Hakan Fidan: “Heç kim ABŞ ilə İran arasında müharibə ssenarisinin yenidən yaşanmasını istəmir”
Türkiyənin xarici işlər naziri Hakan Fidan son açıqlamasında Yaxın Şərqdə artan gərginliklərə diqqət çəkərək ABŞ və İran arasında mümkün hərbi qarşıdurmanın region üçün ciddi təhlükə yaradacağını bildirib. O qeyd edib ki, belə bir ssenarinin təkrarlanması nə regional sabitliyə, nə də qlobal təhlükəsizliyə xidmət edər. Fidanın sözlərinə görə, diplomatiya və dialoq mexanizmlərinin gücləndirilməsi münaqişələrin qarşısını almağın yeganə yoludur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Ülviyyə Zülfüqar bildirib ki, Hakan Fidanın bu açıqlaması əslində regionda son dövrlər yenidən yüksələn geosiyasi gərginliklərin yaratdığı narahatlığın göstəricisidir:
“ABŞ ilə İran arasında münasibətlərin yenidən sərtləşməsinin əsas səbəbləri sırasında nüvə proqramı ətrafındakı fikir ayrılıqları, İranın regiondakı silahlı qruplarla əlaqələri, Hörmüz boğazı ətrafında təhlükəsizlik riskləri və Vaşinqtonun Yaxın Şərqdəki hərbi mövcudluğu dayanır. Xüsusilə son dövrlərdə tərəflər arasında birbaşa müharibə baş verməsə də, qarşılıqlı zərbələr, sanksiyalar və proksi qüvvələr üzərindən aparılan mübarizə regionu davamlı risk zonasına çevirib.
Belə bir müharibə ssenarisində region ölkələri həm iqtisadi, həm də təhlükəsizlik baxımından ciddi təzyiqlərlə üzləşə bilər. Enerji qiymətlərinin kəskin artması, logistika marşrutlarının pozulması, yeni qaçqın axınları və radikal qrupların aktivləşməsi əsas risklər sırasındadır. Diplomatiya isə hazırkı mərhələdə hələ də ən real çıxış yolu kimi görünür. Çünki həm rəsmi Vaşinqton, həm də İran anlayır ki, genişmiqyaslı hərbi toqquşma nə tam qələbə, nə də uzunmüddətli sabitlik vəd edir. Buna görə də Türkiyə, Pakistan, Qətər və Oman kimi vasitəçi aktorların rolu daha da ön plana çıxır. Hazırda əsas məqsəd tərəflər arasında tam yaxınlaşmadan daha çox, nəzarətsiz eskalasiyanın qarşısını almaq və regionu yeni böyük müharibədən qorumaqdır”.
Banuçiçək Məmmədova