Həddindən artıq istilik ürək sağlamlığını təhdid edir
Xüsusilə rütubətlə birlikdə həddindən artıq isti havanın ürək-damar sağlamlığına mənfi təsir etdiyini ifadə edən Kardiologiya Mütəxəssisi Professor Halil Tolga Koçum atılması lazım olan sadə tədbirlərin bəzən həyat qurtara biləcəyini xatırladıb və xəbərdarlıq edib.
Yayın qızmar istisində ürək xəstəlikləri ilə bağlı şikayətlərin artdığını ifadə edən kardioloq deyir ki, isti və rütubətli hava, xüsusilə yaşlılar, ürək xəstəliyi olanlar və hipertoniya dərmanı istifadə edənlər üçün ciddi risk yaradır. O, isti havalarda tərləmə prosesinin başlaması üçün normaldan çox qan vurmalı olduğunu qeyd edib: "İsti vurması bədənimiz özünü soyutmadıqda baş verir. Bu vəziyyət zəiflik, ürəkbulanma, qusma, baş ağrısı-başgicəllənmə kim əlamətlərlə özünü göstərir. Simptomlarınızın hətta orqan çatışmazlığına səbəb ola biləcəyi ciddi bir vəziyyət yarada bilər. Belə şikayətləri olanlar vaxt itirmədən səhiyyə müəssisəsinə müraciət etsinlər".
Professor deyir ki, həddindən artıq isti hava yaşlıların sağlamlığına mənfi təsir edir: "Yaşlandıqca bədən istiliyimizi tarazlaşdırmaq qabiliyyətimiz azalır. Yaş irəlilədikcə bütün damarlarda artan plak yükü səbəbiylə damarlar daha sərt bir quruluşa malik olur və susuzluq hissi azalır. Bu, yaşlılarda huşunu itirməyə qədər sağlamlıq problemlərinə səbəb ola bilər. Ürək xəstəlikləri və ya təzyiq üçün istifadə edilən dərmanlara isti havalarda diqqətli yanaşmaq lazımdır. Bəzi dərmanlar sidikqovucu xüsusiyyətinə görə həddindən artıq su itkisinə, bəzən də bədənin hərarətini aşağı sala bilmək üçün damarların genişlənməsinə, eyni zamanda aşağı qan təzyiqinə səbəb ola bilər. Ona görə də normal istifadə etdikləri dərmanlar zərərli ola bilər”
Susuzluğun bədənin ehtiyac duyduğu suyun maddələr mübadiləsində olmadığı anlamına gəldiyini ifadə edən kardeoloq deyir ki, belə bir vəziyyətdə əvvəlcə qan həcmi azalır, sonra orqanlara vurulan qan miqdarı sürətlə azalır: "Sonra ekstremal hallarda orqanların öz funksiyalarını itirdiyini belə görmək olar. Həddindən artıq istidə kifayət qədər su içmək vacibdir. Bəzən tərləmə ilə mineralların itirilməsi nəticəsində maddələr mübadiləsində problemlər yaşana bilər. Belə hallarda adekvat maye qəbulu böyük əhəmiyyət kəsb edir, çünki itirilmiş maddələr tez bir zamanda əvəz edilməlidir”.
Adekvat tədbirlər görülsə isti havalarda ürək sağlamlığını qorumağın mümkün olduğunu qeyd edən Koçum "Çox su için, çox su itirmək risk deməkdir. Ona görə də su içmək üçün susamağı gözləməyin. Həddindən artıq kofein və spirtli içkilərdən uzaq olun. Açıq rəngli sidiyi xaric etmək kifayət qədər maye qəbul olduğunuzu göstərir. Uyğun paltar seçin. Yüngül və açıq rəngli paltarlara, pambıq parçalara üstünlük verin. Günəşdən özünüzü qoruyun. Günəşin ən yüksək olduğu saat 11:00-16:00 arasında çöldə olmamağa çalışın. Əgər çölə çıxırsınızsa, mütləq papaq və ya çətirdən istifadə edin”.
Aydan Qasımova
