Hamilton: Ferrari yeni mühərriklə irəliləsə də, düzlüklərdə Mercedes-dən geri qalır
Lewis Hamilton bildirib ki, Ferrarinin yeni mühərriki əvvəlki ilə müqayisədə daha yaxşıdır. Lakin komanda İtaliya Qran-prisinin ilk məşq günündə düzlüklərdə Mercedesdən geri qalıb.
Monza trasında keçirilən cümə məşqlərində Mercedes pilotu George Russell ən sürətli nəticəni göstərib. O, Ferrari-nin Charles Leclercindən 0,120 saniyə öndə olub. Hamilton isə liderdən 0,457 saniyə geri qalaraq beşinci yeri tutub. Britaniyalı pilot həmçinin Mercedes-in Kimi Antonellisi və McLaren-in Lando Norrisindən də geridə qalıb.
Hamilton düzlüklərdə Mercedes qarşısındakı sürət fərqinin nəzərəçarpacaq olduğunu deyib:
“Telemetriyaya baxanda gördüm ki, düzlüklərdə Corcdan təxminən 0,6 saniyə geri qalırdım. Bu, araşdırmalı olduğumuz məsələdir".
Ferrari-nin yeni mühərrikin ilk günündə tam gücdən istifadə etmədiyi ehtimal olunur. Mercedes pilotu Kimi Antonelli isə rəqib komandanın sürətində ciddi irəliləyiş olduğunu bildirib. Onun sözlərinə görə, yeni mühərrikdən sonra Ferrari ilə Mercedes-in düzlüklərdə sürəti artıq bir-birinə yaxındır.
Hamilton həmçinin avtomobilin balansından narazı qalıb. O, bolidlə sürətli dövrə vurmağın çətin olduğunu və sabahkı sıralanma turuna qədər avtomobilin üzərində dəyişikliklər etməyə çalışacaqlarını söyləyib.
Ferrari-nin yeni mühərrikinin yaxşılaşdırıldığını vurğulayan Hamilton əlavə edib ki, enerji sərfiyyatının idarə olunması rəqiblərindən fərqlidir və Mercedes-in düzlüklərdə daha az aerodinamik müqavimətə malik olduğu görünür.
Monzada sıralanma turunda digər avtomobillərin arxasınca hərəkət edərək sürət qazanmaq, yəni “slipstream” effekti də mühüm rol oynayacaq. Hamilton bildirib ki, komanda yəqin ki, bu üstünlükdən yararlanmaq üçün komanda yoldaşının arxasında çıxış etməyə çalışacaq.
Kimi Antonelli isə cəza səbəbindən yarışa sonuncu sıradan başlayacaq. Buna səbəb onun icazə verilən saydan artıq mühərrik komponentlərindən istifadə etməsidir. Mercedes bu cəzanı məhz İtaliya Qran-prisində tətbiq etməyi seçib. Komanda Monzanın uzun düzlüklərinin Antonelliyə geridən başlayaraq mövqelər qazanmaq üçün imkan verəcəyinə ümid edir.
McLaren pilotu Lando Norris isə Monza trasında komandasının gözlədiyindən daha çox çətinlik yaşadığını bildirib. Onun sözlərinə görə, McLaren həm düzlüklərdə, həm də yüksək sürətli döngələrdə rəqiblərindən geri qalır.
Red Bull-un Max Verstappeni isə məşqləri doqquzuncu yerdə başa vurub. O, lider Russell-dən 0,818 saniyə geri qalıb. Verstappen bu mövsüm hələ qələbə qazana bilməyib.
Yarış simulyasiyalarında isə komandalar fərqli təkər seçimlərindən istifadə etdiyinə görə nəticələr tam obyektiv müqayisə üçün kifayət etməyib. Buna baxmayaraq, ilk günün nəticələri Mercedes və Ferrari-nin İtaliya Qran-prisinin əsas favoritləri olduğunu göstərib.
Bu arada, Formula 1 növbəti mövsümöncəsi azarkeşlər üçün Milanda üçgünlük tədbir keçiriləcəyini də açıqlayıb. Tədbir fevralın 18-20-də baş tutacaq və bütün 11 komanda, onların pilotları, həmçinin musiqi və əyləncə proqramları iştirak edəcək.
Güllər Gülhüseynova