Hörmüz boğazında gərginlik artır
İranla ABŞ arasında gərginlik artmaqda davam etdiyi və İranın hərbi təlimlərnin keçirildiyi bir vaxtda rəsmi Tehran Hörmüz boğazı yaxınlığındakı hava məkanının bir hissəsinin müvəqqəti olaraq məhdudlaşdırıldığını elan edib. Bu barədə xaricdə fəaliyyət göstərən farsdilli “Manoto” televizyası məlumat yayıb. “Məhdudiyyət aviasiya bildirişləri vasitəsilə tətbiq edilib və dünyanın ən həssas enerji və gəmiçilik marşrutlarından birini əhatə edir”, - məlumatda bildirilib.
Mövzu ilə bağlı siyasi şərhçi Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın Hörmüz boğazı yaxınlığında hava məkanının müvəqqəti olaraq məhdudlaşdırılması o deməkdir ki, həmin ərazi üzərindən mülki və bəzən xarici hərbi uçuşların hərəkəti müəyyən müddətlik ya tam qadağan olunur, ya da ciddi nəzarət altına alınır:
“Bu cür məhdudiyyətlər adətən aviasiya bildirişləri vasitəsilə elan edilir və əsas səbəblər hərbi təlimlərin keçirilməsi, raket sınaqları, pilotsuz uçuş aparatlarının fəaliyyəti və ya potensial təhlükəsizlik riskləridir. Hörmüz boğazı isə qlobal enerji təhlükəsizliyi baxımından son dərəcə strateji əhəmiyyətə malikdir. Çünki dünya neftinin və mayeləşdirilmiş qazın böyük hissəsi məhz bu marşrutdan daşınır. Hava məkanının bağlanması birbaşa olaraq dəniz nəqliyyatını dayandırmasa da, bölgədə risklərin artdığına dair siqnal verir.Sığorta şirkətləri, aviaşirkətlər, həmçinin beynəlxalq enerji bazarları vasitəsilə diqqətlə izlənilir. Bu addım eyni zamanda ABŞ-İran münasibətlərində gərginliyin yüksəldiyini göstərən dolayı, lakin mühüm bir göstərici kimi qiymətləndirilə bilər. Tehran adətən belə qərarları sırf texniki və ya hərbi təlimlərlə əlaqələndirsə də, zamanlama amili xüsusi əhəmiyyət daşıyır. ABŞ ilə qarşıdurmanın dərinləşdiyi, qarşılıqlı hədələrin və hərbi fəallığın artdığı bir dövrdə Hörmüz boğazı ətrafında hava məkanının məhdudlaşdırılması İranın həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə verdiyi siyasi, strateji mesajdır. Bu mesaj ondan ibarətdir ki, İran regiondakı ən həssas nöqtələrdən birinə nəzarət imkanlarını nümayiş etdirir. Zərurət yaranacağı halda bunlardan istifadə edə biləcəyini xatırladır. Yəni rəsmi açıqlamalarda “müvəqqəti” və “texniki” vurğular edilsə də, bu addım ümumi kontekstdə ABŞ-İran xəttində gərginliyin azalmadığını, əksinə, risklərin artdığı bir mərhələyə keçildiyini göstərir”.
Nuray Əliyeva
