ƏHMƏD BƏY AĞAOĞLU “SƏRBƏST İNSANLAR ÖLKƏSİ”NİN SAKİNİ İDİ
Hər dəfə Əhməd bəy Ağaoğlu haqqında yazanda və ya danışanda yadıma rəhmətlik sevimli müəllimim, filologiya elmləri doktoru, professor, millət vəkili Şamil Qurbanovun sözü düşür. O deyirdi ki: “Deyilənə görə, Əhməd bəy bir az dəli-dolu adam olub. Mənə elə gəlir ki, elə o, “Difai”ni başdan-ayağa türkçü, millətçi, vətənpərvər, millətsevər olan belə dəli-dolu adam yarada bilərdi. Həm sözü, həm silahı ilə xalqını qoruyan Əhməd bəy “Difai”ni yaratmaqla böyük bir imperiyaya sübut etdi ki, bu xalq elə-belə xalq deyil ha... Onun oğulları var ki, yeri gələndə gözünü qırpmadan canını milləti, xalqı yolunda qurban verər. Əhməd bəy on il böyük bir imperiyanı, çar idarəsini dəhşət və qorxu içində saxlayan “Difai”ni yaratmaqla Azərbaycanda “yeni milliyyətçi ruhlu insanların çoxalmasına təkan verdi”.
Mənə elə gəlir ki, ölkəmizdə ilk siyasi partiya qurucusu və milli mənafelərin qoruyucusu kimi Azərbaycan türklərini erməni təcavüzündən qoruyan Əhməd bəy ömrü boyu heç nə yazmasaydı belə, elə “Difai”ni yaratmaqla yenə də xalqın qəlbində öz sevgisini qazanmış olardı.
Şamil müəllimin “dəli-dolu” adlandırdığı Əhməd bəyi görkəmli tədqiqatçı alim Əziz Mirəhmədov “aşkarca bəxti gətirməyən” ədib adlandırırdı.
İllər keçdi... Bu “dəli-dolu” və “bəxti gətirməyən” adam haqqında oxuduqca ondakı səmimi millətpərvərliyə, dönməz iradəyə, məmləkət sevgisinə heyrət etdim. “Həqiqi məhəbbət və sevgi həyatın və ömrün ədəbi mayası, yaşamağın mənasıdır. Milli məhəbbət və ümumxalq sevinci yetkinliyin, cəsarət və fədakarlığın rəmzi, əlamətidir”,-deyənlər heç yanılmayıb. Əhməd bəyi də milli məhəbbət, milli qürur hər cür fədakarlığa aparmışdır. Ömrünün çox yarısını vətənindən uzaqda keçirən Əhməd bəy vətənpərvərliyi, millətsevərliyilə çoxlarına bir nümunə idi. Onun amal dostu Mirzə Bala Məhəmmədzadə yazırdı ki: “Əhməd Ağaoğlu təpədən dırnağa qədər bir azəri türkü olaraq yaşamış, düşünmüş və söyləmişdi. Hətta ölüncəyə qədər şivəsini belə düzəltməmişdir”.
Əhməd bəy 1909-cu ildə vətəni tərk etməyə məcbur olsa da, bütün varlığı ilə doğma yurduna, onun tarixinə, gələcək taleyinə bağlı bir mücahid olub. Özünə ikinci vətən saydığı Türkiyədə daha böyük əzmlə, qətiyyətlə, gecəli-gündüzlü, qibtəedici bir səylə çalışıb. Türk dünyasının bir parçası olan Azərbaycanın varlığını, mövcudluğunu, maddi və mənəvi dəyərlərini bütün dünyaya bəyan etmək üçün son nəfəsinə kimi mübarizə aparıb Əhməd bəy.
O, 1903-cü ildə “Kaspi” qəzetində yazırdı: “Millətçilik hörmətə layiq, möhtəşəm bir hadisədir. O, xalqın həyatında labüddür. Məncə, bəşəriyyətin təkamülü tarixində insan qəlbinin dindən sonra ikinci böyük məbədi millətçilikdir. Millətçilik, tarix boyu misilsiz hünərlər qaynağı olmuş və olacaqdır deyə düşünməkdəyəm”,-deyən Əhməd bəy o zaman nə qədər haqlı idi. Çünki yanında “Türk millətindənəm, İslam ümmətindənəm, Azərbaycan məmləkətindənəm!” deyən amal dostu Əli bəy var idi.
... Bilgə Kağanın (673-732) çox ulu və gözəl bir kəlamı var. O deyirdi ki: “Ey Türk oğuz bəyləri! Türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinməyincə, bil ki, Türk ulusu, Türk yurdu, Türk dövləti, Türk törəsi pozulmaz. Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə layiq ol! Ey ölməz türk ulusu, özünə dön!”.
...Bu gün o dünənə dönməyə, özümüz olmağa nə qədər böyük ehtiyacımız var! Dünənindən qoparaq daha çox Avropa adət-ənənəsinə meyl edən böyük Türk gəncliyi! Hələ 1888-ci ildə Parisdə Sarbon Universitetində oxuyan Əhməd bəy illər sonra xatirələrində yazırdı ki: “Təkərlərin hər dönüşü ilə (...) mənə can və ruh vermiş olan insanlardan bir az daha uzaqlaşırdım. Yalnız müddətən deyil, mənən də...”. Ey Azərbaycan gənci! Bu mənən uzaqlaşmamaq üçün xalqımızı, millətimizi, vətənimizi Əhməd bəy kimi qeyrətlə, vicdanla, cəsarətlə sevək! Heç olmasa indən belə bunu edək. Çünki uzun illər "mərifət, istedad, və xalqa xidmətinin ölçüsünə görə böyük mütəfəkkir-ədibdən çox-çox aşağı pillədə duranlar” belə ona qarşı ittihamlar, təhqirlər söyləməkdən utanmayıb, çəkinməyib.
Bu böyük şəxsiyyətin xalqı, vətəni üçün gördüyü işlərə kölgə salmağa cəhd edilib, onun adı və fəaliyyəti onun haqqında danışmağa belə haqqı çatmayanlar tərəfindən mənfi çalarlarla hallandırılıb. Hansı ki, onların heç biri Əhməd bəy Ağaoğlu kimi mükəmməl təhsil almamış, ensiklopedik bilik qazanmamışdır. Və heç biri mütəfəkkir alim, kəsərli qələm sahibi kimi dünya miqyasında tanınmayıb, dünya ədəbiyyatını və mədəniyyətini onun qədər bilməyib, dünya mətbuatında çap edilməyib. Bəs görən hansı savadla Ağaoğlunu bu şəklidə tənqid, təhqir edərək ünvanına “pantürkist”, “panislamist”, “burjua yazarı” deməklə iftiralar yağdırmaqla və ya kitablardan, əsərlərdən adını sildirməklə bu “bədbəxt”lər dərk etmirdilərmi ki, kitabdan ad silmək olar, amma tarixdən yox. Üzeyir bəy demiş: “O qara pərdəni tariximiz üzərinə örtməklə iş bitəcəkmi düşünürdülər?” Əbəs cidd-cəhddir. Çünki tarix elə tarix olaraq qalır. Zamanın və tarixin gərdişi gec-tez hər şeyi faş edir. Necə ki, Əhməd bəy özü deyirdi: “Tarix bir hökmü-rəbbaidir-ilahidir”.
Amma onu da qeyd edim ki, Əhməd bəyi gözü götürməyən “qələmdaş”larımız hələ sovetlərdən çox əvvəl də olub. Belələrinin cavabını Üzeyir bəy yaxşı verib: “...Əhməd bəy o adam deyilmi ki, camaatımızın ən müşkül və qorxulu bir halında, yəni erməni-müsəlman facieyi-mənhusəsində mərd-mərdanə döşünü gərib qılıncdan kəskin və müəssi (təsirli) qələmilə üzərimizə olan hücumları dəf ediyordu? Və bu yolda onun bir nəfər də olsun köməkçisi yox idi. Əcəba, bunu “zənburçular” bilmiyorlarmı?”
Hələ 1892-ci ildə İngiltərə kraliçası Viktoriya adına elmi cəmiyyətin dəvəti ilə Londonda keçirilən Beynəlxalq şərqşünaslar konqresinə dəvət alan və orada çıxış edən bu müsəlman gənci çoxlarını heyrətə salmışdır. Məruzə Kembric universitetində ingilis və fransız dillərinə tərcümə edilərək çap olunur. Beynəlxaq mütəxəssislər tərəfindən maraqla qarşılanan bu tədqiqata görə İran şahı Ağaoğlunun şərəfinə böyük ziyafət verərək ailəsinin uzun illər “uğur üzüyü” kimi əzizlədiyi çox qiymətli üzüyü ona bağışlayır. Ağaoğlu isə bu uğurlarla kifayətlənərək qalmır.
Xalqını, vətənini onun gələcək səadətini düşünən Ağaoğlu müəllimi Renanın “Sən dünya miqyaslı bir alim olmaq keyfiyyətlərinə malik insansan. Ölkənə getmə, Şərq səni yeyər” fikrinin əleyhinə çıxaraq “Şərqdə oxumuş adamlara ehtiyac var. Sizdən öyrəndiklərimi məmləkətimin vətəndaşlarına öyrədəcəyəm”,-deyə üz tutur vətəninə.
Bütün bunları həyata keçirmək üçün yalnız pedaqoji fəaliyyətin azlığını dərk edən Əhməd bəy ölkəsində mətbu sözünə nail olmaq fikrinə düşür və jurnalistika onun fəaliyyətində aparıcı mövqeyə çevrilir. Çünki o,hələ Parisdə universitetdə oxuyarkən fransız qəzetləri ilə əməkdaşlıq etmiş və mətbuatın nəyə qadir olduğunu görmüşdü. Bu məqsədlə 1894-cü ildə gənc Əhməd bəy “Məşriq” adlı qəzet çap etmək arzusu ilə icazə almaq üçün Peterburq senzura komitəsinə ərizə ilə müraciət edir. Təbii hökumət onun bu arzusununun əleyhinəçıxır. 3 yanvar 1884-cü ildə komitə ümumiyyətlə Azərbaycan dilində qəzet və jurnal nəşrini büsbütün arzuolunmaz sayıb cənab Ağayevin ərizəsini rədd etməyi lazım bilir. Lakin bu inadkar Əhməd bəyi heç də ruhdan salmır. Ağaoğlu da hökumətin “lazım bilmədiyi” bu məsələdə“özünün lazım bildiyini” seçir. Rus dilini mükəmməl bilən Əhməd bəy üz tutur rus dilində fəaliyyətdə olan “Kavkaz” və “Kaspi” qəzetlərinə. Çar hökumətinin öz dilində ona etiraz edərək, xalqının arzu və istəkləri uğrunda bir hüquqşünas, siyasətçi, redaktor, jurnalist, publisist, müəllim kimi mübarizəyə başlayır.
20-ci yüzilliyin əvvəlləri Əhməd bəy üçün ana dilli qəzet yaratmaq arzusu ilə başlayır. Bu arzu “Həyat”ın, “İrşad”ın, “Tərəqqi”nin doğuşu ilə reallaşdı. Əhməd bəy indi öz xalqına öz dilində demək istədiklərinə qismən də olsa nail oldu. Bu inadkar qələm sahibini daha məsuliyyətli olmağa sövq edirdi. “Həyat”ın məqsədi “həyatı mənayi-həqiqəsinə xidmətdir” söyləyən Ağaoğlu “İrşad”da bu xidmətin yolunu oxucusuna göstərdi.
“...Mən sənə heç vaxt xidmət etməyəcəyəm. Sən azadlığın düşmənisən. Mən sənə kölə olmayacağam...” söyləyən Əhməd bəy bu köləlikdən xalqını da azad etmək üçün hər şeyini qurban verdi. Vətənindən, əzizlərindən uzaq düşdü, hər cür çətinliklərə sinə gərdi. Amma amalından dönmədi. Ömrünün sonuna kimi xalqı, milləti, onun azadlığı uğrunda mücadilə apardı. Azadlıq eşqi, zülmə nifrət -bu idi Əhməd bəyin inadkarlığı, “dəli-doluluğu”. Sözün əsl mənasında bir qərbçi-maarifçi, amma təpədən-dırnağa millətpərvər olan Əhməd bəy belə bir şəxsiyyət olub.
“Sərbəst insanlar ölkəsində”ki əsərində arzuladığı kimi “fikir təmizliyi, söz təmizliyi, hərəkət təmizliyi”amalı olub Əhməd bəyin. Yüksək ailə tərbiyəsi görmüş, Peterburq və Fransa universitet təhsilinə yiyələnmiş Əhməd bəy həm qərbli, həm şərqli idi. O, Qərbin təhsilini, Şərqin saf, təmiz mənəviyyatına qurban verməmiş, böyük bir türk oğlu olaraq qalmış. O, Paris milli kitabxanalarında, Britaniya muzeylərində gördüklərini öz doğma yurdunda da görmək arzusu ilə çalışıb. Bütün bunlar Əhməd bəyi milli azadlıq hərəkatının təsiri ilə mükəmməl milli intibah və milli azadlıq konsepsiyasına gətirib çıxarıb.
Ağaoğlu da həm şəxsi həyatında, həm də yaradıcılığında arzuladığı sərbəst ölkənin, sərbəst vətəndaşı olmuşdur. Milli intibah arzuları ilə yaşayan Ağaoğlu arzularını həyata keçirmək üçün nadanlarla mübarizədə bir az “dəli-dolu” idi. Təqiblərə, sürgünlərə, həbslərə baxmayaraq (“Difai”ni yaratdıqdan sonra bu təqiblər daha təhlükəli bir vəziyyət alıb) necə düşünüb elə yazıb, necə istəyib elə hərəkət edib. Deyilənə görə, bu dünyadan köç edəndə də nəcib, fədakar bir insan kimi gedib.
Sovetlər dövründə Əhməd bəyi daha çox millətçilikdə günahlandıranların çoxları bəyəm bilmirdilər ki; “millətçilik olmasaydı, bir çox xalqlar hələ də yadların zülmü altında inləməkdə” idilər. Biz özümüz də 1918-ci ildə istiqlalımızın qələbəsi üçün Ağaoğlulara, Əlibəylərə, Məhəmmədəminlərə, Əli Mərdan bəylərə, Üzeyir bəylərə və daha neçə-neçə amal sahiblərinə borclu deyilikmi?!
Əhməd bəyə “özünə ehtiram tələb etməklə bərabər, başqalarının milli duyğu və düşüncələrinə də hörmət bəsləmək həqiqi millətçi üçün vacib şərtdir” söyləməklə nə qədər haqqlı idi. O,“Difai”ni yaradarkən onun proqramının əsas maddəsinin şərhini belə verirdi: “Firqəmizin məqsədi Qafqaziya xalqları arasında səmimi qardaşlıq və birlik yaratmaqdır”. Amma bu birliyin yaranmasını istəməyən çar hökuməti tarixən bunun əleyhinə olub. Çünki xalqların azadlığı və müstəqilliyi ona əl vermirdi.
Çox düz deyirlər ki: “Zindanda olana azadlıq, qaranlıqda olana işıq gərəkdir”. Əhməd bəy mübarizə apardığı zaman xalqımız bütövlüklə cahalətin girdabında boğularaq işığa doğru can atırdı...
...İşıqlı günlər nəsibimiz olsun ki, Əhməd bəyin ruhu şad olsun!
BDU-nun professoru Qərənfil Dünyaminqızı
