Gürcüstanın Baş prokuroru Azərbaycanda işgüzar səfərdədir
İyulun 29-da Azərbaycanın Baş prokuroru Kamran Əliyevin dəvəti ilə Gürcüstanın Baş prokuroru Giorgi Qvarakidzenin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki,Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır və bütün istiqamətlər üzrə əlaqələri inkişaf etməkdədir:
“O cümlədən hüquq sistemi sahəsində də bizim əlaqələrimiz var və bununla bağlı imzalanmış sənədlər mövcuddur.Bu əməkdaşlıq daha çox hüquq-mühafizə orqanları arasında əlaqələrin gücləndirilməsi, bölgədə mütəşəkkil cinayətkarlığa və terrorizmə qarşı mübarizənin əlaqələndirilməsi məqsədi daşıyır. Bundan başqa, cinayət törətmiş şəxslərin tapılması və qarşı tərəfə verilməsi ilə bağlı məsələlər var. Zamanla bir çox hüquqi məsələlər tərəflər arasında razılaşdırılıb və bu istiqamətdə əməkdaşlıq mövcuddur.Gürcüstan Baş Prokurorunun Azərbaycana səfəri də bu münasibətlər çərçivəsində həyata keçirilən bir səfər hesab edilə bilər. Bu səfər zamanı hüquq sistemi ilə bağlı məsələlər, o cümlədən bölgədə cinayətkarlıqla mübarizə və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.Yəni, bu baxımdan, bu səfər Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsinə töhfə verəcək bir addım kimi dəyərləndirilməlidir”.
Nurgün Qənizadə