00:00:00
Yazar
Ayan Sadi
23.10.2026 20:21 42 2 dəq oxuma
Dünya

Hörmüz boğazındakı insidentlər - enerji təhlükəsizliyini 

Hörmüz boğazındakı insidentlər - enerji təhlükəsizliyini

İranla ABŞ arasında gərginlik fonunda Fars körfəzi və Hörmüz boğazında dəniz insidentləri baş verib. SEPAH dörd gəmiyə zərbə endirildiyini, İran ordusu isə üç gəminin dəniz minalarına toxunduğunu bildirib. İran ABŞ-ni insidentlərə şərait yaratmaqda ittiham edib.

 

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Hörmüz boğazındakı insidentlər enerji təhlükəsizliyini təhdid edir və regionda hərbi eskalasiya riskini artırır:

 

 

“İranla ABŞ arasında qarşıdurmanın kəskinləşməsi və Fars körfəzi ilə Hörmüz boğazında baş verən dəniz insidentləri Yaxın Şərqdə təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir. Bilirik ki, Hörmüz boğazının strateji əhəmiyyəti onun dünya enerji ticarətində oynadığı rolla müəyyən edilir. Fars körfəzi ilə Oman körfəzi arasında yerləşən bu dar su yolu Yaxın Şərqdə hasil olunan neft və mayeləşdirilmiş təbii qazın beynəlxalq bazarlara daşınmasında mühüm mövqeyə malikdir. Buna görə də burada gəmiçilik təhlükəsizliyinin pozulması təkcə İran və ABŞ arasındakı münasibətlərə deyil, Asiya və Avropanın enerji təchizatına da təsir göstərir.

 

 

Bu cür insidentlərdə ən böyük risk hərbi eskalasiyanın genişlənməsidir. Gəmilərə hücumlar, mina təhlükəsi və dəniz hərəkətinə məhdudiyyətlər ABŞ-nin regiondakı hərbi qüvvələrinin müdaxiləsini gücləndirə bilər. İranın Amerika bazalarına qarşı daha geniş cavab tədbirləri ilə bağlı xəbərdarlığı isə qarşıdurmanın körfəzdəki digər ölkələrə yayılması ehtimalını artırır. Belə olan halda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətər kimi ölkələrin təhlükəsizlik hesablamaları da dəyişə bilər”.

 

 

Politoloqun sözlərinə görə, Hörmüz boğazındakı insidentlər neft qiymətlərini və inflyasiyanı artıra, qlobal iqtisadiyyata təsir göstərə bilər, buna görə diplomatik həll vacibdir:

 

 

“Daha bir istiqamət isə qlobal enerji bazarıdır. Gəmiçilikdə fasilələr, sığorta haqlarının yüksəlməsi, tankerlərin alternativ marşrutlara yönəlməsi və çatdırılma müddətlərinin uzanması neft qiymətlərində dəyişkənliyi artıra bilər. Uzunmüddətli pozuntu isə enerji idxalından asılı ölkələrdə nəqliyyat və istehsal xərclərini yüksəldərək inflyasiyanı sürətləndirə bilər. 

Odur ki, Hörmüz boğazındakı insidentlərin ayrı-ayrı gəmi hadisələrindən daha geniş məna daşıdığını deyə bilərik. Onlar enerji təhlükəsizliyi, beynəlxalq ticarət və regional sabitliyin bir-biri ilə nə qədər sıx bağlı olduğunu göstərir. 

 

 

Eskalasiyanın qarşısının alınması üçün dənizdə təhlükəsiz keçidin təmin edilməsi, hərbi təmas kanallarının açıq saxlanılması və diplomatik danışıqların bərpası xüsusi əhəmiyyət daşıyır. Əks halda, lokal dəniz insidentləri daha geniş regional qarşıdurmaya və qlobal iqtisadi nəticələrə səbəb ola bilər”.

 

 

Aydan Əsgərxanlı

#gündəm #azərbaycan #insidentlər #enerji #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər