İƏT-in 57 illik missiyası: İslam dünyasını birləşdirən nədir?
Mərakeş Krallığının Rabat şəhərində hicri-qəməri təqvimi ilə 1389-cu il Rəcəb ayının 12-də (25 sentyabr 1969-cu il) “İslam Konfransı Təşkilatı” adı ilə fəaliyyətə başlayan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) yaradılmasından 57 il ötür.
Hər bir müsəlman üçün mühüm əhəmiyyət kəsb edən bu ildönümü mənim bir neçə həftə əvvəl İslam Əməkdaşlıq Təşkilatının baş katibi vəzifəsinin icrasına başlamağımla üst-üstə düşür. Bu, mənə göstərilən böyük etimadın rəmzi olmaqla yanaşı, İslam ümmətinin ümid bəslədiyi Təşkilatın missiyasını və məsuliyyətini yerinə yetirmək əzmimi daha da artırır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əziz Əlibəyli bildirib ki, müasir dövrün təhdidləri İslam ölkələri üçün digər regionlarla müqayisədə daha kəskin xarakter daşıyır:
“Hər halda, İslam Əməkdaşlıq Təşkilatı sözün əsl mənasında əməkdaşlığa ehtiyac duyulan bir platformadır. Çünki İslam ölkələrinin qarşılaşdığı müasir dövrün təhdidləri digər regionlarla müqayisədə daha kəskindir. Bu baxımdan, Təşkilatın fəaliyyəti təbii zərurətdən irəli gəlir. Digər tərəfdən, belə platformalarda vaxtaşırı çıxışlar edilməli, mövcud problemlər müzakirə olunmalıdır. Lakin İslam ölkələrinin ən böyük problemlərindən biri təsir gücünün zəifliyi və dini parçalanmadır”.
Həmçinin politoloq vurğulayıb ki, İslam dünyasının mədəni müxtəlifliyini və dəyərlərini qorumaq üçün hökumətlər daha fəal mövqe nümayiş etdirməlidirlər.
“Ölkələr bir-birinə qarşı mübarizə aparmaq əvəzinə, əməkdaşlığa üstünlük verməlidirlər. Lakin bu məsələdə səmimiyyət müşahidə olunmur. Bu baxımdan, növbəti görüşün də mənasız, məzmunsuz və ruhsuz keçəcəyi qənaətindəyəm. Əslində, İslam dünyasının mədəniyyətini və özünəməxsusluğunu qorumaq üçün hökumətlər səmərəli fəaliyyət göstərməli, təşəbbüskar olmalıdırlar. Ən azı, Azərbaycan xarici siyasətinin təcrübəsindən yararlanmalı, qarşılıqlı əməkdaşlığa və əlverişli investisiya mühitinin yaradılmasına üstünlük verməlidirlər. Eyni zamanda, İslamın ən gözəl dəyərlərini dünyaya çatdırmalıdırlar”.
Bununla yanaşı, Əziz Əlibəyli İslam dünyasında fəaliyyətləri təqdirəlayiq olan və təcrübələri öyrənilməli ölkələrin də mövcud olduğunu qeyd edib.
“Biz münasibətlərin davamlı şəkildə pisləşdiyi bir dünyada İslam ölkələri arasındakı əlaqələrin də inkişaf edən deyil, geriləyən xətt üzrə dəyişdiyini görürük. Halbuki İslam dünyasında fəaliyyəti təqdir edilməli, təcrübəsi öyrənilməli ölkələr var. Azərbaycan da bu baxımdan nümunə ola bilər. Faydalı əməkdaşlığın əsası məhz bu cür təcrübələrdən yararlanmaqla qoyula bilər. Ancaq bunun nə dərəcədə mümkün olduğu sual doğurur. Əlbəttə, bu cür təşəbbüslərin həyata keçirilməsi çətin olduğuna görə görüşlərə və konfranslara ehtiyac var. Lakin əsas problem onların real nəticə verməməsidir”.
Ayşə Cəfərova