Honkonqda meymunçiçəyi virusuna yoluxma artır: təhlükə var?
Honkonqda meymunçiçəyi virusuna yoluxma hallarının artması diqqət çəkir. Mütəxəssislər bildirirlər ki, virus əsasən yaxın təmas yolu ilə yayılır. Yoluxmuş şəxslərin təcrid olunması və risk qrupuna daxil olan insanların peyvəndlənməsi xəstəliyin geniş yayılmasının qarşısını almağa kömək edə bilər.
Mövzu ilə bağlı səhiyyə eksperti Rasif Bağırov “İnformator.az”a açıqlamasında bildirib ki, meymunçiçəyi virusuna müxtəlif bölgələrdə ayrı-ayrı yoluxma halları şəklində rast gəlinir və xəstəlik, bir qayda olaraq, genişmiqyaslı yayılmaya səbəb olmur.
“Honkonqda da 2022-ci ildən bəri bir neçə dəfə belə hallar qeydə alınıb və yoluxmaların ümumi sayı yüzü ötüb. Xəstəliyin yayılması insanlar arasında birbaşa təmas və digər ötürülmə yolları ilə əlaqədardır. Ümumdünya Səhiyyə Təşkilatı bu cür halların qarşısının alınması üçün müvafiq tədbirlər həyata keçirir. Avqust ayından etibarən yoluxma hallarının artdığı müşahidə olunur. Honkonqda xəstəliyin yayılmasının qarşısını almaq üçün müəyyən tədbirlər görülür”.
Rasif Bağırovun sözlərinə görə, yoluxma hallarına nəzarət etmək üçün təcridetmə və peyvəndləmə tədbirləri mühüm əhəmiyyət daşıyır.
“Belə hallarda yalnız həmin ərazidə deyil, dünyanın müxtəlif yerlərində risk qrupuna daxil olan şəxslərin peyvəndlənməsi vacibdir. Eyni zamanda, yoluxmuş şəxslər təcrid olunur və bununla da virusun digər insanlara keçməsinin qarşısı alınır. Bu cür tədbirlər əvvəllər də həyata keçirilib və bir çox hallarda xəstəliyin yayılmasının qarşısını almağa kömək edib”.
Səhiyyə eksperti qeyd edib ki, meymunçiçəyi virusunun yayılma potensialı bəzi digər yoluxucu xəstəliklərlə müqayisədə məhduddur. Onun fikrincə, vaxtında görülən tədbirlər yoluxma hallarının müəyyən ərazi daxilində lokallaşdırılmasına və xəstəliyin yayılmasına nəzarət edilməsinə imkan verir.
“Honkonqda qeydə alınan yoluxma halları həm yerli yoluxma, həm də virusun xaricdən gətirilməsi nəticəsində baş verə bilər. Əsas məqam ondan ibarətdir ki, meymunçiçəyinin geniş yayılma intensivliyi adətən yüksək olmur. Buna görə də yoluxma hallarını qeydə alındığı ərazidə lokallaşdırmaq və müvafiq tədbirlər vasitəsilə nəzarətə götürmək mümkündür”.
Aynur Əhmədli