İctimai yerlərdəki “wi-fi”lar: rahatliq yoxsa təhlükə?
Bir çoxumuzun restoranlarda, avtobuslarda və digər ictimai yerlərdə maraqlandığımız ilk nüans məkanda “Wi-Fi” şəbəkəsinin olub-olmamasıdır. İnternetə pulsuz giriş nöqtələri müxtəlif satış mağazalarında, kafelərdə və s. mövcuddur. Amma onların təhlükəsizliyinə təminat verə bilmərik. Bu məqalədə “Burada Wi-Fi var?” sualının yarada biləcəyi təhlükələri araşdırmışıq.
İnternetə pulsuz giriş nöqtələri parklar, restoranlar, avtobuslar kimi müxtəlif ictimai yerlərdə mövcuddur. Çox vaxt, xüsusilə mobil internetimiz olmayanda bu yerlərdə rahatlıqla internet şəbəkəsinə qoşulur, ondan istifadə edirik. Amma bu rahatlıq bizə baha başa gələ bilər.
İctimai yerlərdəki “Wi-Fi”dan istifadə etməklə pulsuz olaraq internetə bağlanmaq asan və rahat olsa da, yarana biləcək təhlükələri unuduruq. Diqqət yetirsək görərik ki, həmin şəbəkələr bağlanmaq üçün bizdən mobil nömrəmizi və bəzi şəxsi məlumatlarımızı təqdim etməyimizi istəyir. Rahatlıqla verdiyimiz bu məlumatlar sonradan marketinq və kommersiya fəaliyyətləri üçün istifadə edilə bilər.
İKT üzrə mütəxəssis Orxan Baxışılı deyir ki, ictimai yerlərdəki “Wi-Fi”dan istifadə edərkən çox diqqətli olmaq lazımdır: ”Çünki telefonunuz kiberhücuma məruz qala bilər. Bunu telefonunuza müxtəlif nömrələrdən gələn zənglər, mesajlar vasitəsilə anlaya bilərsiniz. Ona görə çalışın, bu cür “Wi-Fi”dan istifadə edərkən bank məlumatlarınızı, şəxsi məlumatlarınız olan proqramları deaktiv edin”.
Bəzən evimizdəki internet şəbəkələrinə də müdaxilələrin olduğunu hiss edirik. İnternetə giriş çətinləşir, sürət azalır. Belə olduğu halda, “wi-fi”larımızı necə qoruyaq?
Ekspert qeyd edir ki, evdəki “Wi-Fi”ni qorumaq üçün onu quraşdırarkən tətbiq etdiyiniz parola diqqət yetirməlisiniz. Güclü şifrəni qoyulması başlıca şərtlərdəndir. Bundan əlavə müxtəlif proqramlar yükləyərək onun təhlükəsizliyini təmin edə bilərsiniz.
Son olaraq ekspert ictimai yerlərdə mobil internetdən istifadə etməyi tövsiyə edir. Evlərdə isə “Wi-Fi” şəbəkəsini “gizli”, yəni axtarışda görünməyə rejimə salmağı məsləhət görür. Bütün bunlar “WiFi”dan rahat, təhlükəsiz istifadənizi təmin edəcək.
