Gürcüstanla Azərbaycan arasında misli görünməmiş sıx əlaqələr var
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, bu gün Gürcüstanın bölgə ölkələri ilə həm siyasi, həm də iqtisadi baxımdan həqiqətən də misli görünməmiş sıx əlaqələri var.
"Bu ölkələr Azərbaycan, Ermənistan, Türkiyədir. Biz həmçinin Mərkəzi Asiya ölkələri ilə də münasibətləri dərinləşdiririrk. Çinlə strateji tərəfdaşlığımız var və bu, iqtisadi nöqteyi-nəzərdən də vacibdir", - Kobaxidze əlavə edib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli "İnformator.az"a açıqlama verib. O qeyd edib ki, Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlıq və tərəfdaşlıq əsasında regional əməkdaşlıq formatı formalaşdırıblar:
"Gürcüstan hazırda mürəkkəb bir mərhələdən keçir. Rəsmi Tbilisinin son illərdə əsas hədəflərindən biri Avropa Birliyinə inteqrasiya olsa da, Kreml ilə qeyri-rəsmi münasibətlər Qərb siyasi dairələrində narahatlıq yaradıb. Nəticədə son dövrlərdə Gürcüstanın Qərb ölkələri, xüsusilə, ABŞ ilə münasibətləri ciddi şəkildə gərginləşib. Avropa Birliyi isə Gürcüstanın quruma üzvlük prosesini dondurub. Bu vəziyyətdə Tbilisi ilk növbədə region ölkələri ilə münasibətlərin yüksək səviyyədə saxlanılmasında maraqlıdır. Bu baxımdan Gürcüstanın gələcək inkişafında Azərbaycan və Türkiyə ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Son dövrlərdə Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli görüşlər keçirilir, müxtəlif sahələr üzrə müzakirələr aparılır və ortaq qərarlar qəbul olunur".
Politoloq bildirib ki, Azərbaycanın əsas enerji və nəqliyyat xətləri Gürcüstan ərazisindən keçir:
"Bu amil Azərbaycan, Gürcüstan və Türkiyəni bir-birinə daha sıx bağlayan mühüm faktorlardan biridir. Bütün bunlar Cənubi Qafqazdakı geosiyasi proseslərə də təsir göstərir. Azərbaycan və Gürcüstanla yaxın münasibətlərə malik olan Türkiyə regionda manevr imkanlarını genişləndirir, iqtisadi və ticarət əlaqələrini gücləndirir. Bu isə bölgədəki geosiyasi proseslərin inkişaf istiqamətlərinə birbaşa təsir edir. Mövcud şəraitdə Rusiya artıq Cənubi Qafqazda təkbaşına hegemonluq imkanlarına malik deyil. Azərbaycan, Gürcüstan və Türkiyə əməkdaşlıq və tərəfdaşlıq əsasında regional əməkdaşlıq formatı formalaşdırıblar. Bu yanaşma hər üç ölkənin maraqlarına cavab verməklə yanaşı, Cənubi Qafqazda sülh və sabitliyin möhkəmlənməsinə də töhfə verir".
Səmayə Səftərova