“Heç olmasa” sözünün həyatımızdakı görünməz gücü
Dilimizdə elə ifadələr var ki, təkbaşına böyük məna daşımır, amma bir cümlənin bütün ağırlığını öz üzərinə götürür. "Heç olmasa" da onlardan biridir. Cəmi iki söz, amma içində peşmanlıq, giley-güzar, güzəşt, hələ son bir ümid və bir az da inciklik var. "Heç olmasa" insanın bütün gözləntiləri puça çıxdıqdan sonra dilə gəlir. Başqa cür desək, həyat bəzən sənə dayanmadan "yox" deyir, sən isə son ümidini "heç olmasa" ifadəsinə bağlayırsan.
Bu "heç olmasa"lar əslində, illərlə davam edən mübarizənin son ümididir. Artıq böyük gözləntilər qalmayıb və insan "heç olmasa bunu et" mərhələsinə gəlib çatıb. Münasibətlərdə isə "heç olmasa" artıq təhlükə siqnalıdır. Məsələn, "heç olmasa düzünü de, heç olmasa mesajı cavabsız qoyma." və s. Bu mərhələdən sonra artıq romantika bitir. Söhbət sevgidən çıxıb, hansısa qurumun müştəri xidmətlərinə edilən şikayətə bənzəyir.
Bu baxımdan iki dost arasında da durum eynilik təşkil edir. Məsələn, bir görüş təşkil olunur. Ancaq tərəflərdən biri görüşə yubanır və gecikəcəyini də öncədən bildirmir. O zaman "heç olmasa əvvəlcədən deyərdin” kimi variantlar ortaya çıxır. Yəni, heç kim vaxtında gəlmədiyinə görə incimir. Adamı əsəbiləşdirən xəbərsiz qalmaqdır. Çünki görüşün ləğv olunması bağışlanar, amma hazırlaşıb saatlarla boş yerə gözləmək yox.
"Heç olmasa"nın ən ağrılısı isə futbol azareşlərinin dilindən çıxır. "Heç olmasa heç-heçə olsun, heç olmasa biabır olmayaq” və s. Yəni, o anda nə komandanın özünə, nə də azarkeşlərin komandaya heç bir ümidi qalmır. Anlayacağınız, "heç olmasa" bizim həyata qarşı etdiyimiz son sövdələşmədir. Böyük arzuların bitdiyi, kiçik təsəllilərin başladığı yerdir. Çünki bəzən insan xoşbəxtlik istəmir. Sadəcə, ziyanın bir az da az olmasını arzulayır.
Ürfət Mirzəyev