Hörmüz böhranı və qlobal karbohidrogen bazarı
Donald Tramp Ağ Evdə və sosial şəbəkələrdə açıqlamalarında Hörmüz boğazının sözün əsl mənasında tam nəzarətləri altında olduğunu, həmçinin gəmilərin hərəkətini tənzimlədiklərini bildirib. O, vəziyyətin gələcəkdə dəyişə biləcəyinə də işarə edib.
Mövzu ilə bağlı "İnformator. az"a açıqlamasında politoloq Taleh Əliyev bildirib ki, ABŞ kimi qeyri-region ölkənin Hörmüz boğazına təkbaşına nəzarət etməsi real görünmür:
"Real olmamasının səbəbi, qapalı hövzə vəziyyətində olan Hörmüz boğazının keçdiyi Körfəz ərazisində yerləşən dövlətlərin sahib olduğu zəngin karbohidrogen ehtiyatlarının dünya enerji ehtiyacının olduqca əhəmiyyətli bir hissəsini təmin etdiyindən, təkcə region ölkələri deyil, həm də bu regionun karbohidrogen ehtiyatlarından asılı vəziyyətdə olan, əsas alıcıları olan ölkələr, elə başda Çin, Avropa kimi böyük dövlətlər Hörmüz boğazının hər hansı bir ölkənin birtərəfli nəzarətində olmasına heç bir halda razı olmayacaqlar".
Politoloq qeyd edir ki, ABŞ kimi qeyri-region, İran kimi region ölkəsi birtərəfli gegemoniyası ilə razılaşılmayacaqdır:
“İranla ABŞ arasında davam edən sükunət vəziyyətinin yenidən Hörmüz boğazına görə aktiv hərbi əməliyyatlar mərhələsinə qayıtması an məsələsidir. Şübhəsiz ki, müharibədə tərəflərdən birinin daha açıq üstünlüyü əldə olunana qədər Hörmüz boğazından təzyiq aləti kimi istifadə olunması dünyada, xüsusən də Yaxın Şərq karbohidrogen ehtiyatlarından asılı olan ölkələrin sıxıntısını artıracaq və qlobal neft-qaz bazarında qiymətin bahalaşmasına gətirib çıxaracaqdır".
Xədicə İsmayılova