00:00:00
Yazar
Güllər Gülhüseynova
21.08.2026 21:07 13 2 dəq oxuma
Dünya

Harri və 6 məşhur üçün ağır məhkəmə xərci

Harri və 6 məşhur üçün ağır məhkəmə xərci

Britaniya şahzadəsi Harri və daha altı tanınmış şəxs Daily Mail qəzetinin naşirinə qarşı uduzduqları məxfilik işi üzrə 34,5 milyon funt-sterlinqədək məhkəmə xərci ödəməli ola bilərlər.

 

London Ali Məhkəməsinin hakimi Niklin qərarı ilə yeddi iddiaçıdan ilkin olaraq 9,54 milyon funt-sterlinq məbləğin gələn həftənin cümə gününədək Associated Newspapers Limited (ANL) şirkətinə ödənilməsi tələb olunur.

 

İddiaçılar arasında şahzadə Harri ilə yanaşı, məşhur müğənni Elton Con, onun həyat yoldaşı Devid Fərniş, keçmiş Liberal Demokratlar Partiyasının lider müavini Saymon Hyuz, irqçiliklə mübarizə fəalı baronessa Lourens, həmçinin aktrisalar Sədi Frost və Liz Hörli yer alır.

 

Yeddi nəfər ANL-ni qanunsuz məlumat toplamaqda ittiham etmişdi. Lakin hakim iyulun 7-də iddiaları rədd edib. Məhkəmə prosesində irəli sürülən iddiaların təqdim edilməsini “yüksək dərəcədə əsassız” kimi qiymətləndirən hakim onların məhkəmə xərclərinin əvvəlcədən razılaşdırılmış məbləğdən əhəmiyyətli dərəcədə artıq olmasını məqsədəuyğun hesab edib.

 

İddiaçıların ANL-nin məhkəmə xərclərini qarşılamaq üçün 16,2 milyon funt-sterlinqədək sığortası olsa da, son qərardan sonra naşir şirkət müdafiəyə xərclədiyi məbləğin 34,5 milyon funt-sterlinqədək hissəsini tələb edə bilər. Bu isə iddiaçıların əlavə olaraq təxminən 18 milyon funt-sterlinq ödəməsi ilə nəticələnə bilər.

 

Hakim Niklin 34 milyon funt-sterlinqdən artıq məbləğin “ilk baxışdan həddindən artıq” olduğunu və xərclərin hamısının əsaslı olub-olmadığı ilə bağlı ciddi suallar yaratdığını bildirib. Bununla belə, o, ANL-nin tələb edə biləcəyi məbləğə konkret limit qoymayıb.

 

Hakim həmçinin bildirib ki, ciddi qanun pozuntusu və ya ağır qanunsuzluqla bağlı iddialar sübut bazası olmadıqda geri götürülməlidir. Onun sözlərinə görə, diqqətçəkən məqam yeddi iddiaçıdan heç birinin ciddi qanun pozuntusu ilə bağlı irəli sürdüyü ittihamlardan könüllü şəkildə geri çəkilməməsidir.

 

Şahzadə Harri və digər iddiaçılar 2 oktyabradək qərardan apellyasiya şikayəti verməyə cəhd edə bilərlər.

 

Güllər Gülhüseynova

#gündəm #xəbər #yeni #ağır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər