Hörmüz boğazının açılması dünya bazarında sabitliyə töhfə verib
ABŞ-nin vitse-prezidenti J. D. Vance bildirib ki, ABŞ İran limanlarına tətbiq olunan dəniz blokadasını faktiki olaraq aradan qaldırıb və İran gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verib. Onun sözlərinə görə, ABŞ razılaşma çərçivəsində İran yaxınlığındakı əlavə hərbi qüvvələrini də tədricən əvvəlki səviyyəyə endirəcək.
Mövzu ilə bağlı politoloq Ramiyə Mamedova “İnformator.az”a açıqlamasında bildirib ki, Tehran-Vaşinqton münasibətlərindəki yumşalma nəticəsində Hörmüz boğazında gəmi keçidləri sərbəstləşib ki, bu da dünya bazarında iqtisadi sabitliyə töhfə verib:
“ABŞ-nin İran limanlarından çıxması bu 14 maddəlik sazişdə artıq göstərilib. Çünki Hörmüz boğazı tamamilə sərbəst qalmalı və orada keçidlərin hər biri azad gediş-gəliş üçün açıq olmalı idi. Başqa cür mümkün deyil. Getdikcə iqtisadi vəziyyət daha da çətinləşib, dünya bazarında qiymətlərin artması nəticəsində Hörmüz boğazının açılması zərurətə çevrilib. Tehran-Vaşinqton münasibətlərindəki yumşalma nəticəsində Hörmüz boğazında hərəkət sərbəstləşib. Həm İran gəmilərinin keçidinə icazə verilib, həm də İran digər ölkələrin gəmilərinin keçidinə şərait yaradıb. Bu addım dünya bazarında iqtisadi tənzimləmə rolunu oynayıb”.
Politoloq qeyd edib ki, Vaşinqtonun Tehranla münasibətləri yumşaltmasına baxmayaraq, əsas sanksiyalar qüvvədə qalır, çünki İranın tam inteqrasiyası ABŞ və İsrailin maraqlarına uyğun hesab olunmur:
“Digər tərəfdən, Vaşinqtonun Tehranla yeni mərhələyə qədəm qoyması və blokada siyasətindən qismən uzaqlaşması Hörmüz boğazındakı vəziyyətin normallaşmasına təsir göstərib. Lakin nəzərə almaq lazımdır ki, söhbət yalnız sonradan tətbiq edilən bəzi sanksiyaların yumşaldılmasından gedib. Daha əvvəlki sanksiyaların ləğvi isə hələ gündəmdə olmayıb və yaxın müddətdə bunun baş verməsi də real görünmür. DJ Vensin açıqlamasına görə, Tehran bütün sanksiyalardan azad olarsa, ölkənin inkişafı sürətlənə və dünya iqtisadiyyatına inteqrasiyası dərinləşə bilər. Bu isə nə ABŞ, nə də İsrail üçün arzuolunan mərhələ hesab olunub. Buna görə də İranın müəyyən sanksiyalar altında saxlanılması Vaşinqton üçün daha məqsədəuyğun sayılıb. Burada İsrail amili də mühüm rol oynayıb və bu təsir özünü qoruyub saxlayıb”.
R. Mamedova bildirib ki, ABŞ-nin Yaxın Şərqdə hərbi mövcudluğunu azaltması regiondakı balansın qismən bərpasına təsir göstərsə də, İran əvvəlki təsir gücünü tam bərpa etməkdə çətinlik çəkir:
“Hərbi mövcudluğun azalması da prosesə təsir göstərib. Donald Tramp hakimiyyətə gəldikdən sonra ABŞ-nin Yaxın Şərqdən mərhələli şəkildə çəkilməsi məsələsi gündəmdə olub. Çünki regionda hərbi kontingentin saxlanılması Vaşinqton üçün böyük maliyyə xərcləri tələb edib. Buna görə də bazaların və hərbi iştirakın azaldılması siyasəti davam etdirilib. Bu addımlar təhlükəsizliyi qorumaqla yanaşı, regiondakı əvvəlki balansın müəyyən qədər bərpasına da şərait yaradıb. İran isə prosesdən kənarda qalmayıb, Livan məsələsini gündəmdə saxlayıb və HƏMAS-la bağlı mövqeyini müdafiə etməyə çalışıb. Bununla belə, İranın regionda əvvəlki təsir gücünü tam bərpa etməsi asan görünmür. Müharibədən sonra ölkənin üzərinə götürdüyü öhdəliklər formalaşıb və Tehran yeni qarşıdurmaların qarşısını almaq üçün həmin öhdəlikləri yerinə yetirməyə məcbur qalıb”.
Aydan Əsgərxanlı