Həyatımın Ağ Şəhər kimi olmasını istəyirəm... Aydan Qasımova yazır
Üzümdə hər gülümsəmə yarananda insanların baxışlarına diqqət edirəm. Böyük ehtimalla, xoşbəxt olduğumu düşünürlər ya da, ola bilsin, böyük bir qismi də, "Bunda nəsə çatmır, deyəsən, durduq yerə gülür" deyə düşünür.
Doğrusu, çox zaman insanların düşüncələri haqda düşünmürəm, lakin bəzən elə təsir edir ki, həyatıma, ruhuma özüm də təəccüblənirəm. "Bəlkə, mən də birilərinə bilmədən pis təəssürat bağışlamışam" düşüncəsiylə vicdan əzabı çəkirəm..
İnformasiya ötürülməsi üst paleolitdən bəri insanoğlunun sosiallaşmasına kömək edirdi ki, homo sapiens də öz ətrafı ilə belə münasibət qururdu. O zamanlar dost qavramı var idimi? Əmin deyiləm. Amma qırıq-qırıq səslər, bəlli ki, bir yerə qədər onlara yetirdi. İndi isə insanların çoxuna bir ömür belə xərcləsən anlamazlar, Hacı Zeynalabdin Tağıyevin dəyərinin bilinmədiyi kimi..
O hadisəni təxmini belə xatırlayıram. Zeynalabdin Tağıyev kasıb bir insana kömək edir və həmin şəxs ət dükanı açır. Lakin Zeynalabdin bir gün yatağa düşür və həmin ət dükanından ət alınmasını yaxınına tapşırır. Lakin Zeynalabdinin yardım etdiyi şəxs əti sata bilməyəcəyini deyir və Tağıyev bunu öyrəndiyində sarsılır...
Maraqlıdır... Görəsən, onu da gülümsədiyi üçün xoşbəxt sanırdılarmı, qəlbindəki xalqının gələcəyinə dair əndişəli və əzablı fikirlər dolaşarkən? Balıqsatan ona bir ət parçasını çox görəndə sonradan nə etdiyinin nəyə səbəb olduğunu anlayıb Tağıyevin ruhundan bağışlanmağı diləmişdimi, görəsən?
Kimin xoşbəxt olub olmadığını dəqiq deyə bilmirəm, onsuz mən də xoşbəxtəmmi, yoxsa üzgün, heç özüm də bilmirəm. Bir aralar mən də çoxları kimi bürcümə yozurdum hər şeyi: qərarsız olduğum üçün necə olduğumu bilmirəm deyə, sonra anladım ki, xoşbəxtlik mövzusunda insanların əksəriyyəti, hətta bəlkə tamamı əkizlər bürcüdür...
Həyatımın Bakı Ağ Şəhər kimi olmasını istəyirəm, doğrusu. Öncə qapqara, qara buludlarla əhatəli, sonrasında aydınlıq, bəyaz ya da mavi göy üzü dolu..
Bacımın da dediyi kimi: "İndi xoşbəxt deyilsən, çünki modern zamanda xoşbəxt olmaq üçün daha çox pul lazımdır, amma olacaqsan".
Xoşbəxtlik qavramı, təbii ki, insandan insana dəyişir, məsələn: Keçmiş Aydan indiki Aydana baxsa, "Necə də xoşbəxtdir!" deyəcəyindən adım kimi əminəm. İndi isə mənim üçün xoşbəxtlik qavramı dəyişib və yalnız küçədəki pişiyi yemləmək üçün heç nəyi dərd etmədən pişik yemi aldığım zaman, ən azından xoşbəxt olduğumu anlayacağam.
Növbəti xoşbəxtlik hədəfimə çatdığımda, mənə də maraqlıdır, görəsən, nə istəyəcəm?
Nə qədər ümid etsəm də, qorxuram xoşbəxt ola bilməyim. Bəxt üzüyündə Moşu Göyəzənli "Xoşbəxtlik" şeirini yazmaq istəsə belə yaza bilmədiyində Hüseynin monoloqunda dediyi kimi: "Moşu da gic-gic şeirlər yazsın.. Xoşbəxtlik, səadət-ömrü boyu xoşbəxtliyə qafiyə axtarıb. Moşu, tapa bilməzsən. Mənim böyüdüyüm yeri söküb "Səadət sarayı" tikiblər..".
Bu yazını da Tolstoyun "Həyatın anlamı" kitabından bir alıntı ilə sonlandırmaq istəyirəm.
Bir gün çox zəngin bir adam oğlunu yanına alaraq insanların nə qədər kasıb ola biləcəyini göstərmək üçün bir kəndə aparır. Çox kasıb bir ailənin evində bir gün bir gecə keçirirlər. Şəhərə qayıtdıqlarında ata oğlundan soruşur:
-Səyahətimiz necə idi?
-Çox gözəl idi, atacan, - deyə cavab verdi oğul.
-İnsanların nə qədər kasıb ola biləcəyini gördün, elə deyilmi?
-Bəli.
-Bəs nə öyrəndin?
-Bunu gördüm-deyir oğul-Bizim evdə bir itimiz var, onların isə dörd iti var. Bizim evdə bağçanın yarısına gələn bir hovuzumuz var, onların kilometrlər uzunluğunda dərələri var. Bizim bağçada lampalarımız, onların ulduzları var. Bizim terrasımız ön bağçaya qədər, onlarınkı isə üfüqə qədər uzanır.
Balaca oğlan danışarkən atası təəccübündən tək bir söz belə deyə bilmir. Və uşaq əlavə edir:
-Nə qədər kasıb olduğumuzu göstərdiyiniz üçün təşəkkür edirəm, atacan!
Yazını yazarkən dinlədiyim musiqilər:
Daddy İssues -The Neighbourhood
İ miss u, i'm sorry - Gracie Abrams
Car's Outside - James Arthur
Memories - Conan Gray
Lights R On - Tom Rosenthal
Heather - Conan Gray
Aydan Qasımova
