00:00:00
Yazar
Aise Mustafayeva
03.09.2026 22:58 51 3 dəq oxuma
Gündəm

Hörmüz boğazında gərginlik: Neftin qiyməti 100 dollara çata bilər

Hörmüz boğazında gərginlik: Neftin qiyməti 100 dollara çata bilər

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazından neft tankerlərinin keçidini məhdudlaşdırmaq imkanlarının demək olar ki, olmadığını bildirib.

 

 

Tramp Ağ Evdə çıxışı zamanı ABŞ-nin hazırda Hörmüz boğazına nəzarət etdiyini və boğazdan hər gün çox sayda gəminin keçdiyini deyib. O, həmçinin İranın iqtisadi vəziyyətinin ağır olduğunu və ölkənin iqtisadi çöküşə yaxınlaşdığını iddia edib.

 

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Əziz Əlibəyli bildirib ki, Hörmüz boğazında yaranan vəziyyət regionda təhlükəsizlik risklərini artırmaqla yanaşı, qlobal enerji bazarına da ciddi təsir göstərə bilər.

 

 

 

"Əvvəla, hələ ki, həmin nəzarət mexanizmi yoxdur. Bu nəzarət mexanizminin əvəzində toqquşma nəzarət sistemi olar. Hər iki tərəf bir-birini vurur, bombardıman edir, lakin bu iki tərəfə görə üçüncü tərəflər buradan heç bir gəmi və məhsul keçirə bilmirlər. Bax, problem odur".

 

 

 

Ə.Əlibəyli hesab edir ki, Hörmüz boğazında neft daşımalarının risk altına düşməsi dünya enerji bazarında ciddi nəticələrə səbəb ola bilər.

 

 

 

"Hörmüz boğazında neft daşımalarının risk altına düşməsi dünya enerji bazarında ağır nəticələr doğurar. Çünki dünya karbohidrogen ehtiyatlarının 25-30 faizi buradan keçib. Nəticə etibarilə neftin qiyməti yenidən 100 dollar ətrafına yüksələ bilər. Bu, neft alan ölkələrə çox böyük ölçüdə zərər vurur".

 

 

 

Siyasi şərhçinin sözlərinə görə, dünya ölkələrinin alternativ enerji mənbələrinə keçid istiqamətində addımlar atmasına baxmayaraq, bir çox dövlət hələ də fosil yanacaqlardan tam şəkildə asılılığını aradan qaldıra bilməyib.

 

 

 

"Bilirsiniz, indi yanacaqdan nə qədər imtina etmək mümkündürsə, dövlətlər imtina edir. Amma karbohidrogen müharibəsi vaxtsız başlayıb və bu ölkələrin bir çoxu həmin yanacağa alternativ keçə bilmədilər. Fosil yanacaqlardan imtina edə bilməyiblər. Nəticə etibarilə bütün dünya iqtisadiyyatı, ilk növbədə, üçdə biri qədər zərər görməyə başlayıb. Bu, avtomatik olaraq digər iki hissəyə də böyük təsir göstərir".

 

 

 

Ekspert Trampın İranın iqtisadi çöküşə yaxın olduğu barədə açıqlamasının Tehrana siyasi və iqtisadi təzyiq göstərmək, onu danışıqlara məcbur etmək məqsədi daşıya biləcəyini düşünür.

 

 

 

"Bu, İranın iqtisadi çöküşü ilə bağlı verilən proqnozların özünü doğrultmaması ilə də bağlıdır. Çünki İran hər şeyi özü istehsal edir. Amma təbii ki, İranda, türklər ‘sıcak para’ deyirlər, biz nə deyək ona, nağd vəsait çatışmazlığı var. Buna görə xaricdən zəruri tələbat olan malları ala bilmirlər".

 

 

 

O əlavə edib ki, İranın iqtisadi təzyiqləri müəyyən qədər yumşaltmaq üçün alternativ mexanizmlərdən istifadə etmək imkanları da mövcuddur.

 

 

 

"Amma alternativi də vardır. Yəni bu qara iqtisadiyyat, qaçaqmalçılıq, qaçaq mal vasitəsilə və s. İranın bir məsələdə də bəxti gətirir ki, onun qonşularının böyük əksəriyyəti qeyri-sivil ölkələrdir. Mərkəzi hakimiyyətlər nəzarət sisteminə malik deyil deyə, qruplar vasitəsilə, qaçaqmalçılıq yolu ilə bu sistemi işlədə bilirlər, bu çarxı döndərə bilirlər".

 

 

 

Ə.Əlibəyli hesab edir ki, İran iqtisadiyyatının qısa müddətdə çökəcəyini gözləmək real görünmür.

 

 

 

"O baxımdan da, iqtisadi baxımdan çökəcək və bu, çox sürətlə baş verəcək demək bir az absurd görünür. Çünki, hər halda, bu baş verməyib".

 

Aişə Mustafayeva

#çata #qiyməti #100 #neftin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər