00:00:00
Yazar
Səadət Əlizadə
16.07.2026 19:07 140 2 dəq oxuma
Sosial

Günvurma halları niyə artır?- Həkimdən açıqlama

Günvurma halları niyə artır?- Həkimdən açıqlama


Yay mövsümündə havaların həddindən artıq isti keçməsi günvurma hallarının sayını artırır. Xüsusilə günün ən isti saatlarında uzun müddət açıq havada qalmaq sağlamlıq üçün ciddi risk yaradır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında professor Adil Qeybulla bildirib ki, günvurma və istivurma mahiyyət etibarilə bir-birinə yaxın anlayışlardır:


“Hər iki halda orqanizmin istilik tənzimləmə (termorequlyasiya) mexanizmi pozulur. Günvurma zamanı isə yüksək temperaturla yanaşı, günəşin ultrabənövşəyi şüalarının təsiri də mühüm rol oynayır.

Uzun müddət günəş şüaları altında və ya həddindən artıq isti mühitdə qalmaq orqanizmin müdafiə mexanizmlərini zəiflədir. Normalda bədən damarların genişlənməsi, tərləmə və nəfəsalma vasitəsilə artıq istiliyi xaric edir. Lakin bu mexanizmlər müəyyən müddətdən sonra tükənir və nəticədə bədənin daxili temperaturu yüksəlir.

Daxili temperaturun artması qanın qatılaşmasına, mikrosirkulyasiyanın pozulmasına və arterial təzyiqin enməsinə səbəb ola bilər. Bu zaman insanda halsızlıq, soyuq tər, başgicəllənmə, huşun itməsi kimi əlamətlər müşahidə edilir.

Belə hallarda ilk yardım olaraq zərərçəkən dərhal sərin və kölgəli yerə aparılmalıdır. Alnına yaş dəsmal qoyulmalı, bədəni nəm dəsmalla silinərək soyudulmalıdır. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər günvurma və istivurmaya qarşı daha həssas olduqları üçün onlara xüsusi diqqət yetirilməlidir.

Günün ən isti saatlarında birbaşa günəş altında uzun müddət qalmağı tövsiyə edilmir. Kölgədə olmaq, baş örtüyündən istifadə etmək və gün ərzində kifayət qədər su qəbul etmək vacibdir. Eyni zamanda, həddindən artıq soyuq su içmək də məsləhət görülmür, çünki bu, orqanizmdə əlavə problemlərə, o cümlədən soyuqdəyməyə səbəb ola bilər”.



Səadət Əlizadə

#halları #həkimdən #azərbaycan #baki #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər