Gənclərin şahmat sevgisi: Əyləncə, yarış və zehni inkişaf
Bu gün şahmat gənclər arasında həm maraq doğuran, həm də rəqəmsal dövrdə diqqəti üzərində saxlamağı çətinləşdirən idman növlərindən biridir. Bəziləri üçün şahmat düşünmə qabiliyyətini gücləndirən sevimli məşğuliyyət olaraq qalırsa, digərləri sosial media və mobil oyunlar səbəbindən oyundan uzaqlaşırlar. Məsələnin mahiyyətini anlamaq üçün gənclərin düşüncələrinə və müəllimlərin müşahidələrinə nəzər salmaq vacibdir.
Mövzu ilə bağlı “İnformator.az” şahmatla məşğul olan uşaqların və peşəkarların fikirlərini öyrənib.
Şahmata böyük marağı olanlardan da biri ibtidai sinif şagirdi Hüseyn Mirzəlidir:
O, şahmata uşaq yaşlarından başladığını və cizgi filmlərində görüb həvəsləndiyini bildirib.
Onun dediyinə görə, evlərinin yanında şahmat kursu olub. Bu da Hüseyndə maraq yaradıb. Nəticədə, valideynlərinin icazəsi ilə şahmat kursuna yazılıb.
Saytımıza danışan digər həvəskar isə ibtidai sinif şagirdi Vaqif Yadigarovdur. O da həvəskar oyunçulardandır. Lakin bəzən mobil telefonla çox oynadığı üçün şahmata vaxt ayıra bilmədiyindən heyfsilənir.
Digər şahmat həvəskarı Nəriman Xeyrxəbərli isə oyuna daha çox əyləncə kimi yanaşdığını qeyd edib. Onun üçün şahmat çox maraqlıdır. Evdə və ya çöldə dostları ilə oymağı çox sevir, hətta bir neçə dəfə yarışlarda iştirak edərək yer də tutub.
Şahmat müəllimi Ülkər Umudova isə son illərdə şahmata marağın əhəmiyyətli dərəcədə artdığını qeyd edib:
“Son illər uşaqlar və gənclər arasında şahmata maraq nəzərəçarpacaq dərəcədə yüksəlib. Valideynlər şahmatı artıq təkcə çempionluq üçün deyil, zehni inkişaf üçün faydalı fəaliyyət kimi seçirlər. Xarici universitetlərə qəbul zamanı portfolionun önəmi artdığı üçün, gənclər şahmat nailiyyətlərini əlavə üstünlük kimi istifadə edirlər. Bundan əlavə, məktəb, universitetlərdə şahmat klublarının çoxalması və universitetlərarası yarışların ənənəyə çevrilməsi marağı artıran əsas səbəblərdəndir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Nazim Xeyrxəbərli
