00:00:00
Yazar
Admin User
26.09.2025 16:45 251 15 dəq oxuma
Maraqlı

Həm jurnalist, həm də qazi

Həm jurnalist, həm də qazi

İki tələbə, iki sual dəsti və bir söhbət… Cavablar isə düşündüyümüzdən də artıq həyatın özündən gəldi. Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu ilə söhbətimizdə o, həm şəxsi həyat yolundan, həm də peşəkar fəaliyyətindən danışdı. Suallarımıza səmimi şəkildə cavab verən Rey bəyin fikirlərini təqdim edirik.

 

Jurnalist və eyni zamanda müharibə qazisi kimi bu iki kimliyi necə birləşdirirsiniz? Hər iki sahədə qazandığınız təcrübə sizə nə öyrədib?

 

"Mən Ağdamın Şıxbabalı kəndində doğulub böyümüşəm. 1987-ci ilin dekabrında sovet ordusundan tərxis olundum. 1988-ci ildən isə Qarabağ hadisələri başladı. Kəndimiz ermənilər tərəfindən atəşə tutulduqda, əvvəlcə ov silahları ilə özümüzü müdafiə edirdik. 1991-ci ilin avqustunda Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyev Ağdama gəlib “Ağdam Ərazisi Özünü Müdafiə Batalyonu”nu yaratdı. Biz də könüllü olaraq həmin batalyona qoşulduq. 1992-ci ilin iyulunda və avqustun 9-da, yəni iki dəfə minaya düşüb ağır yaralandım. 1993-cü ilin fevralında sağlamlıq durumumla bağlı ordudan rəsmən tərxis olundum və davamlı olaraq müxtəlif vaxtlarda xəstəxanada müalicəyə başladım. Elə həmin dövrdə Ağdam da işğal olundu. O zaman Qazilərin - Qarabağ əlillərinin vəziyyəti çox ağır idinə müalicə, nə də sosial təminat baxımından yetərli imkanlar var idi. 1994-cü ildən Bakıda “Qarabağ Əlilləri Cəmiyyəti” ilə əməkdaşlığa başladım. Təşkilatın sədri rəhmətlik Qazi qardaşımız Etimad Əsədov idi. O zamanlardan müxtəlif qəzetlərə, jurnallara müsahibələr, açıqlamalar verməyə başladıq. Amma fikirlərimiz bəzən təhrif olunurdu. Buna görə müxtəlif narazılıqlar yaranırdı. Bu da məni məcbur etdi ki, özüm yazım. 1995-ci ildən cəmiyyətin həmtəsisçisi olduğu “Zaman Azərbaycan” qəzetində Etimad müəllimin təşəbbüsü və dəstəyi ilə qazilər, şəhid ailələri və Qarabağ problemləri ilə bağlı məqalələr yazmağa başladım. 

 

Baş redaktorumuz isə Adil Hüseynli idi. O, mənə böyük dəstək oldu. Beləcə, yəni heç özüm də bilmədən jurnalistikaya qədəm qoydum. 1997-ci ildə Müştəba İsmayıloğlunun rəhbərliyi ilə “Qarabağ Əlillər Cəmiyyəti”nin rəsmi orqanı olan “Əlillər” qəzetini yaratdıq. Sonrakı illərdə “Şərq”, “Vətəndaş Həmrəyliyi”, “Bizim Yol”, “Milli Yol”, “Yeni Müsavat” kimi qəzetlərdə çalışdım. Əsas mövzum isə həmişə həmişə qazilər və şəhid ailələrinin sosial vəziyyəti oldu. 2007-ci ildən BMT statuslu bir təşkilatın -Beynəlxalq Avrasiya Mətbuat Fondunun mətbuat xidmətinin rəhbəri kimi fəaliyyətə başladım.

 

2013-cü ildə APA holdinqin Prezidentidəyərli və əziz həmkarım Vüsalə Mahirqızının dəvəti ilə fəaliyyətimi Lent.az saytında davam etdirdim. Saytın baş redaktoru, dəyərli Qabil Abbasoğlunun rəhbərliyi ilə “Kəşfiyyatçının xatirələri” adlı layihənin icrasına başladıq. Bu layihə çərçivəsində xeyli yazı qələmə aldım. Sonradan bu layihə “Kod adı: Rey. Kəşfiyyatçının xatirələri” adlı kitaba çevrildi. Paralel olaraq APA TV-də “Müharibə adamı” layihəsinin aparıcısı və layihə rəhbəri oldum. Dəyərli sənətkarımız Şəmistan Əlizamanlı ilə birlikdəBadamdar ərazisindəki keçmiş “Botanika bağı”nda30 maraqlı veriliş hazırladıq. Hazırda isə Qaziler.az saytının rəhbəriyəm.

 

Həyatımda asan heç nə olmayıb – nə müharibədə, nə jurnalistikada. Amma heç vaxt peşman olmamışam. Kəşfiyyatçı kimi fəaliyyətim, keçdiyim yollar, qazandığım təcrübə mənə insanları tanımağı, soyuqqanlı olmağı və çətin situasiyalardan çıxış yolu tapmağı öyrədib. Bu bacarıqlar jurnalistikada da mənim işimə yaradı. Ümumilikdə, həyatda uğur qazanmaq üçün səbr, zəhmət və dözüm əsas şərtlərdir".

 

Sosial media və ümumilikdə informasiya platformaları bu gün vətənpərvərlik ruhunun formalaşmasında yaradılan imkanlardan yetərincə istifadə edirmi?

 

"Azərbaycan xalqı, gəncliyi olduqca vətənpərvərdir. Bunu 44 günlük Vətən müharibəsində bir daha gördük. Sosial şəbəkələrin mənfi tərəfləri olsa da, vətənpərvərlik ruhunun təbliği baxımından əhəmiyyətli imkanlar yaradır. Hazırda şəhidlərimiz və qazilərimizin qəhrəmanlıqları ilə bağlı paylaşımlar geniş yayılır. Ümid edirəm ki, gələcəkdə bu istiqamətdə daha çox və peşəkar işlər görüləcək".

 

Sizcə, müharibə dövründə yaşanan gerçəklikləri və qəhrəmanlıq nümunələrini gələcək nəsillərə çatdırmaqda medianın üzərinə hansı məsuliyyət düşür?

 

"Müharibənin ağrı-acısını və qəhrəmanlıq nümunələrini gələcək nəsillərə çatdırmaqda medianın rolu mühümdür. Bəli, bu gün sosial şəbəkələr daha çevik və əlçatan platformalardır. Amma mən hələ də ənənəvi medianın bu istiqamətdə işini yüksək qiymətləndirirəm. Çünki orada peşəkar standartlar, məsuliyyət var. Mediamız qəhrəmanlıq nümunələrini usanmadan, yorulmadan, dayanmadan yaymalıdır. Ən vacibi isə saxta qəhrəmanlara meydan verməməlidir".

 

44 günlük Vətən müharibəsində informasiya müharibəsi qələbəmizə nə dərəcədə təsir etdi?

 

"Müharibə yalnız odlu silahlarla aparılmır. Onun bir də informasiya qanadı var. 44 günlük müharibədə informasiya savaşının təsiri olduqca böyük idi. Prezidentimizin yerli və xarici jurnalistlərə verdiyi müsahibələr vasitəsilə Ermənistanın beynəlxalq aləmdə yaydığı dezinformasiyalar ifşa olundu. O, həqiqətləri dünyaya çatdırdı. Beynəlxalq media vasitələrinin həm yerli auditoriyaya, həm də dünya ictimaiyyətinə təsiri böyük oldu. Bu da informasiya savaşında üstünlük qazanmamıza səbəb oldu".

 

Müharibədən sonra cəmiyyətin mediaya yanaşması dəyişibmi? Oxucu və tamaşaçının gözləntiləri ilə jurnalistin məsuliyyəti arasında tarazlığı necə qorumaq olar?

 

"Müharibədən sonra həm cəmiyyətdə, həm də medianın fəaliyyətində ciddi dəyişikliklər baş verdi. Xalqımızın bükülmüş beli düzəldi, alnımıza vurulan ləkə təmizləndi.  Bu, medianın işinə də təsir etdi, həm də təcrübələri artdı. Əvvəllər bəzi media orqanları təsdiqlənməyən məlumatlar yayırdısa, müharibədən sonra informasiyanın dəqiqliyinə daha çox diqqət yetirilir. Sosial şəbəkələrdə də yalan məlumatların yayılması müəyyən qədər azalıb. Prezidentimizin III Qlobal Şuşa Media Forumunda qeyd etdiyi kimi, Azərbaycan mediası bu gün qənaətbəxş səviyyədədir".

 

Müharibə dövründə dezinformasiyanın yayılması təhlükəli nəticələrə səbəb ola bilər. Belə halların qarşısını almaq üçün media və dövlət qurumları hansı addımları atmalıdır?

 

"Dezinformasiyanın yayılması müharibə aparan tərəflər arasında informasiya müharibəsinin tərkib hissəsidir. Ona görə də yalnız rəsmi mənbələrə inanmaq lazımdır. Biz müharibə zamanı düşmənin yaydığı yalan məlumatların qarşısını almaq üçün əlimizdən gələni etdik. Azərbaycan mediası, sosial şəbəkə istifadəçiləri bu istiqamətdə ciddi fəaliyyət göstərdilər. Biz Qarabağı silah yolu ilə tam azad etmişikamma informasiya savaşı davam edir.  Bu sahədə dövlətin atdığı addımlar artıq öz nəticəsini verir. Düşünürəm ki, bu istiqamətdə işlər dayanmamalıdır.  Xüsusilə güc strukturları ilə media orqanları, jurnalistlər, vətəndaş cəmiyyəti - QHT-lər, blogerlər və siyasi partiyalar arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Müdafiə Nazirliyinin bu sahədə son illərdəki fəaliyyəti nümunə ola bilər. 

 

Dezinformasiyanın qarşısının alınması ciddi məsələdir.  Hamımız bu dövlətin övladlarıyıq, bütün fəaliyyətimiz dövlətimizin qorunması və inkişafı, millətimizin rifahi naminədir".

 

1988-ci ildə Əsgərana doğru təşkil olunan yürüşdə iştirak etmisiniz. Gənc yaşda həmin hadisələr sizə nə hiss etdirdi, Bəxtiyar Quliyev ilə Əli Hacıyevin həlak olması həyatınızda hansı dönüş nöqtəsinə səbəb oldu?

 

"Bəli, həmin yürüşdə iştirak etmişəm. Düzünü desəm, yürüşün əvvəlindən yox, daha çox sonuna yaxın- abidə tərəfə gedən yol deyilər, orada qoşuldum. Özüm Ağdamın Şıxbabalı kəndindənəm, şəhərdən təxminən 5 kilometr aralıdır kəndimiz. Gördüm ki, insanlar yığışıblar, yürüşə çıxıblar, mən də qoşuldum. Xalqın iradəsi, torpaq məsələsində mövqeyi ortada idi. Ermənilərin iddialarına qarşı etiraz aksiyası idi, tamamilə dinc şəkildə keçirilirdi. Silah yox, sursat yox. Biz ora çatanda artıq insanlar Əsgərana doğru axışırdı. Bir az getmişdik, elə orada xəbər gəldi ki, şəhid olan var, yaralananlar da olub. Çox adam o gün orada baş verənlərin hamısını bilmir. Həmin gün iki nəfər şəhid olmuşdu. Səhv xatırlamıramsa, yeddi nəfər də yaralanmışdı. Onlardan biri də Ağdam rayonunun Ətyeməzli kəndindən olan Sahib adlı gənc idi. Dönüş deyəndə, biz o vaxta qədər bilmirdik şəhid nədir, şəhidlik nədir. Bəxtiyar Quliyev və Əlif Hacıyevin şəhid olması bizdə o hissi oyatdı. Onların itkisi bizə bu anlayışı hiss etdirdi, bizim üçün bir informasiya qaynağı oldu. Tarixi araşdırmağa başladıq, dərk etməyə çalışdıq ki, şəhidlik nədir, vətən uğrunda mübarizə nə deməkdir. Elə o yürüşdən sonra Azərbaycanda ilk böyük xalq etirazı, hərəkat başladı. Bu hadisə də mənim həyatımda silinməz iz qoydu. Vətən uğrunda döyüşmək, qazi olmaq, hətta şəhidliyə hazır olmaq kimi düşüncələr mən də o gün formalaşdı. Həm də bu hadisə bizim yaddaşımızı təzələdi".

 

1992-ci ilin avqustunda ağır yaralanmısınız. Ölümlə üz-üzə qalanda hansı hissləri keçirdiniz?

 

"1992-ci il avqustun 9-da döyüş yoldaşlarım Azad Musayev və Xalid Cəfərovla birlikdə düşmən arxasında, təxminən 10-14 kilometr dərinlikdə kəşfiyyat tapşırığını yerinə yetirirdik. Orada minaya düşdüm və ağır yaralandım. Çətin vəziyyət idi, üçümüz də yaralı idik. Mən yeriyə bilmirdim. Xalid yaralı olsa da, özündə güc tapdı – ilahi bir təpər, deyərdim – bizi sürüyə-sürüyə çıxartdı. Əvvəlcə məni 100 metr daşıyırdı, sonra qayıdıb Azadı gətirirdi. Azad bir az hərəkət edə bilirdi. Düşmənin arxasında olmaq özü bir təhlükə idihər yer minalı, istiqamətlər çətin, yol seçmək olmurdu. Artıq bir dəfə minaya düşmüşdük, ikinci dəfə düşməmək üçün ehtiyatlı olmağa çalışırdıq. Həmin anlar mənim üçün həm fiziki, həm də psixoloji baxımdan çox ağır idi. Qan itirirdim, bir neçə dəfə huşumu itirdim, sonra özümə gəldim. Bəlkə də iki-üç saniyəlik idi, amma  o üç saniyədə bütün həyatımı gözümün qabağından keçirdim. Atam, anam, bacım, qardaşım, dostlarım, sevdiklərim, tələbə və əsgərlik yoldaşlarım – hamısı bir anlıq gözümün qabağından keçib getdi. Fiziki ağrısından çox psixoloji yükü daha ağır idi. Bir tərəfdən düşmənin içindəsən, əsir düşmək ehtimalı var, bir tərəfdən həyatla ölüm arasındasan. Bu haqda daha geniş xatirələrimi Lent.az saytındakı yazılarımda bölüşmüşəm. Mühasirədən çıxdıq, Xalid Cəfərovun qəhrəmanlığı, Azadın dözümü olmasaydı, bəlkə də sağ qalmazdıq. Uzun söhbətdir. Bizim üçümüz də qanımız torpağa bulaşa-bulaşa döyüş meydanından çıxdıq. Şükür, indi sağ-salamatıq".

 

2001-ci ilin yanvar-fevral aylarında əlillərin sosial problemləri ilə bağlı ümumrespublika etiraz aksiyasını təşkil etmisiniz. Həmin aksiyanın nəticələri nələr oldu və bu nəticələr sizi qane etdimi?

 

"Bəli, həmin dövrdə mərhum Etimad Əsədovun sədrliyi ilə Qarabağ Əlilləri Cəmiyyəti”nin idarə heyəti olaraq bu aksiyalara rəhbərlik etdik. 2018-ci ilə qədər Etimad Əsədov Qarabağ Qaziləri Birliyinin sədri oldu. Təəssüf ki, sonradan ağır xəstəlikdən vəfat etdi. Hazırda təşkilata Asəf Əliyev rəhbərlik edir. Həm də qeyd edim ki, biz hər il müxtəlif dövlət qurumları qarşısında ədalətsizliyə, haqsızlıqlara qarşı mütəmadi şəkildə etiraz aksiyaları keçirirdik. Hər il dekabrın 3-də görülən işlərlə bağlı Ümummilli Liderimiz, o zamankı Prezident Heydər Əliyevə rəsmi müraciət hazırlayıb, Prezident Aparatına təqdim edirdik. Yəni görülən işlərə görə Prezidentimizə minnətdarlıq edir, qarşılaşdığımız problemlərin həllinə isə ondan kömək istəyirdik. Əsas tələbimiz Qarabağ əlillərinin pensiyalarının artırılması, onlara layiqli sosial təminatın verilməsi idi. Şəhid ailələri, müharibə əlilləri və veteranlarla bağlı müxtəlif qanunverici aktlar, prezident sərəncamları olsa da, bu qərarların icrasında ciddi boşluqlar var idi. Mexanizm işləmir, cavab verən qurum tapılmırdı. Məmur özbaşınalığı Qaziləri boğaza yığmışdı. Bu səbəbdən də 2001-ci ilin əvvəlində genişmiqyaslı aksiya baş tutdu: respublikanın təxminən 70 rayonunda bir ay davam edən aclıq aksiyası keçirdik. Aksiyanın sonunu ölüm aksiyasına çevirməyə məcbur olduq. Yəni su da içmədən aclıq aksiyası oldu. Təəssüflər olsun ki, Prezident Aparatının rəhbəri Ramiz Mehdiyev “məharətlə” həmin dövrdə məsələni siyasi istiqamətə yönəldərək, böyük ədalətsizlik etdi və nəticədə Qarabağ Əlilləri Cəmiyyətinin ləğv olunmasına nail oldular. Onun göstərişləri ilə yüzlərlə Qarabağ əlili saxlanıldı, həbs edildi. Yalnız bir il yarım sonra Heydər Əliyevin fərmanı ilə onlar əfv olundu. Təşkilatımız isə artıq ləğv edilmişdi. Daha sonra 2001-ci ilin dekabr ayında Qarabağ Qaziləri Birliyini yaratmağa məcbur olduq. O dövrdə bəzi müharibə əlillərini aldadaraq, qorxudaraq və ya şirnikləndirərək, bizim əleyhimizə bəyanatlar yaydırırdılar, qəzetdə məqalələr verdirirdilər.

 

Qarabağ Qaziləri Birliyini 2001-ci ildən qurmağımızabaxmayaraq, Ramiz Mehdiyev bizi illərlə qeydiyyatdan keçməyə qoymadı. Bu məsələni hətta Avropa Məhkəməsinə qədər daşımalı olduq. Axırda Ədliyyə Nazirliyində o dövrün qeydiyyat idarəsinin rəhbəri Fazil müəllimin iştirakı ilə Etimad müəllimlə bir neçə dəfə görüş keçirildi. Onlar ərizəmizi geri götürməyimizi xahiş etdilər və qeydiyyatla bağlı vəd verdilər. Nəhayət, 2006-cı ildən Qarabağ Qaziləri Birliyi rəsmi qeydiyyata alındı və bu gün də fəaliyyətini davam etdirir. Tarix sübut etdi ki, Ramiz Mehdiyevin yaratdığı alternativ qurum elə də dişli olmadı. Rayon icra hakimiyyətlərinin göstərişi ilə qurmuşdular, maliyyələşdirilsələr də qazilərin haqları uğrunda ciddi heç nə etmədilər. Əksinə, biz real iş görəndə, dövlət mediasında, mətbuatına, televiziyasına bizim dediklərimizin əsassız olduğunu dedilər, yenə haqsızlıq etdilər. Bütün bunları artıq zamanın və Allahın ixtiyarına buraxmışıq. Yeri gəlmişkən, bizim cəmiyyətin ləğv edilib, yeni bir adda cəmiyyət yaradılması, öz adamlarını gətirib ora sədr qoymasına Ramiz Mehdiyevin qohumu Fərrux Ramazanov rəhbərlik edirdi".

 

Torpaq uğrunda can verdiniz, amma müharibədən sonra qazilərin çoxu demək olar ki, unuduldu. Sizin üçün daha ağır olan nə idi – döyüş meydanı, yoxsa sülh dövründəki laqeydlik?


"Vətən çətinliyə düşəndə müəyyən insanlar önə çıxır, əsgər olur, qazi olur, şəhid olur. Bəzən hamısı layiqincə qiymətləndirilmir. Bu təkcə bizdə belə deyil. Məsələn, ABŞ-
 Vyetnam, SSRİ-də Əfqanıstan müharibəsindən sonra da oxşar sindromlar yaşanmışdı. Bizdə də belə oldu. Amma Qarabağ Qaziləri Birliyi və Qarabağ Əlilləri Cəmiyyəti bu prosesləri qanun çərçivəsində saxlaya bildi. Ali Baş Komandan İlham Əliyev və Mehriban xanım şəhid ailələrinə daim diqqət göstərir. Amma onlardan sonra gələn bəzi məmurlar laqeyd davranır, bu bizi narahat edir, amma ruhdan salmır. Əksinə, birləşdirir".

 

Qazilərimiz niyə özlərini dövlətin diqqətindən kənarda hiss edirlər? Bu narazılıq hansı səbəblərdən qaynaqlanır və sizcə, onu kimlər formalaşdırır?

 

"Bunun kökündə sistemli biganəlik və şəxsi maraqlarla dolu məmur özbaşınalığı dayanır. Təbii ki, dövlət başçısı səviyyəsində – cənab Prezident İlham Əliyev, Mehriban xanım şəhid ailələrinə, qazilərə böyük diqqət göstərirlər. Bunu qeyd etdim, amma onlardan sonra gələn dövlət qurumları biganə yanaşırlar. Təəssüf, bu da həyatın reallıqlarıdır. İstər bizim vaxtımızda, istər indi döyüşmək imkanı olan çox adam var idi, döyüşmədilər,hamı döyüşməli deyil. Yenə də döyüşməyib bu gün vəzifədə olan adamlar elə bil müharibə iştirakçılarından qisas alırdı, eynən Ramiz Mehdiyev kimi. Bu adam qazilərə, döyüşçülərə qarşı çox aqressiv idi. Elə bil bu müharibə iştirakçıları onun dədəsinə, əzizlərinə güllə atıb. Ramiz Mehdiyevin tör-töküntüləri təmizləndikcə işlər daha da yaxşı oldu. Şəhid ailələrinə, qazilərə mənzillər, prezident təqaüdü, qazilərə avtomobillər verilir. Biz bunları dana bilmərik. Dediyim kimi yenə biganəlik, özbaşınalıqdır bizi narahat edir, amma bütün bunlar bizi ruhdan salmır, əksinə, birləşdirir. Bu bizi çox ağrıdır həm də. Amma biz yenə ayaqdayıq".

 

Müharibə adamı” verilişində Qarabağla bağlı 30 çəkiliş etmisiniz. İştirak edən qonaqlardan hansı sizi ən çox sarsıtdı?

 

"APA Holdinqin rəhbəri Vüsalə Mahirqızının dəvəti ilə APA TV çərçivəsində “Müharibə adamı” adlı verilişi hazırladıq. Hərbi-vətənpərvərlik mahnılarının tanınan ifaçısı, dəyərli sənətkarımız Şəmistan Əlizamanlı ilə birlikdə verilişi aparırdıq. Layihənin rəhbəri mən idim, baş məsləhətçisi İlqar Əlfioğlu, bir neçə verilişin redaktoru isə Ramilə Qurbanlı, baş prodüser isə Ülkər Qasımova idi. Verlişin adını isə o zaman APA TV-nin rəhbəri olanhəmkarımız Eldəniz Vəliyev təklif etdi. Eldəniz verlişin uğurlu alınması üçün əlindən gələn köməkliyi edirdi. O zaman APA TV-nin müşaviri olan digər həmkarım İlqar Rəsulun da bu layihədə zəhməti var. Düşünürəm ki, böyük işlər görə bildik. O dövrdə ANS-də yayımlanan bəzi verilişlərdə xalqı ruhdan salan, döyüşçüləri gözdən salmağa çalışan fikirlər səsləndirilirdi: “döyüşmədilər”, “qaçdılar”, “arvadsız” kimi əsassız ittihamlar verilirdi. Bizim layihəmiz həm də həmin yanlış təsəvvürlərə faktlarla cavab idi. Cəmi 30 veriliş ərsəyə gətirdik. Bu verilişlərdə I Qarabağ müharibəsində döyüşən, çox ağır şəraitdə belə silaha sarılıb torpaqlarımızı qoruyan qəhrəman oğullarımızın hekayətərini işıqlandırdıq. O zaman silah-sursat az idi, vahid komandanlıq zəif olmasına baxmayaraq, xalqın iradəsi güclü idi. Ermənilər məqsədlərinə çatmaq üçün tək deyildilər, arxalarında Rusiya, Fransa, İran dayanırdı. Hətta Suriyadan və Livandan muzdlular gətirilirdi. Biz isə sadə insanlar idik – biri dülgər, biri müəllim, biri mexanik, biri əkinçi. Hərbiçilər azlıq təşkil edirdi. Hər kəs gücü çatdığı qədər mübarizə apardı, çox şeyi göstərə bilmədik, teznika o vaxt belə deyildi. Ölkədə rəhbərsizlik, idarəetmədə xaos hökm sürürdü və nəticədə Qarabağın işğalı reallaşdı. Xalqımız döyüşdü. O oğlanlar mübarizə apardı, qəhrəmanlıq göstərdilər. Biz də həmin mübarizəni unudulmaması üçün əlimizdən gələni etdik, qəhrəmanlıq səhnələrini mümkün qədər tamaşaçılara çatdırmağa çalışdıq. Bu veriliş xalqımızın döyüş ruhunu qaldırmağa çalışdı. Çox qürurvericidir ki, bu layihənin yaradıcı heyətində yer aldım və bu gün də həmin verilişlər izlənilir, dəyər verilir".

 

Heç yuxularınızda müharibə illərinə geri döndüyünüz, yaxud itirdiyiniz döyüş yoldaşlarınız üçün köks ötürüb darıxdığınız olurmu?

 

"İllərlə müharibə yuxularımdan çıxmadı. İki dəfə minaya düşmüşəm – birində piyada, birində zirehli texnika ilə. Bədənimdə onlarla qəlpə var. Bəzən gecə yatanda qəfil ayaqlarım, qollarım, bütün bədənim sanki elektrik vurmuş kimi atılır, minaya düşəndə yaşadığım həmin hiss canımda qalıb. Qarabağ yuxularımda həmişə olub, amma təəssüf ki, şəhid yoldaşlarımı çox az görürəm yuxuda. Halbuki həyatda ən çox onlarla danışıram. Əlabbas İskəndərov, Natiq Camalov, Hidayət İbrahimov, Sənan Rüstəmov, Fərman, Qırımxan və digərləri… Onların itkisi qəlbimdə sağalmayan yaradır. Bəzən düşünürəm ki, kaş mən şəhid olaydım".

 

Ürəyi Vətən sevgisi ilə çırpınan, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şirin Mirzəyevlə birgə döyüşmək sizin üçün nə ifadə edir?

 

"Həyatımın ən gözəl, ən şərəfli hislərindən biri rəhmətlik Milli Qəhrəmanımız Şirin Mirzəyevin batalyonunda xidmət etmək olub. Biz onu təkcə komandanımız kimi yox, bir ümid, bir güvən yeri kimi görürdük. O var idi deyə daha cəsarətli idik. Elə vaxt olurdu ki, cəmi üç nəfərlə kəşfiyyata gedirdik. Bəzən 4-5, bəzən 10-12 nəfərlə düşmənin arxasına keçirdik. Bu, sadə məsələ deyildi. Kəşfiyyat ağır sahədir – düşmənin arxasında əməliyyat yerinə yetirirsən, aşkarlansan ya şəhid olursan, ya əsir düşürsən. Biz isə qorxmurduq. Çünki bilirdik, harada oluruqsa olaq, bir təhlükə olsa, ilk gələn Şirin Mirzəyev olacaq. Bizim üçün o, elə bil arxamızda dayanan bir dağ idi. Şəxsiyyəti ilə örnək sayılan bir insan idi. Sovet dövründə xidməti zamanı zabit yoldaşları ona “Lenin” deyiblərmiş, obraz kimi, çünki dürüstlüyü, vicdanı və obyektivliyi ilə seçilirdi. Millətinə, dövlətinə sarsılmaz sədaqət göstərirdi. Azərbaycan Milli Ordusunun təməlinin qoyulmasında onun xüsusi rolu vardı. Mənim üçün bu insan bu gün də örnəkdir. Əfsus, onu çox erkən itirdik. 1992-ci ilin iyun 18-də ayında, Ağdərə istiqamətində gedən ağır döyüşlərdə beş silahdaşı ilə birlikdə şəhid oldu. Bu təkcə bizim batalyon üçün yox, bütün Azərbaycan üçün böyük itki idi. Ruhları şad olsun!".

 

21 yaşınıza qayıtsaydınız və o yaşdakı özünüzlə üz-üzə gəlsəydiniz, ona hansı tövsiyələri verərdiniz? Sizcə, o gənc sizin bu günkü yolunuzu və qərarlarınızı anlayışla qarşılayardımı?

 

"O Reylə üz-üzə gəlsəydim, ona çoxlu tövsiyələr verərdimbəzi məsələləri bu günləri dərk edirəm. Müharibə ilə bağlı tövsiyəm olardımı, bunu bilmirəm. Çünki müharibədi, döyüşdü, gərək qorxmayasan, ürəkli olasan, güvənəsən. Yuxarda da qeyd elədiyim kimi, döyüş yoldaşlarına güvən deyərdim. Müharibədən sonra qazilərin problemləri və onlarla bağlı işlərlə məşğul oldum, başım bir az qarışdı. Mən 38 yaşında ailə həyatı qurmuşam, ona görə, 21 yaşlı Reyə deyərdim ki, vaxtında ailə qur.  Bu yolla yenə də get… Peşman deyiləm, bu gün də yolumuz dövlət, dövlətçilik yolu, millət yoludur, ağlım belə kəsir ki, bu düz yoldur. Gücüm çatan işlərə kömək etmək, gücüm çatmayan işlərə da dərinə getməməyə çalışıram… Gənclərlə bu gün danışanda, müharibədə iştirak edən, qazi olan qardaşlarımız, şəhid ailələr var, söhbət edirik, onlara tövsiyə verirəm, deyirəm səbr edin, mən baxıram ki, onun o problemini bir həftəyə biz həll edəcəyik. Deyirəm, səbrli olun, düzələcək, axı mən də həmin dövrü yaşamışam. Görürəm, bəziləri bizi eşitmir, dözə bilmir, səbrsizlik edir. Mən də onlar yaşda elə olmuşam. Düşünürəm ki, 21 yaşındakı Rey davranışlarımı anlayışla qarşılayardı".

 

Kəşfiyyatçının xatirələri” və “Barıt qoxusu” kimi silsilə yazılarınız çap olunub. Bundan sonra hansısa bir planınız varmı? Bəlkə, yeni bir kitab nəşrini düşünürsünüz?

 

"Lent.az-da iki layihə etdikQabil Abbasoğlunun təşəbbüsü ilə. Əslində mənim xatirələrimi yazmağımın əsas səbəbkarı APA Holdinqin Prezidenti, dəyərli həmkarım, müdir deyə çağırdığımız dəyərli həmkarım Vüsalə Mahirqızıdır, ona minnətdaram. Təbii ki, dostlar və tanışlar da zaman-zaman mənə yaz deyirdilər. “KOD ADI-REYKəşfiyyatçının xatirələri” kitabında daha çox döyüş yoldaşlarımdan yazmışam, bu da tam deyil. Yazılası çox material var, bir çoxu hələ də yarımçıq qalıb. Sonradan Qabil bəyin təşəbbüsü ilə “Barıt qoxusu” adlı bir layihə başladıq, orada da bir neçə yazım dərc olundu. Səhhətimlə bağlı müalicə aldığım üçün ardını gətirə bilmədim. Bəlkə də, indi bilmirəm, qaldığım yerdən davam edəcəm, onları da ayrıca bir kitaba çevirə bilərəm".

 

 Nəzakət Nəsibli

Xədicə Paşayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər