"Heydər Əliyev adına təqaüd"çü Siyavuş Bağırov
İnformator.az saytının növbəti müsahibi "Heydər Əliyev adına təqaüd"çü, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin tələbəsi, Yurisprudensiya üzrə bakalavr dərəcəsinə namizəd Siyavuş Bağırovdur.
Siyavuş Bağırov kimdir?
- 2003-cü ildə Naxçıvan şəhərində dünyaya göz açdım, 2009-cu ildə həmin şəhərdə yerləşən Partizan Əkbər Ağayev adına 8 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub, 2020-ci ildə isə qızıl nişan - təhsildə xüsusilə fərqlənmə attestatı ilə bitirdim.
Tam orta təhsil həyatım boyunca çox saylı intellektual oyunlarda və olimpiadalarda iştirakım olub, riyaziyyat və tarix olimpiadalarında ümumilikdə 4 dəfə birinci, 1 dəfə isə ikinci yerə layiq oldum.
Tarix üzrə Respublika Fənn Olimpiadasının qızıl (2020) və gümüş (2019) medalçısıyam. 2020-ci fevral ayında sinif yoldaşım ilə birlikdə "Sabahın alimləri" IX Respublika müsabiqəsində Naxçıvan Muxtar Respublikasını (MR) təmsil edərək üçüncü yerin qalibi oldum. Naxçıvan MR Ali Məclisi Sədrinin 2019-cu il iyul sərəncamı ilə "Naxçıvan Gənc İstedadlarının Qızıl Kitabı"na adım daxil olunub.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticəsində 664.7 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə Hüquqşünaslıq (yurisprudensiya, əyani, tədrisi ingilis dilində) ixtisası üzrə qəbul oldum, hazırda isə IV kurs tələbəsi, Prezident təqaüdçüsüyəm. Fakültənin Cinayət hüququ və kriminologiya kafedrası nəzdində yaradılan Cinayət Hüququ Dərnəyinin aktiv üzvüyəm. 3-ü xarici ölkələrdə olmaqla ümumilikdə 10 elmi məqalənin müəllifiyəm (bəziləri həmmüəllifliklə).
İlk iki kurs boyunca Dövlət Miqrasiya Xidmətinin nəzdindəki Miqrasiya Könüllüsü İctimai Birliyində könüllü və əməkdaş oldum. Hazırda həmin İB-nin məzun könüllüsü statusundayam. Hələ də üzərindən aylar keçib, amma DMX tərəfindən təşkil edilmiş mötəbər tədbirlərə, intellektual oyunlara dəvət edilirəm.
Həmçinin bu dövrdə fakültəmizin Tələbə Gənclər Təşkilatında məsul vəzifədə çalışıb, idarə heyətimizin yerində addımları sayəsində təşkilat və fakültə adına uğurlara və ilklərə imza atdıq.
İxtisasımla əlaqədar işləmək həvəsi və zərurəti nəticəsində III kursa başlamadan əvvəl Miqrasiya və fakültə tələbə təşkilatlarındakı aktiv fəaliyyətimi dayandıraraq 2 sentyabr 2022-ci ildən etibarən Yasamal Rayon Məhkəməsində hakimə tabe könüllü kimi fəaliyyətimi davam etdirirəm.
Təqaüdün təsisi barədə məlumat aldıqda onu əldə etməyi arzuladım. Arzumun gerçəkləşməsi məni sevindirdi.
Qazandığınız mükafatı nəyə xərcləyəcəksiniz?
- Bu barədə hazırda heç bir fikrim yoxdur. Təqaüdlə bağlı xəbəri anidən öyrəndim.
Yanlış xatırlamıramsa, təqaüd iyun ayında təsis edilib. Dekabr ayınadək isə uzun müddət keçdiyindən onu qazanıb-qazanmamaq barədə heç bir fikrim yox idi. Məhkəmədə işləməyimi, magistraturaya hazırlaşmağımı və universitet dərslərini nəzərə aldıqda gündəlik rejimin gərginliyindən təqaüd barədə yaxın günlərdə düşünmürdüm.
Təqaüdü qazanmağınız xəbərini necə aldınız?
-Bunun da maraqlı tarixçəsi var. Yenə evə yorğun bir şəkildə gəldim. Axşam yeməyindən sonra kompüterdə yazı yazdım, bu dövrdə də interneti söndürdüm. Yazıya müvəqqəti fasilə verdikdən sonra telefonumda bildirimi ilə qarşılaşdım ("Siz Heydər Əliyev adına təqaüdə...."). Bir neçə saniyəlik təəccübləndim, mesaj subyektinin nömrəsi kontaktlarda olmadığından şübhə yarandı. Dəqiqləşdirmə nəticəsində BDU Tədris prosesinin təşkili şöbəsinin müdiri Kəmalə xanım olduğunu öyrəndim sonra sevinməyə başladım.
Gələcək planlarınız nələrdir?
-Hazırda niyyətim BDU-da təhsilimi magistratura pilləsi üzrə davam etdirib elmi fəaliyyətimə davam etməkdir.
Asiman Hafizqızı
