00:00:00
Yazar
Admin User
17.10.2025 17:52 198 5 dəq oxuma
Maraqlı

Graffiti və küçə sənətinin gizli mesajları

Graffiti və küçə sənətinin gizli mesajları

Küçə sənəti yalnız divarlara çəkilən şəkillər deyil: o, cəmiyyətin gizli dili, etirazı və yaradıcılığın açıq ifadəsidir. Graffiti və digər küçə sənəti formaları, fərdlərin duyğularını, sosial mesajlarını və ictimai problemlərə baxışlarını birbaşa insanlarla paylaşmaq üçün bir vasitədir. Hər rəng, hər xətt və hər simvol bir hekayə danışır bəzən isə yalnız onu bilənlər üçün.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında sənətşünas Sədaqət Zaurqızı bildirib ki,Street art (küçə sənəti)müasir urbanist incəsənətin bir növüdür:

 

"Doğrusu, qeyd etmək lazımdır ki, küçə sənəti, əslində, insanın yaranışı ilə bərabər mövcuddur. İbtidai cəmiyyətdə yaradıcılıq mağara rəsmləri şəklində özünü göstərirdi. Daha sonra, artıq sivilizasiyalı cəmiyyətlərdə (Qədim Roma, Yunanıstan, Misir və s.) insanlar öz fikirlərini divarlara yazılar vasitəsilə ifadə etməyə başlayıblar. Bu yazılar arasında reklam elanları, sevgi etirafları, siyasi düşüncələrin ifadəsi və digər mesajlar olub. Küçə sənəti, bu gün bizim tanıdığımız formada, ehtimal ki, İkinci Dünya Müharibəsi dövründə yaranıb. İlk nümunə kimi “Kilroy was here” (“Kilroy buradaydı”) yazısının meydana gəlməsi qəbul olunur. Bu yazını, ehtimal edilir ki, ABŞ-nin Detroit şəhərində bomba istehsal edən zavodda işləyən bir Kilroy adlı şəxs yazıb. Əvvəlcə bu yazı həmin zavodda istehsal olunan bombaların yeşiklərində görünməyə başlayıb. Daha sonra yazıya rəsim əlavə olunub və bu ifadə amerikalı əsgərlərin sayəsində dünyanın müxtəlif yerlərində yayılıb. Buna baxmayaraq, bu fəaliyyətlə bağlı mübahisələr səngimir, çünki bir çox insanlar küçə sənətini vandalizm aktı hesab edirlər. Amma, görəsən, bu, doğrudanmı belədir? Bu gün rəssamlıq aktiv şəkildə muzeylərin hüdudlarından kənara çıxır -küçə sənəti (street art) şəhər mühitinə uğurla inteqrasiya olunan müasir bədii ifadə forması hesab olunur. Bununla belə, dünyanın bir çox ölkəsində başqasına məxsus əmlak üzərinə icazəsiz qraffiti çəkmək hələ də vandalizm kimi qiymətləndirilir və qanunla cəzalandırılır. Lakin belə bir məqamı da unutmamalıyıq ki, əvvəllər küçə rəssamlarını yeraltı submədəniyyətlərin üzvləri hesab edirdilərsə, indi onları getdikcə daha çox peşəkar sənətkarlar kimi qəbul edirlər. Bu baxımdan da küçə sənəti və qraffitini sadəcə vizual bədii ifadə kimi deyil həm də cəmiyyətin görünməyən gündəliyi, gizli jurnalı hesab etmək olar. Çünki onlar divarlarda, körpülərdə və metro keçidlərində birbaşa insanların diqqətinə çatdırılan sosial və emosional mesajları ehtiva edir. Hər xətt, hər rəng seçimi və hər simvol müəyyən bir hekayəni, müəyyən bir dövrün ruhunu əks etdirir. Məsələn, II Dünya Müharibəsi dövründə yaranan “Kilroy was here” yazısı yalnız sadə bir qrafik təsvir deyildi o, əsgərlərin təcrübələrini və dövrün sosial şərtlərini dünyaya çatdıran simvolik bir mesaj idi. Beləcə, küçə sənəti həm fərdi ifadənin, həm də ictimai şüurun qeydi kimi çıxış edir. O, divarlarda yazılan gizli jurnal, cəmiyyətin özünü və problemlərini açıq şəkildə göstərən kollektiv yaddaşdır".

 

Müsahibizim həmçinin bildirib ki,heç şübhəsiz ki, gələcəkdə küçə sənəti mədəniyyətin qorunması və inkişafında əvəzolunmaz rol oynayacaq:

 

"Onun vizual gücü, şəhər mühitinə inteqrasiyası və əlçatanlığı onu ictimai dialoqun güclü bir vasitəsinə çevirir. Əvvəllər küçə sənəti anonim sənət forması idi rəssamlar adətən təhlükəsizlik məqsədilə təxəllüsdən istifadə edirdilər, çünki qraffiti çəkmək prosesi birbaşa qanun pozuntusu, xüsusilə də siyasi xarakterli hüquq pozuntuları ilə əlaqələndirilir. Anonimlik həm də sosial və sinfi göstərici kimi çıxış edib. Bu “maskanın” sayəsində qraffiti ilə məşğul olan sənətçi ictimai qərəzlərdən, diskriminasiyadan və arzuolunmaz etiketlərdən qaça bilib.

 

Müasir dövrdə isə küçə sənəti müəllifləri getdikcə daha çox öz şəxsiyyətlərini açıqlayır, böyükmiqyaslı, monumental əsərlər yaradır və bəzən rəsmi qurumlarla əməkdaşlıq edirlər. Küçə sənətinin inkişafında bu janrın baniləri — Kit Haring, Bənksi və Jan-Mişel Baskiya mühüm rol oynayıblar. Onlar hesab edirdilər ki, sənət çoxdan konvensional çərçivələrdən çıxmalı, vizual gücü və miqyası sayəsində şəhərləri açıq səma altında muzeylərə çevirməlidir. Pop-art əfsanəsi, aktivist və XX əsrin məşhur küçə rəssamlarından biri olan Kit Haringin yaradıcılığı divar rəsmləri vasitəsilə aktual və ictimai problemləri müzakirə etmək, reallığa təsir göstərmək cəhdidir. Haringin əsərlərində siyasət və cəmiyyət, ətraf mühitin çirklənməsi, cinsi yolla keçən xəstəliklər və narkotik asılılığı kimi mövzular əksini tapır.

 

Yaradıcı fəaliyyətində Afrika diasporasının Qərb mədəniyyətindəki rolunu işıqlandıran Jan-Mişel Baskiya amerikalı rəssam və küçə sənətinin ən təsirli nümayəndələrindən biridir. O, XX əsr Amerikası üçün xarakterik olan Afrika mənşəli mədəniyyətin ədəbiyyatda, musiqidə və rəqsdə geniş yer tutmasına baxmayaraq, təsviri incəsənətdə kifayət qədər təmsil olunmamasından narahat idi. Sözsüz ki, Küçə sənətindən danışarkən— müasir dövrün əfsanəvi ingilis zirzəmi (andegraund) rəssamı və küçə sənətinə böyük təsir göstərən şəxsiyyətlərdən ən önəmlisi olan Bənksini yad etməmək olmaz. Onun həqiqi adı və mənşəyi məlum deyil. Bənksi ətrafında bir çox mif və fərziyyələr formalaşıb. O, divarlarda buraxdığı təsvirlərdə müharibə və sülh, kapitalizm, siyasət, tibb, humanizm və irqi ayrı-seçkilik mövzularına açıq şəkildə toxunur. Bənksi adətən trafaret texnikasında işləyir — bu üsul ona çəkim sürəti və görünmədən uzaqlaşmaq imkanı verir.

 

Kit Haring, Jan-Mişel Baskiya və Bənksi kimi sənətçilər göstərdilər ki, küçə sənəti yalnız dekorativ və ya əyləncəli fəaliyyət deyil, o, şəhərin tarixi, sosial hadisələri və mədəni identiteti ilə bağlı mesajları açıq şəkildə çatdırmaq gücünə malikdir. Küçə sənəti gələcəkdə mədəniyyətin qorunmasında, sosial məsələlərin yadda saxlanmasında və yeni nəsillərə ötürülməsində aktiv rol oynayacaq. Divarlar artıq sadəcə binaları ayıran səthlər deyil, həm də şəhərin açıq muzeyi, kollektiv yaddaşın qoruyucusuna çevrilib".

 

Sonda qeyd edim ki, hər qraffiti müəyyən bir dövrün ruhunu, insan cəmiyyətinin emosiyalarını, ictimai və siyasi məsələlərə münasibətini əks etdirir. Estetik gözəllik yalnız vasitədir; əsas məqsəd insanları düşündürmək, şəhərin mədəni qatlarını göstərmək və gələcək nəsillərə dövrün sosial-mədəni yaddaşını ötürməkdir. Bu gün küçə sənəti, yarım əsrlik inkişaf yolu keçən mürəkkəb bir hadisədir.

 

Gövhər Mehyəddinova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər