Hörmüz boğazı yenidən açıla bilər- ŞƏRH
ABŞ və İran arasında 60 günlük atəşkəsin uzadılmasını nəzərdə tutan razılaşmanın imzalanmasına yaxın olunduğu bildirilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Amerika və İran arasında aparılan danışıqlarda müəyyən nəticələrə gəlinsə də, yekun nəticə hələ açıqlanmayıb:
“Tərəflərin verdiyi təyinatlardan aydın olur ki, bir xeyli məsələlərdə ortaq məxrəcə gəlməyə çox yaxındırlar,amma yekun sənədin razılaşılması üçün hələ bir müddət zamana da ehtiyacın olduğu vurğulanır. Nəzər alsaq ki, gələn ayın 5-də ABŞ və İran nümayəndələrinin görüşü nəzərdə tutulur, bu baxımdan Hörmüz boğazının açılması ilə bağlı tərəflərin razılığa gəlmə ehtimalı artır. Tərəflər Hörmüz boğazının açılması, blokadananın aradan qaldırılması, İrana qarşı sanksiyaların yumşaldılması və İran neftinin də 60 gün müddətində ixracına imkan yaradacaq bir razılaşmaya çox yaxındırlar. 60 gün müddətində isə tərəflər İranın nüvə proqramı ilə bağlı məsələləri müzakirə edəcəklər. Doğrudan da yayılan məlumatlar öz təsdiqini tapacaqsa və ABŞ blokadanı aradan qaldıracaq və İran Hörmüz boğazını açacaqsa o zaman bu, dünya iqtisadiyyatına, dünya enerji bazarına kifayət qədər müsbət təsir edə biləcək bir hadisə olardı. Belə ki, məhz Hörmüz boğazından dünyanın 20% enerji resursları daşınmaqdadır. Bundan başqa həm də dünya gübrə bazarının da təxminən 20-25%-i buradan təmin olunur. Yəni, Hörmüz boğazı olduqca strateji bir mövqeyə malikdir".
Politoloq qeyd edib ki, boğazın açılması əlbəttə ki, enerji bazarları ilə bərabər dünya iqtisadiyyatına müsbət təsir edəcək:
"Son iki gündə yayılan məlumatlardan belə aydın olur ki,tərəflər anlaşmaya xeyli dərəcədə yaxınlaşıblar, amma hansısa bir sürpriz və fors-major halı olmasa, demək,razılaşma da mümkün olacaq. Hər halda bu bir ümiddir. Ümid edək ki, tərəflər son anda əvvəlki hallarda olduğu kimi bu anlaşmadan geri çəkilməsinlər. Əgər tərəflər arasında razılaşma əldə olunarsa, bu, hər iki tərəf, o cümlədən bütün region üçün xeyirli bir hadisə ola bilər”.
Nurgün Qənizadə