İki federasiya arasında əməkdaşlıq
Azərbaycan Üzgüçülük Federasiyası ilə Azərbaycan Triatlon Federasiyası arasında əməkdaşlıq haqqında Memorandumun imzalanması ölkədə su idman növlərinin inkişafı istiqamətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Bu sənəd birgə yarışların təşkili, istedadlı gənclərin aşkar olunaraq üzgüçülük və triatlona cəlb edilməsi, həmçinin sağlam və əlçatan idman mühitinin formalaşdırılması baxımından mühüm imkanlar yaradır.
Mövzu ilə bağlı Azərbaycan Triatlon Federasiyasının baş katibi Seymur Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, üzgüçülük triatlonun əsas mərhələlərindən biri olduğu üçün federasiyalar arasında koordinasiyalı fəaliyyət idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə və daha sistemli məşq prosesinin qurulmasına şərait yaradacaq:
"Birgə yarışların təşkili, təlim proqramlarının həyata keçirilməsi və mütəxəssis mübadiləsi triatlon üzrə idman bazasının genişlənməsinə və nəticələrin yaxşılaşmasına töhfə verəcək. Gənclərin triatlona marağının artırılması məqsədilə maarifləndirici və kütləvi idman layihələrinin həyata keçirilməsi planlaşdırılır. Bu istiqamətdə məktəblərdə və idman mərkəzlərində təqdimatlar, açıq məşqlər, uşaq və yeniyetmələr üçün xüsusi yarışlar və inkişaf proqramlarının təşkili nəzərdə tutulur. Eyni zamanda, gənc idmançıların erkən mərhələdə aşkar olunması və onların peşəkar inkişafına dəstək verilməsi əsas prioritetlərdən biridir. Bu əməkdaşlığın triatlona yeni idmançıların cəlb olunması prosesini sürətləndirəcəyi gözlənilir. Üzgüçülük bazasında formalaşan idmançıların triatlona inteqrasiyası üçün daha geniş imkanlar yaranacaq. Bu isə idmançı seçiminin genişlənməsinə, rəqabət mühitinin güclənməsinə və triatlonun kütləviliyinin artmasına müsbət təsir göstərəcək".
Məsələ ilə bağlı "İnformator.az"a açıqlamasında Azərbaycan Üzgüçülük Federasiyasının idman şöbəsinin meneceri Mehdi Məmmədov qeyd edib ki, Azərbaycan Üzgüçülük Federasiyası ilə Triatlon Federasiyası arasında imzalanan əməkdaşlıq memorandumu hər iki qurumun inkişafına mühüm təkan verəcək:
"Üzgüçülüyün hər iki federasiyanın fəaliyyətində əsas istiqamətlərdən biri olması bu tərəfdaşlığın effektivliyini daha da artıracaq. Qarşılıqlı əməkdaşlıq çərçivəsində federasiyalar arasında koordinasiyalı fəaliyyətin qurulması, idmançıların hazırlıq səviyyəsinin yüksəldilməsinə və daha sistemli iş prosesinin formalaşmasına imkan verəcək. Federasiyaların birgə fəaliyyəti nəticəsində, açıq suda üzmə yarışlarının daha çox təşkili, eləcə də təlim proqramlarının həyata keçirilməsi su idman növləri ilə məşğul olan idmançı bazasının genişlənməsinə öz töhfəsini verəcək. Bu cür təşəbbüslər idman növlərinin daha geniş auditoriyaya tanıdılmasına, yeni idmançıların cəlb olunmasına və sağlam rəqabət mühitinin formalaşmasına səbəb olacaq. Hər iki federasiya arasında birgə təşkilatçılıq əlavə təbliğat imkanları yaradaraq hər iki qurum üçün müsbət nəticələrə yol açacaq. Əməkdaşlıq çərçivəsində görüləcək işlər yeni idmançıların cəlb olunması prosesini sürətləndirəcək, su idman növləri üzrə idmançı seçiminin genişlənməsinə və rəqabət mühitinin güclənməsinə təkan verəcək".
Zəhra Möhübbətova
