İdmançıların motivasiya və uğur yolu
İdman yalnız fiziki güc deyil, həm də iradə, səbr və inam tələb edən bir həyat tərzidir. Hər bir idmançının uğur hekayəsi arxasında ağır məşqlər, çətinliklər və motivasiya mənbələri dayanır. Bu hekayələr gənclərə nümunə olur və idmanda da, həyatda da qələbənin əzmkarlıqla əldə edildiyini göstərir.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında peşəkar kikboksçu Mehman Umudov bildirib ki,ümumiyyətlə uğur anlayışı idmançıdan asılıdır:
“İdmanda komanda ilə təşkil edilən oyunlarda uğur əldə etmək komandanın bir komanda ruhunda olmasından asılıdırsa, fərdi idman növlərində də hər bir idmançı disiplinli və məqsədli olmalıdır. Disiplin və məqsəd vəhdət halında olmalıdır. Əgər idmançı disiplinsizdirsə, qarşısında konkret məqsədi yoxdursa, uğura çatmaq çətin olur və yaxud məqsəd var amma davamlılığı yoxdursa, bu zaman uğur o qədər də asan başa gəlmir. İdmançı olmaq istəyən gənclər bu iki nüansı daim xatırlamalı və bunu öz həyat prinsiplərinə çevirməlidirlər”.
Həmçinin müsahibimiz bildirib ki, uğura gedən heç bir yol təsadüfi olmur:
“Uğurun tək şərti səbrli və təmkinli olmaq, istəklərini aydın şəkildə dərk etmək, uğur üçün qarşısına çıxacaq heç bir çətinlikdən qorxmamaq, əzmli və məqsədli şəkildə çalışmaq lazımdır. Qarşılaşacaqları hər hansı bir fiziki çətinlik, yorğunluq onlar üçün maneə yaratmamalıdır. Uğurlu olmaq istəyən gənclər qarşılarına qoyduqları hədəfləri aydın dərk etməlidi. Bu yol ağrılı və məşəqqətli olsa da, sonda gələn qələbə sevinci bu yorğunluğun hədər getmədiyinin ən gözəl müjdəçisidir”.
Banuçiçək Məmmədova
