HƏDƏFƏ ÇATANLAR...
Qönçə Qurbanzadə bu il Bakı Dövlət Universitetinə qəbul olan abutüriyyentlərdəndir. O təhsilinEkologiya fakültəsində davam etdirəcək. Məqsədyönlü, çalışqan və bir o qədər də əzmkarlıq nümayiş etdirən müsahibimin yolu heç də asan olmayıb. Ali məktəbə hazırlaşdığı zaman, 11-ci sinifin ilk günlərində ömürlük yaddaşına həkk olacaq günü yaşayıb. Yeganə qardaşı Cəmil Qurbanzadənin şəhid xəbərini alıb. Cəmil ötən ilin sentyabrında düşmən təxribatı nəticəsində qəhrəmancasına şəhid olub. Bundan sonra Qönçə daha əzmlə oxumağa başlayıb. Qardaşına verdiyi sözü tutmaq üçün gecə-gündüz oxuyub.

Eyni ildə məktəbə getdilər. Bir sinifdə oxudular, birlikdə ali məktəbə qəbul oldular. Fatimə və Fidan ödənişsiz əsaslarla Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olublar. Hazırlıq dövrləri pandemiyaya təsadüf etsə də, bu onlara mane olmayıb. Necə deyərlər, bacılar böhranı fürsətə çevirməyi bacarıblar. Fatimə deyir, onlayın formada hazırlaşmaq əlavə vaxt itkisinin qarşısını alıb.
Allahverdiyeva bacıları orta məktəbdə olduğu kimi ali təhsil mərhələsini də birlikdə davam etdirəcəklər. Onlar əlavə olaraq intelektual verilişləri izləməyi və iştirak etməyi də sevirlər. Fidan İctimai Televiziyada yayımlanan "Əlaçı" verilişinin finalçılardan olub. Bu da onların motivasiyasını artıran səbəblərdən idi. "Yüksək bal toplamaq üçün vaxtın böyük hissəsini dərslərə sərf etmək vacibdir. Hədəfə çatmaq üçün bütün maneələri aradan qaldırmaq labüddür".
Bu il Qönçə Qurbanzadə və Allaverdiyeva bacıları kimi yüzlərlə gənc universitet həyəcanı yaşayacaq. Əminik ki, onların hər biri gələcəkdə ölkənin ictimai həyatında mühüm vəzifələr tutaraq dövlət və cəmiyyətin inkişafı üçün əllərindən gələni edəcəklər.

QASIM
