00:00:00
Yazar
Ayan Sadi
21.08.2026 23:43 42 2 dəq oxuma
Sosial

Həkimlərin hüquqi məsuliyyəti: Tibbi səhv və risk məsələsi gündəmdə

Həkimlərin hüquqi məsuliyyəti: Tibbi səhv və risk məsələsi gündəmdə

Tibbi xidmət zamanı pasiyentin həyat və sağlamlığına zərər dəydikdə, təqsirli şəxs barəsində eyni vaxtda intizam, inzibati, mülki və cinayət məsuliyyəti yarana bilər. Hüquqşünas Turan Abdullazadə “İnformator.az”a açıqlamasında həkimlərin hüquqi məsuliyyəti və özlərini necə qoruya biləcəklərindən danışıb.

 

“Hüquqi məsuliyyətin yaranması üçün dörd əsas element birlikdə olmalıdır: hüquqa zidd hərəkət və ya hərəkətsizlik, zərərin baş verməsi, səbəbli əlaqə və təqsir. Bu şərtlər mövcud olduqda həkim barəsində eyni vaxtda müxtəlif məsuliyyət növləri yarana bilər”.

 

Ekspert bildirib ki, vurulmuş ziyanın ödənilməsi tibb işçisini intizam, inzibati və ya cinayət məsuliyyətindən azad etmir.

 

Həkim səhvi ilə tibbi risk arasındakı fərq

 

“Həkim səhvində tibbi standartlardan kənara çıxma olur və nəticənin qarşısını almaq mümkün idi. Əsaslandırılmış tibbi riskdə isə standartlara əməl edilir, nəticə müasir tibb səviyyəsində qarşısıalınmaz hesab olunur, risk əvvəlcədən pasiyentə izah edilir və onun yazılı razılığı alınır. Bu səbəbdən əsaslandırılmış tibbi risk zamanı ağır nəticə baş versə belə, bir qayda olaraq, hüquqi məsuliyyət yaranmır”.

 

Onun sözlərinə görə, risk yalnız daha az riskli alternativ olmadıqda, həkim bütün peşəkar imkanlardan istifadə etdikdə və pasiyent məlumatlandırılmış yazılı razılıq verdikdə hüquqi baxımdan əsaslandırılmış sayılır.

 

Pasiyentin hüquqları necə qorunur?

 

“Pasiyentin hüquqları pozulduqda o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər”.

 

Hüquqşünas qeyd edib ki, praktikada inzibati şikayət, mülki iddia ilə maddi və mənəvi zərərin ödənilməsi, həmçinin cinayət xarakterli hallarda prokurorluğa və ya polisə müraciət əsas hüquqi mexanizmlər hesab olunur.

 

Həkimlər özlərini necə qorumalıdır?

 

“Ən effektiv müdafiə məhkəmədə deyil, kabinetdə və düzgün tibbi sənədlərdə formalaşır. Riskli tibbi müdaxilələr zamanı pasiyentin məlumatlandırılmış yazılı razılığı mütləq alınmalı, şikayət, obyektiv müayinə, differensial diaqnoz, təyinatın əsaslandırılması və pasiyentin tövsiyələrə əməl etməməsi kimi hallar dərhal sənədləşdirilməlidir”.

 

Ekspert əlavə edib ki, tibbi sirrin qorunması da həkimin əsas vəzifələrindəndir. Pasiyentə aid diaqnoz, müraciət faktı və digər tibbi məlumatların sosial şəbəkələrdə paylaşılması ayrıca hüquqi məsuliyyət yarada bilər.

 

Turan Abdullazadə sonda vurğulayıb ki, praktikada məhkəmə iddialarının böyük hissəsi tibbi nəticədən deyil, pasiyentə kifayət qədər izahat verilməməsi və laqeyd münasibətdən qaynaqlanır. Onun fikrincə, açıq ünsiyyət və vaxtında müdaxilə bir çox hüquqi mübahisənin məhkəməyə daşınmasının qarşısını ala bilər.

 

Süsən Mərdalıqızı

#hüquqi #tibbi #səhv #məsələsi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər