HÜSEYN CAVİDİN XATİRƏSİ SEVİLƏ-SEVİLƏ YAD EDİLİB
Hüseyn Cavidin doğum günü ilə bağlı Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin "Radioda praktik iş" fənnində filologiya elmləri doktoru Sevil Həsənovanın rəhbərliyi ilə elmi seminar baş tutub.
Seminarda tələbələrlə yanaşı Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyev, filologiya elmləri doktoru Allahverdi Məmmədli, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Məmmədova, elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva və sənətşünaslıq üzrə doktor Zülfiyyə Eldarqızı iştirak edib.
Çıxışını H.Cavidin şeiri ilə başladıb, şeir ilə bitirən Sevil Həsənova sözügedən şəxs barəsində danışaraq, həmçinin, onun publisistikasından da söz açıb. "Hüseyn Cavid bu gün də xalqımız tərəfindən sevilə-sevilə yad edilir. Onun dedikləri, yazdıqları, əsərlərindən alınan tərbiyəvi nəticələr gənclərin mənəvi cəhətdən zəngin, əxlaq cəhətdən saf, fiziki cəhətdən kamil böyüməsində mühim rol oynayır. H.Cavid xalq adət-ənənələrinə, milli əxlaqa dərin hörmətlə yanaşan, hümanist hisslərlə zəngin olan sənətkardır".
Tədbirdə Allahverdi Məmmədli, Qulu Məhərrəmli və Zülfüyyə Eldarqızı H.Cavidlə bağlı çıxış edərək seminar haqqında öz fikirlərini bildiriblər. Bununla yanaşı tələbələr də H.Cavidin şeirlərini səsləndirib, xatirələri ilə bağlı məlumatları diqqətimizə çatdırıblar.
Qeyd edək ki, Sevil Həsənova H.Cavidin publisistikası ilə bağlı "Cavidin ədəbi-bədii irsi mətbuatda" adlı monoqrafiyasını müəllim və tələbələrə təqdim edib. Monoqrafiya Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə ithaf olunub. Bununla əlaqədar "iki əbədiyyat" adlı radio verilişinin də elmi seminarda prizentasiyası olub.
ÇİNARƏ MURADOVA
