"Hər şeydən qənaət edib, “Amazon”da pay almışdım"- Türkiyədə oxumuş azərbaycanlı tələbə
Özünüzü qısaca təqdim edin.
Aygül Əsgərova. Türkiyədə deyildiyi kimi danışman hanım.
Magistratura təhsili üçün niyə məhz Türkiyəni səçdiniz?
Sadəcə, Türkiyə deyil, o zaman bir neçə ölkədə magistiratura təhsili almağa cəhd etmişdim. İngiltərədən başlamışdı yolçuluq. Amma səmimi deyim ki, əsas məqsədim heç vaxt magistratura oxumaq olmayıb. Çünki mən bacarıqlı insanların universitet təhsilinə ehtiyac duymadığına inanıram. Universitet təhsili, sadəcə, dünyagörüşü və “network” (şəbəkə) mövzusunda insana kömək olur.
Azərbaycan və Türkiyə təhsilinin fərqini nələrdə gördünüz?
Türkiyədə istər təhsil, istərsə də iş həyatında hər mənada Azərbaycanla müqayisədə ciddi intizam var. Nə qədər istedadlı insan olursan ol, nizam-intizam və davamlılıq olmadığı müddətcə gözəl nəticələr əldə etmək mümkün deyil.
Özünüzü inkişaf etdirmək üçün nələr etmisiniz və nələr edirsiniz?
Əvvəlcə özümdə olan çatışmazlıqlar üzərində işləmişəm. Bu, hər mövzuya aiddir, yəni şəxsi həyat, maliyyə bacarıqları və s. Çünki bizim ölkədə təhsil baxımından, eyni zamanda Azərbaycandan gələn gənclərin, demək olar ki, hamısının təhsil və dil bilgisi baxımından ciddi problemləri olmasa da, şəxsi keyfiyyətlərində, davamlılıq və nizam-intizamlarında çatışmazlıqlar olur. İnkişaf etmiş ölkələrdə həyat qurarkən ilk bu keyfiyyətlərə adaptasiya olmalısan.
Bir gənc olaraq ölkə kənarında iş qurmağın hansı çətinlikləri var?
Əvvəlcə, bir insanın yaşadığı, alışdığı mühitdən başqa mühitdə həyat qurmasının ilk addımından çətinliklər başlayır. Daha sonra da təkbaşına iş həyatına atılmaq və s. Amma bütün bunlar sizi hədəflərinizə doğru daha sürətli aparır. Çünki siz artıq bir dəfə beyin komfortunun yıxmış olduğu mühitdən çıxmış bir inqilabçıya çevrilirsiniz. Bir inqilabçının da ilk qalib gəldiyi şey qorxusu olur. Beləliklə, mənəvi, maddi cəhətdən heç bir çətinlikdən qorxmursunuz.
Aldığınız Jurnalistika təhsilininin indiki uğurlarınızda rolu nədir?
Jurnalistika bizim vaxtımızda sovet dərsliklərindən oxuduğumuz şey deyil. Jurnalistika bütün peşələrdən çox fərqli bir yerdə duran bir peşədir. Orada təhsil alan insanlar da hər kəsdən daha fərqli yetişdirilməlidirlər. Mənim karyerama jurnalistakının qatdığı cəsarət, düşüncə çevikliyi, gözüqaralıq var. Hesab edirəm ki, o fakültədə oxuyan tələbələrin şansı orada təhsil verən müəllimlərdir. Onların hər biri ayrıca məktəbdir.
İştirak etdiyiniz bəynəlxalq layihələr sizə nələr verdi?
İlk olaraq, ingilis dilində səlis danışmaq bacarığı qazandım. Daha sonra ciddi dünyagörüşü qazandım. Zamanında bizim əcnəbi ölkələrdəki tələbələrdən geyim rahatlığını, bədən dilini belə öyrənməyimiz lazım idi. Çünki biz bu keyfiyyətlərlə böyüdülmürdük. Ciddi kompleksləri olan insanların ölkəsində gənc olmaqla Avropada gənc olmaq çox fərqlidir. Biz oyuna 1:0 geridə başlayırıq.
Ölkə kənarında təhsil almaq istəyən gənclərə nə məsləhət görürsünüz, nələrə diqqət etməlidirlər?
“Mən təkbaşına həyat quracağam, öz ayaqlarımın üstündə duracağam” deyən insanın hər şeydən əvvəl özündə iki xüsusiyyəti möhkəmləndirməsi lazımdır. Birincisi, maliyyə qabiliyyətlərini, ikincisi isə psixologiyanı. Biz tələbə vaxtlarında qarşımıza qoyduğumuz hədəflər üçün lazım gələndə bir il yeni geyim almırdıq. Hər şeydən qənaət edib, “Amazon”da pay almışdım. Şirkətimi qurduğum vaxt aldığım pay o qədər yüksəlmişdi ki, mənim şirkət qurmaq üçün özümdən başqa kimsəyə güvənməyə ehtiyacım qalmamışdı. Bu, sadəcə, bir örnəkdir. İnsan hər zaman maliyyə baxımından tədbirlər görərək özünü gənc ikən yeniləməlidir. Maddiyyatla paralel olaraq mənəvi dünyasını da zənginləşdirməlidir. Təəssüf ki, ölkə xaricində yaşamağın insana verdiyi üstünlüklərlə bərabər, yanında gətirdiyi əskiklər də var. Məsələn, ən önəmlisi odur ki, tənhalaşırsan. İllərdir qurduğun dostluqları və çevrəni tərk edib bir yola çıxırsan. O yolu qurarkən qazandığın yeni dostluqlar, əsasən, iş həyatından olur və mənəvi həyatında mütləq boşluqlar yaranır. Bu zamanlarda insana dəstəyə yetişən ona öyrədilən dəyərlərin gücü və daxilindəki özgüvən olur.
Elə bir sual qaldı ki biz vərmədik, amma siz vurğulamaq istəyirsiniz?
Əgər bu gun bu yazını oxuyub, yoluna yeni başlayan bir qadın varsa, qorxmasın, xahiş edirəm. Güclü olsun. Gerçəkdən qadın olmaq bizim ölkələrdə öyrədilən şeylər deyil. Sırf cinsi ayrılıqdan dolayı standart həyatı yaşamağa məcbur deyilik. Mütləq əvvəl öz həyatlarını qurub, ayaqları üzərində duran güclü qadına çevrilib, sonra ailə həyatı qurmağa meyil etsinlər. Çünki Qafqaz ölkələrindəki qadına dəyər kimi öyrədilən şeylər əslində dəyərsizlikdir. Öz gücü olan və öz ayaqları üzərində duran qadın həç nəyə, sevgisizliyə, hörmətsizliyə, daşlaşmış dəyərlərə boyun əyməyə məcbur deyil və heç kim onu buna məcbur edə bilməz.
Sayad Qoşnalıyeva
