Humanitar sahəni bitirib, texniki sahə ilə davam edənlərin sayı çoxalıb
Bir çox bakalavr ixtisasını təkmilləşdirmək deyil, məhz dəyişmək üçün magistratura pilləsinə üz tutur. Və nəticə? 4 il çəkilən zəhmət itir. Təhsilini konkret bir ixtisas üzrə davam etdirib özünü sahəsi üzrə peşəkarlaşdıranların sayının azlığı bir çox müxtəlif sahələrdə mütəxəssis çatışmazlığı da yarada bilir.
Nərmin Kərimova bakalavr təhsilini tarix fakültəsi üzrə alıb. Amma magistraturaya qəbulda fikri dəyişib. O, MBA proqramı üzrə Layihələrin idarə olunması ixtisasını seçib. Deyir ki, aktiv tələbə həyatı keçirib. Müxtəlif gənclər təşkilatında, eləcə də müxtəlif qurumlarda könüllülük fəaliyyəti olub. “Bununla əlaqədar olaraq düşündüm ki, tədqiqatçı kimi deyil, daha çox layihələrin idarə olunması üzrə çalışmalı, təhsil almalıyam. Bu istiqamətdə də təlimlərə qoşuldum, daha sonra isə qərara gəldim ki, bu layihələrin idarə edilməsi üzrə magistr təhsili alım. Magistrda aldığım təhsil, qazandığım biliklər mənim işmdə inkişaf etməyimə səbəb oldu”.
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, bəzən bakalavr texniki bir sahəni bitirib, magistratura pilləsində humanitar yönümlü ixtisaslarda təhsil alır. Bu, artıq özlüyündə gələcəkdə bitirdiyi bakalavr pilləsi üzrə texniki sahənin davam etməməsidir. Elçin Əfəndi deyir ki, bu da biz elmlə məşğul olanların bir növ qarşısını alır: “Ən azından əvvəlki qaydada öz ixtisası və parallel olaraq 56-cı proqramın seçilməsi daha məqsədəuyğundur”.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov isə deyir ki, ali təhsil müəssisələri bu məsələyə həssas yanaşmalıdır. Gənclərin niyə belə addım atmalarının səbəbləri araşdırılmalıdır. “Dörd ildə nə baş verdi ki, bakalavrı bitirdikdən sonra ixtisası dəyişirlər? Bizim müxtəlif sahələr üzrə savadlı kadrlara, mütəxəssislərə ehtiyacımız var. Belə hallar prosesə təsirini göstərir”.
Qeyd edək ki, təkcə bu il magistr adını qazanan 11 min nəfərin 3 mini fərqli ixtisas seçib. Proses davam etdiyindən bu sayın 5 mini ötəcəyi proqnozlaşdırılır.
Aidə
