00:00:00
Yazar
Admin User
06.07.2023 18:55 297 9 dəq oxuma
Sosial

"Həqiqətən mükəmməl olmursansa, jurnalist ola bilməzsən" - Cahangir Məmmədli ilə müsahibə

"Həqiqətən mükəmməl olmursansa, jurnalist ola bilməzsən" - Cahangir Məmmədli ilə müsahibə

İNFORMATOR.AZ-ın "Uğurlu müəllim" rubrikasının qonağı BDU-nun jurnalistika fakültəsinin professoru, Milli Mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədlidir.

 

Özünüzü oxuculara təqdim edərdiniz.

- Mən Cahangir Məmmədli, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Milli mətbuat kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru və professoram.

 


Hansı səbəbdən məhz jurnalist olmaq istədiniz? Sizə jurnalist olmağınız üçün ən motivasiya verən amil nə idi?

- Orta məktəbdə altıncı sinifdə oxuyan müddətdə kəndimizdə iki qardaş var idi. Həmin iki qardaş Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsinə qəbul oldular. O vaxtlar onlar radioda saysız-hesabsız oçerklərlə çıxış edirdilər. Oçerklərin qonaqları bəzən bizim kəndimizin adamları, kənd təsərrüfatının işçiləri də olurdu. Həmin iki qardaş mənə jurnalistika sahəsini seçməyim üçün motivasiya vermişdilər. Hətta mən altıncı sinifdə oxuyarkən, Ağdamda "Lenin yolu" rayon qəzetinə bir məqalə yazdım. Həmin yazı tənqidi yazı olduğu halda, hər kəs tərəfindən bəyənilmişdi. O tənqidi yazıdan sonra məktəbin direktoru narazı qalsa da, yaxşı yazı üslubuna sahib olduğumu və jurnalist ola biləcəyimi söyləmişdi. Bu hadisələrdən sonra mən jurnalist olmağa qərara aldım.

 

Jurnalistika sahəsində ilk vaxtlar necə fəaliyyət göstərdiniz?

- Universitetə ilk dəfə imtahan verəndə qəbul ola bilməmişdim. Rus dilindən 3 aldım. Halbuki Azərbaycan dilindən isə 5 almışdım. Məhz Rus dili fənninə görə həmin il qəbul ola bilmədim. Daha sonra yaş müddətim çatmasa da, Hərbi Komissarlığa gedərək hərbi xidmətə başlamaq istədim. Əsas səbəbi isə kəndimizin əhalisi universitetə girəcəyimə inandıqları üçün utandığımdan onların üzünə baxa bilmirdim. Hərbi hissədən məni ilk Rusiya ilə Amerikanın üz-üzə olduğu sərhəd hissəsinə göndərdilər. Onda 3 il əsgərlik dövründə mən 2 ilini imtahanlara tam şəkildə özümü hazır elədim. Nəticədə yüksək balla Filologiya fakültəsinin Jurnalistika şöbəsinə qəbul oldum. Məhz hərbi hissədən Bakıya imtahan vermək üçün gəlmişdim.

 

Niyə jurnalist olmaqdan əlavə müəllim kimi fəaliyyət göstərməyə qərara aldınız?

- Jurnalistika fakültəsinin sonuncu kursunda oxuyarkən, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi ölkənin rəhbərliyi idi. Orada çalışan Cəfər Cəfərov kimi bir çox savadlı şəxs var idi. Mən ona şagird dərsləri haqqında 4 səhifəlik bir məktub yazmışdım. Məktubun məzmunu Azərbaycan dilinin mətbuatda çox korlanmasından bəhs edirdi. Bu mövzunu ətraflı şəkildə izah etməklə, bunun həlli üçün yeddi təklif təqdim etmişdim. Məktub ona çatan kimi məni Mərkəzi Komitəyə çağırdılar. Mərkəzi Komitəyə gedəndə Cəfər Cəfərov heç bir şey demədi. Sadəcə məktubumun əl yazmasını və təkliflərimi oxudu. Oradakı qonaqlara dedi ki, "Mən sizə heç nə demirəm, gedin bu tələbənin təklifləri ilə bağlı mətbuatda çıxış edin. Azərbaycan dilinin mətbuatda korlanmasına imkan verməyin". Oradan da Bakı Dövlət Universitetinin rektoruna zəng etdi və bu tələbənin universitetdə əməkdaş kimi qalması üçün xahiş etdi. Məhz Şirməmməd Hüseynov da mənim o universitetdə qalmam üçün kömək etdi. Bundan sonra mən 4-cü kursdan baş laborant və jurnalistika fakültəsinin əməkdaşı kimi fəaliyyət göstərməyə başladım.

 

Müasir jurnalistikada "Uğurlu jurnalist və müəllim" kimi yadda qalmısınız. Bu fikrə münasibətiniz necədir?

- Məni yaxşı müəllim hesab edən zümrəyə təşəkkür edirəm. Ümumiyyətlə, yaxşı müəllim olmadan universitetdə işləmək düzgün deyil. Ya yaxşı müəllim olmalısan, ya da universitetdən başqa bir yerdə işləməlisən. Çünki müəllim çox müqəddəs bir sözdür. Ümummilli lider Heydər Əliyevin müəllimlik haqqında bir sözü var ki, "Müəllimlik ən şərəfli və çətin bir işdir". Bir neçə insanın tərbiyəsində, inkişafında sənin də rolun olması şərəflidir. Çətinliyi də ondan ibarətdir ki, müəllim gərək çox bilikli olsun. Xüsusilə, jurnalistika sahəsində fəaliyyət göstərən müəllimin biliyi daha çox olmalıdır. Jurnalistikanı duymaq, biliyi hiss eləmək kimi bacarıqlara malik olmalıdır ki, bunu tələbəyə də ötürə bilsin. Mən tələbələrlə müəllimlikdən daha çox dostluq münasibətindəyəm. Mənim auditoriyada keçdiyim dərsdənsə, dəhlizdə tələbələrlə görüşəndə elədiyimiz söhbətlər daha yaddaqalan olur. Prinsipcə, mən yaxşı tələbələrin dostluğunu seçirəm. Yaxşı tələbəyə dərs keçmək müəllim üçün asandır. Ancaq zəif tələbəni də yaxşı tələbələrin səviyyəsinə qaldırmağı bacarmalıdır. Həmişə zəif tələbələrimlə daha çox kontaktda oluram. Hətta onların yazılarının redaktəsində də müəyyən köməkliklər göstərirəm. Tələbə mənə balam qədər əzizimdir. Əgər ikimiz də bir-birimizə əziz olmasaq, onda müəllim və tələbə arasında münasibətlər saxtalaşar.

 

Jurnalistika deyəndə Azərbaycanda niyə məhz BDU yada düşür? Digər universitetlərdə keyfiyyətli jurnalistika keçilmir?

- Başqa universitetlərdə də Jurnalistika fakültəsi tədris edilir. 1946-cı ildən 1969-cu ilə qədər Bakı Dövlət Universitetində jurnalistika şöbəsi olub, 1969-cu ildən isə filologiya fakültəsindən ayrılaraq, ayrıca bir fakültə kimi fəaliyyət göstərib. Təsəvvür edin ki, Bakı Dövlət Universitetində jurnalistika kafedrası 1929-cu ildən bəri yaranıb. Hətta keçmiş SSRİ respublikaları arasında ən tez Jurnalistika fakültəsini və şöbəsini yaratmış universitetlərdən biri olmuşuq. Buna görə də Bakı Dövlət Universitetində Jurnalistika fakültəsi çox böyük təcrübəyə malik fakültələrdən biridir. Bu fakültədə Nurəddin Babayev, Şirməmməd Hüseynov, Famil Mehdi, Nüsrət Bağırov, Tofiq Rüstəmov kimi müəllimlərimiz fəaliyyət göstərib. Onların yaratdıqları məktəb bu gün də davam edir. Şirməmməd Hüseynovun, Nəsir İmanquliyevin yaratdığı təmizlik dünyası hazırda müəllimlərimiz tərəfindən davam etdirilir. Əgər bu cür müəllimlərimiz olubsa, istər praktik, istərsə də elmi jurnalistika mənasında davam etdirilirsə, BDU qalan universitetlərdən qabaqda olmağa layiqdir. Amma Hətta günümüzdə bir neçə universitetin jurnalistika fakültələrində çox maraqlı jurnalist kadrları yetişdirirlər.

 

Azərbaycan jurnalistika nəzəriyyəsində yazılan bütün qayda və predmetlər günümüzdəki yazılarda, xəbərlərdə, məqalələrdə, müsahibələrdə istifadə edilmir. Sizcə, mətbuatımızda müstəqillik formalaşıb?

- Azərbaycan Respublikasının Kütləvi informasiya haqqında qanunu biz müstəqilliyimizi əldə etdiyimiz il Azərbaycan Milli Məclisinin qəbul etdiyi birinci qanunu idi. 1995-ci ildə Ümummilli lider Heydər Əliyevin təklif elədiyi Azərbaycan Respublikasının Konstitusiyasında mətbuat azadlığı aparıcı maddələr sırasındadır. 1999-cu ildə yenidən Milli Məclisin birinci dəfə qəbul edilən qərar yenidən tərtib edildi. Təxminən iki ildir ki, Azərbaycan Respublikasının media agentliyi yeni bir qanun qəbul edib. Bu qanun bütün informasiya vasitələrinə aid olmaqla yanaşı, Azərbaycan jurnalistinə tam azadlıq verir. Bizim qanunlarımız çox yüksək səviyyədədir. Qanunlar digər Avropa qurumlarında bəyənilir və bundan sonra ölkəmizdə də tətbiq edirik. Bu gün Azərbaycanda söz və mətbuat azadlığı yüksək səviyyədə özünü göstərir. Ümumiyyətlə, telekanal yaratmaq heç də asan bir iş deyil. Bizdə təxminən 30-40 televiziya və radio informasiya vasitələri yaradılıb. Hətta bir çox informasiya agentlikləri, saytlar da fəaliyyət göstərir. İnternet sahəsində də azad söz sahibiyiq. Ümumiyyətlə, azadlıq nə istədiyini yazmaq deyil, insanın vicdan səsi də olmalıdır. 44 günlük Vətən müharibəsində jurnalistlərimiz müəyyən olunmuş bütün qaydalara riayət etdilər. Əgər bu qaydalara riayət edilməsəydi, biz informasiya müharibəsində, həm də Vətən müharibəsində qalib ola bilməzdik. Prezidentimiz İlham Əliyev 44 günlük müharibə ərzində xarici jurnalistlərə verdiyi müsahibələrdə Azərbaycanda söz azadlığının formalaşdığını çox ciddi və real faktlarla sübut etmiş oldu.

 

Son zamanlar sosial şəbəkələr trendə çevrilib. Qəzet, televiziya və digər ənənəvi media elementləri qüvvədən düşür. Sizcə, sosial medianın bugünkü üstünlüyü nədir?

- Ənənəvi media elementləri hələ qüvvədən tam şəkildə düşməyib. Təsəvvür edin ki, Azərbaycanda "525-ci", "Şərq", " Yeni Azərbaycan" və digər qəzetlər kimi mətbuat orqanları var. Onların səhifələrini izləyən insanlar informasiyanın bütün gerçəkliyi və dəqiqliyi ilə qəzetin səhifəsində əks olunduğunu müşahidə edə bilərlər. Televiziyalarımıza gəldikdə isə çox güclü televiziyamız ortaya çıxıb. Mir Şahinin rəhbərlik etdiyi "Real TV" birbaşa informasiya televiziyasıdır. Televiziya informasiyanı təhlil edərək çatdırmaq, ictimai rəyi ötürmək baxımdan önəmlidir. Telekanallarımız bunun üçün də müəyyən işlər həyata keçirirlər. Ancaq qəzet, jurnal kimi digər informasiya vasitələrini kölgədə qoymaq olmaz. İnternet, sosial şəbəkələr hələ tam şəkildə özünü doğrultmayıb. Sosial mediada öz prizmasından yanaşan, informasiyanı düzgün təhlil etməyən dırnaqarası jurnalistlər çoxdur. Bununla yanaşı, sosial şəbəkələr bizə dünyada, ölkəmizdə baş verən son informasiyaları çatdıra bilirlər. Son dövrlərdə Azərbaycanda yaranmış informasiya agentlikləri də çox böyük nailiyyətlər həyata keçirirlər. İyirmidən çox informasiya agentliyi mövcuddur. Onların hər birinin təqdim etdiyi informasiyalar məsuliyyətli, dəqiqliyi, həm ictimaiyyəti, həm də dövlət maraqlarını qoruyur.


Yazdığınız məqalələr arasında hansı məqalənizi daha çox bəyənirsiniz?

- Mənim yazılarımdan həmişə o qədər də xoşum gəlmir. Hər dəfə yazılarım dərc olunduqdan sonra fikirləşirəm ki, bunu başqa cür də yazmaq olardı. Məsələn, pandemiya dövründə yazıçı Anarın yaradıcılığı ilə bağlı "Yazılmamış romanın son nöqtəsi" adlı bir yazı dərc etmişdim. Həmin yazı oxucular tərəfindən çox bəyənilmişdi. Bu, mənim ürəkdən bəyəndiyim yazılardan bir idi. "Heydər Əliyevin demokratik mətbuat konsepsiyası" adlı bir yazım da var. O yazı da üzərində çox işlədiyim yazılardan biri idi. Heydər Əliyevə həsr elədiyim digər bir yazım da var ki, "Vətənə sevginin ölçüsüzlük ölçüsü" adlanır. Onun adından da görünür ki, Heydər Əliyevin vətən sevgisi hansı səviyyədə və necə idi, bundan bəhs etmişəm. Əgər vətənə sevgi məktəbi yaranmasaydı, 44 günlük Vətən müharibəsində gənclərimiz Şuşa dağlarını dəf etməyə çalışıb, vətən torpaqlarını xilas etməyə cəhd göstərməzdilər. Məhz o məktəbi Ümummilli lider Heydər Əliyev yaratmışdı.

 

Öz sahəsinin peşəkarı olmaq üçün hansı şərtlər lazımdır?

- Türkiyəli jurnalist nəzəriyyəçisi belə bir fikir qeyd etmişdi ki, "jurnalist olur mu, yoxsa doğulurmu?". Məsələn, Filologiya fakültəsində təhsil alan tələbələrin valideynləri müəllimlərə demirlər ki, mənim övladımı şair, yazıçı kimi yarat. Çünki şairlik, yazıçılıq insanlara Allah vergisi ilə verilir. Jurnalistika fakültəsində isə valideynlər bizə deyirlər ki, mənim övladımı peşəkar jurnalist kimi yetişdir. Bu, o deməkdir ki, jurnalistika olur. Onu sadəcə yetişdirmək lazımdır. Jurnalistika sənət dünyası deyil. Ədəbiyyat, incəsənət və digər sahələr sənət dünyasıdır, lakin jurnalistika isə peşədir. Jurnalistikanın özündə də elə peşəkar jurnalistlər var ki, onlar bu peşəni sənət səviyyəsinə qaldıra bilirlər. Məsələn, mənim üçün Mir Şahinin jurnalistikası, Rəşad Məcidin "525-ci" qəzeti sənət səviyyəsinə qədər yüksəlmiş jurnalistikadır. Bu mənada jurnalist əslində, olur və öyrədilir. Onu sənət səviyyəsinə qaldıran insanlar da var ki, onlara təşəkkür etməliyik.

 

Jurnalist olmaq istəyənlərə tövsiyəniz nədir?

- Onlara tövsiyəm odur ki, birinci növbədə hər kəsin özünün fərdi bir üslubu olmalıdır. Əgər o fərdi üslub orta məktəb dövründə yaranmırsa, onda jurnalist olmaq lazım deyil. Sonra onu öyrətmək çətin olur. Jurnalist olsan da, siravi jurnalist olursan. Gərək fəaliyyət göstərdiyin sahədə birinci olasan. Birinci o demək deyil ki, Azərbaycan jurnalistləri arasında birinci olmalısan. Oxucu səni hiss edə, ictimai maraqda, rəydə olmalı, maraq kəsb edən yazılar yaratmalısan. Bunun üçün orta məktəbdən formalaşmış bir istedadla gəlməlisən. Sənin öz üslubun artıq formalaşmış olmalıdır. Birinci mənada əgər fərdi üslubu yoxdursa, ayrı fakültədə oxusun. İkincisi, jurnalist olmaq istəyən insanın çox böyük bir bilgisi olmalıdır. Çünki oxucular, televiziya tamaşaçıları, saytın istifadəçiləri jurnalistdən hər şeyi bilməyi tələb edir. Məsələn, adi bir həkim ilə söhbət edəndə dərmanın adını səhv yazan jurnalist oxucular tərəfindən tənqid edilir. Ona görə də jurnalistin hər bir şeydən anlayışı olmalıdır. Fizikadan tutmuş ədəbiyyata qədər bütün bilgilərə sahib olmalıdır. Jurnalist təkcə dərslərdən aldığı nəzəri biliklər ilə kifayətlənməməlidir. Jurnalist birinci kursdan başlayaraq, praktikada da özünü göstərməlidir. Hər gün yaradıcılıq cəhətindən materiallar ortalığa qoymalıdır. Təkcə universitetdə deyil, özünün şəxsi fəaliyyəti, marağı ilə də mükəmməl jurnalist olmaq mümkündür. Əgər həqiqətən mükəmməl olmursansa, oxucu sənin yazını oxuyub müsbət rəy bildirmirsə, ondan jurnalist ola bilməz.

 

Fatimə Mustafayeva

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər