00:00:00
Yazar
Zəhra Həsənova
26.06.2026 21:49 24 2 dəq oxuma
Siyasət

Haaqadakı siyasi məsləhətləşmələr Azərbaycan-Niderland münasibətlərinə nə vəd edir?

Haaqadakı siyasi məsləhətləşmələr Azərbaycan-Niderland münasibətlərinə nə vəd edir?

Haaqada Azərbaycan XİN ilə Niderland Krallığının XİN arasında növbəti siyasi məsləhətləşmələr keçirilib. Görüşdə ikitərəfli münasibətlərin mövcud vəziyyəti, siyasi dialoqun dərinləşdirilməsi, iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub. Müzakirələr zamanı Azərbaycan-Ermənistan sülh prosesi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və minatəmizləmə işləri barədə də məlumat verilib.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, birbaşa dialoq tərəflərə mövqelərini daha aydın çatdırmaq, fikir ayrılıqlarını müzakirə etmək və mümkün əməkdaşlıq sahələrini müəyyənləşdirmək imkanı verir:


"Haaqadakı siyasi məsləhətləşmələr yeni əməkdaşlıq imkanları vəd edir. XİN səviyyəsində aparılan bu cür dialoq dövlətlər arasında qarşılıqlı maraqların müəyyənləşdirilməsi, əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi və siyasi əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir. Belə məsləhətləşmələrin əsas praktik nəticələrindən biri siyasi etimad mühitinin gücləndirilməsidir. Müxtəlif regionlarda baş verən geosiyasi dəyişikliklər fonunda dövlətlər arasında açıq və davamlı kommunikasiya xüsusi önəm daşıyır. Birbaşa dialoq tərəflərə mövqelərini daha aydın çatdırmaq, fikir ayrılıqlarını müzakirə etmək və mümkün əməkdaşlıq sahələrini müəyyənləşdirmək imkanı verir. Bu görüşlər iqtisadi əməkdaşlığın genişlənməsi baxımından da yeni imkanlar yarada bilər. Niderland Avropanın inkişaf etmiş iqtisadiyyatlarından biri olmaqla, kənd təsərrüfatı texnologiyaları, logistika, su idarəçiliyi, innovasiya və bərpa olunan enerji sahələrində böyük təcrübəyə malikdir. Azərbaycanın iqtisadi şaxələndirmə siyasəti və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələri nəzərə alınarsa, bu istiqamətlərdə əməkdaşlıq üçün potensial mövcuddur. Haaqadakı müzakirələrdə Azərbaycan-Ermənistan sülh prosesi və azad edilmiş ərazilərdə aparılan bərpa və minatəmizləmə işləri də gündəmə gətirilib ki, bu da mühüm məqamdır. Azərbaycan üçün bu məsələlər həm regional təhlükəsizlik baxımından, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq baxımından strateji əhəmiyyət daşıyır. Xarici tərəfdaşlarla bu mövzuda dialoqun aparılması Azərbaycanın regionda sabitlik və inkişaf gündəliyini təqdim etməsi baxımından vacibdir".

 

Həmçinin ekspert qeyd edib ki, Haaqada keçirilən görüşləri Azərbaycan və Niderland arasında münasibətlərin daha strukturlaşdırılmış mərhələyə keçidi kimi qiymətləndirmək olar:

 

"Azərbaycan-Niderland münasibətlərini yalnız siyasi müstəvi ilə məhdudlaşdırmaq olmaz. İki ölkə arasında ticarət, enerji, humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları da mövcuddur. Siyasi məsləhətləşmələr bu istiqamətlər üzrə konkret layihələrin və yeni təşəbbüslərin formalaşması üçün zəmin yarada bilər. Ümumilikdə, Haaqada keçirilən görüşləri Azərbaycan və Niderland arasında münasibətlərin daha strukturlaşdırılmış mərhələyə keçidi kimi qiymətləndirmək olar. Bu format dövlətlərə həm mövcud məsələləri müzakirə etmək, həm də gələcək əməkdaşlıq prioritetlərini müəyyənləşdirmək imkanı yaradır. Əgər siyasi dialoq iqtisadi və praktiki layihələrlə dəstəklənərsə, bu məsləhətləşmələr iki ölkə münasibətlərinə daha konkret və uzunmüddətli nəticələr verə bilər".

 

Samirə Allahverdizadə

#XİN #Niderland #Azərbaycan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər