00:00:00
Yazar
Hüseynova Mələk
12.10.2026 21:17 50 2 dəq oxuma
Sosial

Həftədə 30 fərqli bitki mənşəli qida qəbul etmək sağlamlığa necə təsir edir?

Həftədə 30 fərqli bitki mənşəli qida qəbul etmək sağlamlığa necə təsir edir?

Son illərdə sağlam həyat tərzi ilə bağlı yeni qidalanma yanaşması diqqət çəkir. Əvvəllər gündə 10 min addım atmaq və beş porsiya meyvə-tərəvəz yemək tövsiyə edilirdisə, indi həftə ərzində 30 fərqli bitki mənşəli qida qəbul etmək ideyası populyarlıq qazanır. Araşdırmalara görə, qidalanmada müxtəlifliyə üstünlük vermək bağırsaq mikrobiomunun zənginləşməsinə və ümumi sağlamlığın qorunmasına kömək edə bilər.

 

BBC-nin sağlamlıq müxbiri Melissa Hogenboom bu yanaşmanı bir həftə ərzində sınaqdan keçirib. Nəticə isə gözlədiyindən daha maraqlı olub: jurnalist qarşısına qoyduğu 30 qida hədəfini keçərək həftə ərzində 51 fərqli bitki mənşəli məhsul qəbul edib.

 

2018-ci ildə aparılan araşdırma həftədə ən azı 30 fərqli bitki mənşəli qida qəbul edən insanların bağırsaq mikrobiomunun daha müxtəlif olduğunu göstərib. Bununla belə, mütəxəssislər 30 rəqəminin mütləq norma olmadığını vurğulayırlar. Qidalanmasında bitki mənşəli məhsulların sayı az olan insanlar üçün belə, çeşidliliyin artırılması faydalı ola bilər.

 

Bu yanaşmaya yalnız meyvə və tərəvəzlər deyil, tam taxıllar, paxlalılar, qoz-fındıq, toxumlar, göyərtilər və ədviyyatlar da daxildir. Çay, qəhvə və kakao da tərkibindəki faydalı birləşmələrə görə bəzi hesablamalarda nəzərə alınır.

 

Hogenboom təcrübə zamanı xüsusi və bahalı məhsullar almağa ehtiyac duymadığını bildirib. O, səhər yeməyində yulaf, çia toxumu və müxtəlif meyvələrə üstünlük verib, naharda isə sendviç və əvvəlki gündən qalan yeməkləri qəbul edib. Axşam yeməklərində noxud, mərcimək, müxtəlif tərəvəzlər və tam taxıllardan istifadə edərək menyusunu zənginləşdirib.

 

Müxbirin sözlərinə görə, əsas çətinlik yeni yeməklər hazırlamaqdan çox, həftə ərzində istifadə edilən məhsulların müxtəlifliyini izləmək olub. Bununla yanaşı, əvvəlcədən planlaşdırma və evdə olan ərzaqlardan istifadə həm qida israfını, həm də əlavə alış-veriş ehtiyacını azaldıb.

 

Mütəxəssislər də qidalanmada kiçik dəyişikliklər etməyi tövsiyə edirlər. Məsələn, səhər yulafa toxum və qoz-fındıq əlavə etmək, naharın yanında salat yemək, axşam yeməyində isə müxtəlif tərəvəz və paxlalılardan istifadə etmək mümkündür.

 

Təcrübənin sonunda jurnalist həftəlik qidalanmasında daha çox müxtəlifliyə üstünlük verməyə qərar verib. Onun gəldiyi nəticəyə görə, sağlam qidalanma üçün mürəkkəb menyular hazırlamaq vacib deyil. Əsas məqsəd gündəlik yeməklərdə istifadə olunan bitki mənşəli məhsulların çeşidini artırmaq və bu vərdişi davamlı hala gətirməkdir.

 

Fatimə Hüseynova

 

#Bitki #qida #sağlam
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər