İdeya sizdən, icra texnologiyadan: Teleradio Akademiyasında Sİ sədaları
"Bu gün hər bir kəs müəyyən dərəcədə "prompt" mühəndisliyini mənimsəməlidir. Tapşırığı (promptu) düzgün formalaşdırsanız, süni intellektin köməyi ilə jurnalist kimi hər bir sahədə sonsuz imkanlar qazana bilərsiniz".
"İnformator.az" xəbər verir ki, bu fikirlər Teleradio Akademiyasında keçirilən görüşdə səsləndirildi. Müəllif isə ADMİU-nun müəllimi, AzTV-nin aparıcı mühəndisi və montaj rejissoru Ayaz Əliyevdir.
Görüş zamanı qeyd olundu ki, süni intellekt (Sİ) artıq jurnalistika, televiziya və audiovizual istehsalatda əvəzedilməz köməkçi vasitəyə çevrilib. Ekspertin sözlərinə görə, düzgün tərtib edilmiş əmrlər kontent istehsalını həm sürətləndirir, həm də daha kreativ müstəviyə daşıyır.
Ayaz Əliyev xüsusi bir məqamı - ideya müəllifliyi məsələsini vurğuladı:
“Süni intellektlə yaradılan musiqi və videolarda əsas lokomotiv insandır. İdeyanı siz verirsiniz, texnologiya isə sadəcə icraçıdır”.
Təlimin ən maraqlı hissələrindən biri "Suno AI" platforması vasitəsilə real vaxt rejimində vətənpərvərlik mövzusunda mahnının hazırlanması oldu. Nümayiş zamanı Sİ-nin müxtəlif musiqi janrlarını sintez edərək tamamilə yeni üslublar yaratmaq bacarığı iştirakçıların diqqətinə çatdırıldı.
Görüşdə həmçinin müasir medianın əsas alətləri olan ChatGPT, Gemini, Grok və Alice kimi platformaların fərqli imkanları müqayisəli şəkildə təhlil edildi. Ayaz Əliyev bildirdi ki, süni intellekt yüksək dəqiqliklə çalışan və yaradıcı şəxslər üçün yeni üfüqlər açan güclü bir alətdir.
Sonda vurğulandı ki, süni intellekt media sahəsində "operativ köməkçi" rolunu gücləndirməklə jurnalistlərin iş yükünü azaldır və onlara daha geniş yaradıcılıq imkanları təqdim edir.
Elsa Abdullayeva