00:00:00
Yazar
Ayan Sədi
13.07.2026 22:24 52 2 dəq oxuma
Dünya

Hörmüz boğazında böhran: ABŞ-İran qarşıdurması davam edir

Hörmüz boğazında böhran: ABŞ-İran qarşıdurması davam edir

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran nümayəndələri Vaşinqtonun təklif etdiyi sazişlə razılaşdıqdan cəmi bir saat sonra Hörmüz boğazında gəmiyə PUA ilə zərbə endiriblər. Tramp razılaşmanın detallarını açıqlamayıb və Hörmüz boğazının gəmiçilik üçün açıq qaldığını vurğulayıb.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ-İran münasibətlərində gərginlik davam edir və onlayn formatda imzalanan saziş münaqişənin həlli üçün hələlik real nəticə verməyib:

 

"ABŞ-İran münasibətləri səngiməkdən çox uzaqdır və bu münaqişənin tezliklə bitəcəyini demək qeyri-mümkündür. Proseslərin tam tənzimlənməsi üçün hələ uzun zamana ehtiyac var. Baxmayaraq ki, onlayn formatda müəyyən saziş imzalanıb, lakin reallıqda bu sazişin bugünkü gündə heç bir əhəmiyyəti qalmayıb. Çünki tərəflər arasında qarşılıqlı atışmalar və gərginlik hələ də davam edir. Bu durum getdikcə həm Hörmüz boğazında, həm də bütövlükdə Yaxın Şərqdə vəziyyəti daha da mürəkkəbləşdirir".

 

Politoloq qeyd edib ki, ABŞ və İran arasında qarşıdurmalar, qarşılıqlı hücumlar və üçüncü qüvvələrin müdaxiləsi münaqişənin hələ də aktiv mərhələdə olduğunu göstərir və yekun razılaşmanı çətinləşdirir:

 

 “ABŞ-İran münasibətlərində hər iki tərəf öz şərtlərini irəli sürür. Hətta vaxtilə Trampın bu tələbləri reallaşdırdığı və qarşılıqlı razılığın əldə olunduğu bildirilsə də, real addımlar tamamilə fərqli mənzərəni ortaya qoyur. Biz hər gün İran və Amerika arasında qarşıdurmaları, gəmilərin hədəfə alınmasını və dron hücumlarını müşahidə edirik. İranın Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı və İraqdakı ABŞ bazalarına zərbələr endirməsi, Amerikanın isə buna cavab olaraq İran gəmilərinə və onun proksi qüvvələrinə hücum etməsi münaqişənin hələ də aktiv fazada olduğunu sübut edir. Bu müharibənin yekun razılaşma ilə bitməməsinin əsas səbəblərindən biri burada İsrailin maraqlarına zidd olan məsələlərin mövcudluğudur və mövcud ABŞ rəhbərliyi bu məqamda hələ ki təsirli addım ata bilmir. Əslində, münaqişənin müəyyən razılaşdırılan tərəfləri olsa da, prosesə üçüncü qüvvələrin müdaxilə etməsi vəziyyəti yenidən gərginləşdirir.”

 

R.Mamedova vurğulayıb ki, Hörmüz boğazında artan gərginlik həm qlobal iqtisadiyyat, həm də dəniz təhlükəsizliyi üçün risk yaradır və münaqişənin həlli tərəflər arasında birbaşa razılaşmadan asılıdır:

 

"Bölgədəki təhlükəsizlik problemləri getdikcə daha kritik hala gəlir. Hörmüz boğazında keçidlərin yenidən məhdudlaşdırılması qlobal iqtisadiyyata böyük zərbə vurmaqla yanaşı, yeni qiymət artımlarına da zəmin yaradır. Eyni zamanda, boğazdan keçən gəmilərin təhlükəsizliyi də ciddi sual altındadır. Bir sözlə, münaqişənin həlli üçün onlayn formatda imzalanan sazişlər yetərli deyil. Tərəflər mütləq bir araya gəlməli, xüsusilə ABŞ ilk növbədə İsraillə bu məsələni tənzimləməlidir. Çünki İsrail prosesə nə qədər çox müdaxilə edərsə, bu problemin həlli bir o qədər gecikəcək və uzanacaq".

 

Aydan Əsgərxanlı

#baki #yeni #azərbaycan #boğazında #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər