Əhəmiyyətli memarlıq abidəsi söküləcək? - Detallar
Nəsimi rayonu ərazisində 100-dən çox yaşı olan yerli əhəmiyyətli memarlıq abidəsinin Bakının baş planına uyğun olaraq sökülməsi ilə bağlı iddialar var.
Salatın Əsgərova və Bülbül prospektlərinin kəsişməsində yerləşən yerli əhəmiyyətli memarlıq abidəsi. Bəzi mənbələrə görə bina 1848-ci ildə, digər mənbələrə isə 1899-cu ildə milyonçu İsa bəy Hacınski tərəfindən tikilib. Yerli sakinlər isə deyir ki, bina 1905-ci ildə 2 mətəbəli bina olaraq tikilib, daha sonra 1959-cu ildə 3-cü mərtəbəsi artırılıb.
100-dən çox yaşı olan bina indi qəzalı vəziyyətdədir. Vaxtilə təxminən 100 ailənin yaşadığı tikilidə indi 60-a yaxın ailə qalıb.
Sözügedən binanın sakini Cavanşir Həmzəyev deyir: “Məndən soruşsalar haralısan, deyərəm buralıyam. Nəyə görə? Çünki mən, atam, babam, övladlarım, nəvələrim - beş nəsildir bu binada yaşayırırıq. Şəxsən nə mən, nə də digər sakinlər köçmək nə istəyər, nə də bu binanın sökülməsini istəyər”.
Digərbina sakini Samir Hacı adlı vətəndaş deyir ki, bina Sovet vaxtından bir dəfə də olsun təmir olunmayıb: “Valideynlərim də burada yaşayıblar. İndi oğlum, ailəsi, nəvəm də yaşayır. Arzum budur ki, nəticələrim də burada yaşayardı. Biz istəyirik burada yaşayış olsun. Biz buradan getmək istəmirik. Çünki burada böyümüşük. 70 ildir mən gözümü açandan buradayam”.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirildi ki, memarlıq abidəsinin söküləcəyi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir. Xidmətin Bakı Regional İdarəsinin əməkdaşları əraziyə baxış keçirib. Yayılan məlumatları təsdiq edən heç bir fakta rast gəlinməyib.
Nəsimi rayon İcra Hakimiyyəti də quruma binanın sökülməsi ilə bağlı heç bir rəsmi sənədin daxil olmadığını bildirdi. Qaldı ki, binanın restavrasiya olunmasına, tikilinin fasadında ciddi qəzalı vəziyyət qeydə alınmadığı üçün hər hansı təmir işlərinin də aparılması nəzərdə tutulmayıb.
