ki, bu sahəyə yönəlmənin əsas səbəblərindən biri əmək bazarının şəffaf olmaması və gənclər üçün uyğun rəsmi iş imkanlarının azlığıdır:
"Azərbaycanda insanların kölgə iqtisadiyyatına yönəlməsinin bir çox sosial və struktur səbəbləri var. Əsas amillərdən biri əmək bazarının şəffaf olmaması və gənclər üçün uyğun rəsmi iş imkanlarının azlığıdır. Gənc ali təhsilli işçilər rəsmi sektorda uyğun maaş və yüksəliş imkanlarını tapmadıqda, ya şəxsi biznesə ya da qeyri-rəsmi muzdlu işlərə yönəlirlər. Hazırda sosial şəbəkələr sayəsində bu tip iş imkanları sürətlə yayıla bilir, çünki tanışlıq və əlaqələrin referansı, tövsiyəsi vasitəsilə gəlir qazanmaq daha sürətli və etibarlı görünür. Kölgə iqtisadiyyatında çalışan gənclərin gələcək sosial statusu isə məhduddur və uzunmüddətli perspektivdə risklidir. Məsələn, rəsmi sənədli iş təcrübəsi və pensiya haqqı olmayan gənclər əmək bazarında problemlərlə qarşılaşa bilərlər ki, bu da həm sosial sabitliyə həm də onların fərdi peşəkar yüksəlişlərinə mənfi təsir göstərir".
Müsahib bildirib ki, bu reallıqdır ki, rəsmi sistemdən kənarda qalan fərdlərin status imkanları və imtiyazları daralır və nəticədə cəmiyyət içində sosial mövqeləri zəifləyir:
"Kölgə iqtisadiyyatın genişlənməsi sosial bərabərsizliyi də dərinləşdirir. Məsələn, şəhərdə restoran və ya kiçik xidmət sektorunda qeyri-rəsmi işləyən gənclər ilə rəsmi sektorlarda işləyən gənclərin gəlir və imtiyazları, eləcə də hüquqları arasındakı fərq böyüyür. Bu fərq həm cəmiyyətdə nisbi məhrumluq hissi yaradır, həm də iqtisadi qeyri-sabitlik yaradır. Gənclər özlərini rəsmi sektorda işləyən həmyaşıdları ilə müqayisə etdikdə narazılıq və stress hiss edə bilirlər ki, bu da öz növbəsində uzunmüddətli sosial problemlərə yol açır".
Psixoloq Sevinc Həbibova "İnformator.az"a qeyri-rəsmi sektora yönələn gənclərdə yaranan psixoloji təsirlərdən danışıb:
"Ümumiyyətlə, cəmiyyətə tam inteqrasiya olunmayan gənclər müəyyən çətinliklərlə üzləşə bilərlər. Rəsmi iş təcrübəsinin olmaması, daim qeyri-sabit və gizli şəraitdə çalışmaq onların özünə güvənini zəiflədir, sosial əlaqələrini məhdudlaşdırır və özlərini dəyərsiz hiss etmələrinə səbəb olur. Gənclər üçün bu, qısa müddətdə çıxış yolu kimi görünsə də, uzunmüddətli perspektivdə onların psixoloji rifahına, sosial inkişafına və cəmiyyətin ümumi iqtisadi sabitliyinə ciddi mənfi təsirlər göstərir. Buna görə də gənclərin rəsmi və təhlükəsiz məşğulluğa cəlb olunması prioritet məsələ olmalıdır".
Psixoloq qeyd edib ki, rəsmi müqavilə, sosial sığorta və əmək hüquqlarından məhrum olan gənclər özlərini qorunmamış və risk altında hiss edirlər. Bu isə onların təhsil, karyera, ailə və maddi sabitlik kimi uzunmüddətli planlar qurmasına mane olur:
"Belə bir qeyri-müəyyənlik, narahatlıq və inamsızlıq gənclərdə psixoloji gərginlik yaradır. Eyni zamanda, işə başlayan gənclərin ailə qurmaq, arzu və hədəflərinə çatmaq istəkləri bu uyğunsuzluqlar səbəbindən ciddi şəkildə zədələnə bilər. Ona görə də, gənclərin rəsmi iş mühitinə inteqrasiyası həm fərdi, həm də ictimai inkişaf baxımından vacibdir".
Səmayə Səftərova
