Hindistan ABŞ-yə Rusiya neftinin alışını dayandırmağa razılıq verib
Hindistan Rusiya neftini almağı dayandırmağa və ABŞ-dən, həmçinin potensial olaraq Venesueladan daha çox neft almağa razı olub.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Neft Araşdırmalar Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, ABŞ təsirli iqtisadi oyunçudur, Rusiya isə iri alıcı itkisinə görə Çinə daha çox bağlanır, bazar isə elastikdir:
"Bugünkü hərraclar onu göstərir ki, hansısa ciddi təsir yoxdur. Neft bazarı qlobal xarakterlidir. Yəni bir ölkədən neft almasan, bu o demək deyil ki, benzinsiz qala bilərsən. Bazarda həm satıcılar çoxdur, həm də alıcılar. Rusiya üçün təsiri daha böyükdür. Çünki Hindistan kimi iri alıcının itirilməsi onu daha çox Çin bazarına bağlayır. Bu isə gələcəkdə Çinə satılacaq neft həcmləri üçün daha çox endirimlər deməkdir. ABŞ qlobal ticarət bazarında bir nömrəli oyunçudur. Ona görə də demək olar ki, bütün ölkələrə təsir edə bilir. Əgər ABŞ Hindistana idxal vergilərini 25 faizdən 18 faizə endirmək hesabına onu Rusiya neftinin alışından döndərə bilirsə, bu o deməkdir ki, ABŞ təkcə hərbi deyil, eyni zamanda iqtisadi gücdür".
Arzu Poladova
