Gömrük bəyannaməsində yeni qaydalar: şəffaflıq və operativlik
Azərbaycanda gömrük sərhədindən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydasında dəyişiklik olunub.
Yeni qaydalar gömrük prosedurlarının daha müasir və şəffaf həyata keçirilməsini, həmçinin malların və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesinin təkmilləşdirilməsini nəzərdə tutur.
Dövlət Gömrük Komitəsindən “İnformator.az”a verilən məlumata görə, əsas məqsədi prosedurların təkmilləşdirilməsi, elektron xidmət imkanlarının genişləndirilməsi və vətəndaşlar üçün gömrük rəsmiləşdirilməsi prosesinin daha rahat və çevik şəkildə həyata keçirilməsidir.
"Xüsusilə elektron ticarət platformalarından şəxsi istifadə məqsədilə alınan malların bəyan edilməsi ilə bağlı yeni imkanların yaradılması bu baxımdan mühüm əhəmiyyət daşıyır. Müşayiət olunan və müşayiət olunmayan baqajla gətirilən mallar üçün fərqli sadələşdirilmiş bəyannamə formalarının müəyyən edilməsi vətəndaşların malların daşınma formasına uyğun daha rahat şəkildə bəyanetmə imkanlarından istifadəsinə şərait yaradacaq".
Açıqlamada o da bildirilir ki, elektron xidmətlərin genişləndirilməsi vaxt itkisini azaltmaqla həm vətəndaşların, həm də sahibkarların gömrük rəsmiləşdirilməsi prosesini daha operativ həyata keçirməsinə imkan verəcək.
"Bu dəyişikliklər eyni zamanda gömrük nəzarətində şəffaflığın artırılmasına da mühüm töhfə verə bilər. Məlumatların daha dəqiq və sistemli şəkildə təqdim olunması risklərin daha səmərəli idarə edilməsinə, gömrük nəzarətinin düzgün təşkilinə və rəsmiləşdirilmə, prosesinin sürətləndirilməsinə imkan yaradacaq".
Ümumilikdə, yeni qaydaların tətbiqi xidmət keyfiyyətinin və vətəndaş məmnunluğunun yüksəlməsinə müsbət təsir göstərə bilər. Qeyd edək ki, qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minəcək.
Aişə Mustafayeva